Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılmalıdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış bəyanatın 2-ci bəndində bildirilir.
Bəyanatın 6-cı bəndinə görə isə Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarır.
Bu, böyük qələbədir. Azərbaycan öz ərazisinin yarısını işğaldan silah gücünə azad edib və yerdə qalanını da qazanacaq. Nəticədə Qarabağ üzərində öz yurisdiksiyasını tam bərqərar edəcək. Əsas məsələ budur. Bütün müharibələrin axırı sülhlə və qarşılıqlı güzəştlərlə bitir. Biz erməniləri hərb meydanında məcbur etdik ki, danışıqlar masasında bizimlə hesablaşsınlar. O üzdən, dekabrın 1-dək ermənilər digər ətraf 3 rayondan və Qarabağdan qüvvələrini çıxarmalıdırlar. Ancaq əvvəlki təcrübədən bilirik ki, bir sıra hallarda ermənilər əldə olunan atəşkəsə əməl etmirlər. Fasilədən sui-istifadə edib, qüvvə toplayaraq güclənməyə və əks-hücuma keçməyə çalışıblar. O baxımdan bu dəfə nə qədər təminat var ki, Ermənistan ikihəftəlik sakitlikdən özünə gəlmək üçün istifadə etməyəcək?
“Ermənistan kimi bərbad ölkənin 2 həftəyə toparlanacağı real deyil”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, bu dəfə situasiya fərqlidir: “Əvvəla ermənilərə etibar yoxdur və onlardan nə desən gözləmək olar. Çünki onlar zaman-zaman üzərlərinə götürdükləri öhdəliklərə xəyanət ediblər. Bu baxımdan onların məlum şərtlərə əməl edəcəyi ilə bağlı müəyyən şübhələr yaranıb. Ancaq nəzərə almaq lazımdır ki, bu dəfə situasiya çox fərqlidir. Ona görə ki, Azərbaycan Ordusu qarşı tərəfə çox güclü zərbələr endirib. Ermənistan ordusunun Qarabağdakı hərbi infrastrukturu, demək olar, tamamilə darmadağın edilib. Xocavənd kimi ermənilərin sıx yaşadığı rayonun böyük hissəsi bizdədir. Paşinyan açıq etiraf etdi ki, ölkənin silahlı qüvvələrinin tövsiyəsindən sonra Qarabağa dair razılaşma imzalamağa qərar verib. O, müharibəni davam etdirmək üçün ehtiyat qüvvələrin səfərbər edilməsi ilə bağlı problemlərin olduğunu etiraf edib. Onun sözlərinə görə, ordu Qarabağa dair müqaviləni imzalamaqda israr edib, çünki resurslar tükənib. Bu baxımdan Ermənistan kimi bərbad ölkənin 2 həftəyə toparlanacağı real deyil. Digər tərəfdən, ortada Rusiya və Türkiyə kimi böyük ölkələrin qarantorluğu var. Bütün bunları erməni tərəfinin görməzdən gəlməsi Ermənistana çox baha başa gələcək. Ən nəhayət, Ermənistan öhdəliklərə əməl etməsə, o zaman yerdə qalan digər əraziləri ordumuz güc yolu ilə azad edəcək. Çünki təşəbbüs bizim əlimizdədir”.
Siyasi ekspertin fikrincə, Ermənistan məğlubiyyətə məhkumdur.
Vidadi ORDAHALLI