44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini düşmən işğalından azad etdi. Bütövlükdə, qəhrəman əsgər və zabitlərimiz 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəklikləri düşmən tapdağından təmizlədi.
Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u - Bayraq Günündə Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini yenidən sevindirdi. Şuşanın alınması Ermənistanı tam tərksilah etdi, onun bütün manevr imkanları puç oldu, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası bütün anlamını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı.
Bu cür itkilərə məruz qalmış tərəf məğlub hesab olunur, təslim olur və hərbi əməliyyatlar dayandırılır. Bu dəfə kapitulyasiyaya döyüşən tərəflərdən birinin, yəni Ermənistanın öz müqavimətini dayandırararaq Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi səbəb oldu. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda hərbi əməliyyatlar dayandırılacaq. Haqqında bəhs olunan birgə bəyanatda Ermənistan öz üzərinə məhz həmin öhdəlikləri götürdü.
Azərbaycanın şərtləri əsasında imzalanan razılaşma ölkəmizin güc göstəricisini şərtləndirən amil kimi qəbul edilə bilərmi?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, birmənalı şəkildə Azərbaycanın prosesdən tam qalib ayrıldığını söyləyə bilərik: “Ancaq bu qələbə də asan başa gəlmədi. Biz dünya tarixinə qızıl hərflərlə yazılacaq parlaq bir qələbəyə imza atdıq. Sülh yolu ilə Ermənistanın bizə qaytarmaq istəmədiyi torpaqların böyük əksəriyyətini müharibə yolu ilə geri aldıq. Müharibənin gedişində və ondan əvvəlki prosesdə Azərbaycanın tələbləri dəyişməz qaldı. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Belə də oldu. Azərbaycan hərb tarixinə yeni bir strategiya tətbiq etdi. Ən müasir silahlardan istifadə etməklə, minimal itkilər verərək qısa zaman kəsiyində düşmənin bütün hərbi texnikasını yerlə bir etdi. Azərbaycanın müzəffər Ordusunun yüksək peşəkarlıqla, əzmlə, qətiyyətlə apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında əsaslı dəyişikliklərə səbəb olacaq. Ən əsası isə, yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq, ən möhtəşəm səhifəsidir. Azərbaycanın işğaldan azad etməyə vaxtı çatmadığı torpaqlarını isə Ermənistan öz xoşu ilə, müharibəsiz azad edəcək - qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Beləliklə də baza prinsiplərinin hər iki mərhələsi yerinə yetirilir. Azərbaycan diqtə edən, Ermənistan isə icra edən tərəf olur. Bu, qalibin məğlub üzərindəki qələbəsidir. Bu, haqqın qələbəsidir. Bu, Azərbaycan xalqının və Ordusunun qələbəsidir”.
Demək olar ki, Azərbaycanın irəli sürdüyü bütün şərtlər, hətta onlardan kənar olan və bizim marağımıza uyğun olan yeni məqamlar da son razılaşmada öz əksini tapıb. Bu reallığı Azərbaycan öz gücü ilə yarada bildi.
Məhəmmədəli QƏRİBLİ