Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (FTX) rəhbəri Sergey Narışkin deyib ki, Qərb erməni və azərbaycanlı millətçilərini Qarabağdakı atəşkəs razılaşmasını gözdən salmağa və pozmağa təhrik edir:
“Bizdə olan məlumata görə, bəzi Qərb ölkələri mövcud kanallar vasitəsilə erməni və azərbaycanlı millətçilərini atəşkəs müqaviləsini gözdən salmağa və pozmağa təhrik edirlər. Erməniləri Dağlıq Qarabağdakı sülhün İrəvan üçün məğlubiyyət olduğuna inandırmağa çalışırlar. "Acı sona qədər müharibənin" zəruriliyi fikri ortaya atılır. Digər tərəfdən, azərbaycanlılara Kremlin Azərbaycan ordusunun Xankəndini götürməsinin bir addımlığında “qələbələrini oğurladığı” deyilir.
FTX rəhbəri ABŞ və müttəfiqlərinin Qarabağdakı hərbi əməliyyatların Moskvanın vasitəçiliyi ilə dayandırılmasına görə əsəbiləşdiyini söyləyib. Narışkinin fikrincə, bu cür hərəkətlər ABŞ-ın və onun avropalı dostlarının, həmişə olduğu kimi, problemlərini bu dəfə də sadə insanların - azərbaycanlıların və ermənilərin maraqları hesabına həll etdiklərinə sübutdur: "Amerikalılar və avropalılar təxribatlarının yeni qan tökülməsindən və bölgəni ciddi bir hərbi qarşıdurmaya qərq edə biləcəyindən narahat deyillər".
Rusiya kəşfiyyatının açıqladığı bu məqamı nə dərəcədə əsaslı saymaq olar?
“Qərb ölkələrindən ən böyüyü olan Fransa bu istiqamətdə ciddi iş aparır”
Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Narışkinin dediklərində həqiqət var: “Qərb ölkələrindən ən böyüyü olan Fransa bu istiqamətdə ciddi iş aparır. Daha doğrusu, pozuculuqla məşğul olur. Erməniləri tovlayan, onları qana sürükləyən ölkələrin başında durur. Biz cəbhədə irəliləyən kimi, əvvəl Paris meriyası Dağlıq Qarabağın “müstəqilliyini” tanımaqla bağlı məsələni müzakirəyə çıxardı. Baxmayaraq ki, onların belə bir səlahiyyəti yoxdur. Sonra bəyan etdilər ki, güya Senatda da bu məsələnin baxılması planlaşdırılır. Çox maraqlıdır ki, Fransa bu addımları həmsədr ölkə ola-ola edir. Bu ölkəyə BMT mandat verib ki, münaqişəni nizama salsın. Onların bu qədər yaxa çırması, iki xalqı bir-birilə vuruşdurmaq cəhdi çox maraqlı görünür. ABŞ-ın özündə də belə tendensiya müşahidə olunur. Əsasən də, dövlət katibi Pompeo bu istiqamətdə Makronla həmrəylik nümayiş etdirir. Ancaq başa düşəlməyən digər məsələ Rusiya XİN rəhbəri Lavrovun addımları ilə bağlıdır. Onun ABŞ və Fransadan olan həmsədrləri toplayıb onlarla məşvərət keçirməsinin özü də prosesə xeyir vermir. Çox maraqlıdır ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsilə bağlı BMT-də qətnaməyə səs verən ölkələr indi bizim bunu reallaşdırmağımızdan narahatlıq keçirir. Bunların hərəkətlərində xeyili etiraz doğuran və beynəlxalq hüquq normalarına zidd olan addımlar var. Bütün bunlar aranı qarışdırmağa yönəlib. Bu səbəbdən də, Azərbaycan Fransanın Minsk Qrupundakı həmsədrliyinə etiraz etməlidir. Biz görürük ki, artıq belə bir quruma heç ehtiyac da qalmayıb. Bundan sonra onların nə iş görəcəyini söyləmək çox çətindir”.
Politoloqun sözlərinə görə, bu səylər əldə olunan razılaşmanı pozmaq gücündə deyil: “Azərbaycan öz ərazilərini işğaldan azad edib. İşğalçını açıq müdafiə etmək nə vaxtdan beynəlxalq hüququn normalarına uyğun olub? BMT nizamnaməsinin 51-ci maddəsində də göstərilir ki, bir xalqın özünün və ya kiminləsə birlikdə özünü müdafiə etmək hüququ var. Biz bu hüququmuzdan istifadə etmişik”.
Ekspertin sözlərinə görə, bu cür çağırışların təsirinə hər iki tərəfdən düşənlər olsa da, bu onlar üçün heç bir yaxşı perspektiv vəd etmir.
Məhəmmədəli QƏRİBLİ