Məlum olduğu kimi, Azərbaycanın apardığı 44 günlük uğurlu hərbi əməliyyatlardan sonra Ermənistan təslim olmağa qərar verdi. Şanlı ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Düşmənə çox güclü zərbələr endirildi. Bütün bunlardan sonra qarşı tərəf silahlı qüvvələrini Qarabağdan çıxarmağa razılıq verdi. Müzəffər Azərbaycan Ordusunun gücü qarşı tərəfi buna məcbur etdi.
Xəbər verildiyi kimi, Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri Dağlıq Qarabağla bağlı birgə sənəd imzalayıblar. Üç ölkə başçısının imzaladığı sənəddə deyilir:
- Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
Azərbaycan qalib dövlət oldu
Göründüyü kimi, İkinci Qarabağ savaşından Azərbaycan qalib dövlət kimi ayrıldı. Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Heç şübhəsiz ki, Azərbaycan hərbi həll yoluna əl atmasaydı, işğalçı tərəf yuxarıdakı şərtləri qəbul etməzdi. Azərbaycan Ordusunun parlaq qələbələri qarşı tərəfi buna məcbur etdi.
Biz sübut etdik ki hərbi həlli var
Sözügedən məsələ ilə bağlı Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdi ki, Azərbaycan münaqişəni hərb yolu ilə həll etməyin mümkün olduğunu sübut etdi: “Mən bu müharibə başlayandan sonra demişdim ki, bir çoxları, demək olar, bu məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı, yoxdursa, onda bunu sülh yolu ilə həll edin. Sizin əlinizdə bu imkanlar var. Siz böyük dövlətlərsiniz, böyük nüfuzunuz var, böyük imkanlarınız var. Nədir ki, sizin qabağınızda Ermənistan, nədir ki, ona təsir edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz? Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə. Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim başımızı nə qədər aldatmaq olar? Amma biz sübut etdik ki hərbi həlli var. Və mən demişdim ki, mən istəyirəm və Paşinyan, deyirəm sənə, bəyanat ver, öhdəlik götür, qrafik ver, cədvəl ver. Müharibənin ilk günündən mən bunu deyirdim. Hər kəs də bunu görə bilər. Müsahibələrimdə, xalqa müraciətlərimdə açıq demişəm, qrafik ver, cədvəl ver, rədd ol, çıx get, mən dayanıram. Yoxsa, oradan deyirlər dayanın, buradan deyirlər dayanın. Yaxşı, bizim torpaqlarımızı işğal edəndə niyə bunlara "dayanın!" deyən olmadı? Bizim torpağımızı 30 il əsarət altında saxlayan Ermənistana nə üçün “buradan çıx get!" deyən olmadı! Bu, nədir? Yaxşı, biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bizə “dayanın” deyirsən, ona de ki, çıx. Demir. Bizə deyir dayan. Dedim dayanmayacağam mən. Heç kim məni dayandıra bilməz və dedim tələb edirəm səndən Paşinyan, şəxsən özün, sənin xarici işlər nazirin, nə bilim o biri, bu biri yox, şəxsən özün öhdəlik götürməlisən, tarix verməlisən nə vaxt rədd olursan bizim torpaqlarımızdan.
Biz zorla düşməni buna məcbur etdik
Bax, bu bəyanatda o öhdəlik var. Məcbur edirik onu, məcbur etdik, zorla məcbur etdik, başına vura-vura məcbur etdik, bütün bəd əməllərinə görə, o donuzları bizim məscidlərimizdə saxladığına görə. Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur. İndi bu sənəddə öhdəlik var. Dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan. Ona görə məsələnin hərbi yolu var. Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Mən deyən oldu. Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır. Prinsip etibarilə mən tələb edə bilərdim ki, gəlsin otursun orada, aşağıda, bax orada imzalasın onu. Amma mən belə adam deyiləm. Mən nə üçün kimisə alçaldım. O onsuz da özünü alçaldıb. Bu rəzil duruma özü-özünü salıb”.
Prezidentin bu işdə müstəsna xidmətləri var
O da məlumdur ki, münaqişənin hərbi-siyasi yolla həll edilməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Məhz onun böyük liderliyi və siyasi iradəsi sayəsində Ermənistan buna məcbur edildi. Prezident bütün dünyaya sübut etdi ki, münaqişənin hərbi-siyasi həlli mümkündür. Problemin həlli ilə əlaqədar hərbi-siyasi yol daha tutarlı və təsirlidir.
Azərbaycanın gücü Ermənistanı qrafik üzrə torpaqları boşaltmağa məcbur etdi
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, Ali Baş Komandan, Prezident İlham Əliyev ərazilərimizin hərb yolu ilə azad edilməsinə qərar verməklə çox böyük uğura imza atdı: “Məhz Azərbaycanın sentyabrın 27-də başladığı uğurlu əməliyyatlar münaqişənin hərbi-siyasi yolla həll edilməsinin mümkünlüyünü sübut etdi. Tarixdə elə bir nümunə yoxdur ki, müharibə yolu ilə alınmış torpaqlar yalnız sülh, siyasi danışıqlar yolu ilə geri qaytarılsın. Ona görə də biz də partiya olaraq uzun illərdir hərbi-siyasi yolun mümkünlüyünü önə sürürük. Yalnız hərbi-siyasi həll yolu ilə Ermənistanın danışıqlar masasına oturacağını vurğulayırdıq. Prezident İlham Əliyev bu kontekstdən çıxış edərək bütün dünyaya sübut etdi ki, münaqişənin hərbi-siyasi yolla həlli mümkündür. Ölkə başçısı sübut etdi ki, Ermənistanı danışıqlar masasına oturmağa yalnız hərbi yolla məcbur etmək mümkündür. Ondan sonra siyasi yolla prosesi irəli aparmaq olar. Məlum proseslər də bir daha bunu ortaya qoydu. Ermənistan hərb meydanında Azərbaycanın gücünü gördü və bununla hesablaşmaqdan başqa yolun olmadığını anladı. Yalnız bundan sonra danışıqlar masasına oturdu. Bu da onu göstərir ki, sülhə nail olmaq üçün güclü orduya sahib olmaq lazımdır. Eyni zamanda, lazım olacağı təqdirdə güc göstərmək lazımdır. Qarşı tərəf də sənin gücünü bilərək bundan sonra da təcavüz fikrinə düşməməlidir. Azərbaycan 44 günlük müharibə dövründə çox ciddi uğurlar əldə etdi. Bu, hərb tarixinə şanlı hərflərlə yazıla biləcək uğurlardır. Təkcə Azərbaycan hərb tarixinə deyil, ümumilikdə, dünya hərb tarixinə yazılan uğurlardır. Çünki 30 il ərzində işğal altında olan torpaqlar azad edildi. Orada çox ciddi istehkamlar var idi. Bütün həmin istehkamları ordumuz yararaq müharibədə dönüş əldə etdi. Şuşa kimi təbii qalanı ordumuz işğaldan azad etdi. Azərbaycan müasir hərb tarixində yeni texnologiyalardan istifadə edərək ciddi nəticələr əldə etdi. Beşinci sinif silahlardan istifadə edərək böyük hərbi nailiyyət əldə etdi. Bu da onu göstərir ki, hərb sahəsində elmi-texniki nailiyyətlərdən istifadə edilməsi böyük uğurlara yol açır. Azərbaycan ötən illər ərzində müdafiə sahəsinə böyük vəsait yatırdı. Azərbaycanın gücü Ermənistanı qrafik üzrə torpaqları boşaltmağa məcbur etdi. Hansı ki, düyüş əməliyyatlarının dayandırılması ilə bağlı Prezident İlham Əliyevin şərti bundan ibarət idi. O baxımdan münaqişənin hərbi-siyasi yolla həll edilməsi ən optimal yol idi”.
Partiya sədri onu da qeyd etdi ki, proseslərin gedişi Azərbaycanın xeyrinədir.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.