Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində müharibə günlərində radikal müxalifətin davranışlarından da bəhs edib:
"Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə, hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu normaldır. Müxalifət olmalıdır, bu normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də, əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun”.
Göründüyü kimi, ölkə başçısı çətin günlərdə radikal müxalifətin də davranışlarından razılıq ifadə edib. Buna müxalif düşərgənin münasibəti necədir?
Müxalifətdə olan Ağ Partiyanın funksioneri, politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, müharibənin olduğu 44 günlük müddət ərzində nəinki Azərbaycan müxalifəti, eləcə də bütün xalqımız milli birlik nümunəsi ortaya qoydu: “Bütün siyasi qüvvələr vahid bir yumruq ətrafında birləşdilər və dövlətə öz dəstəklərini ifadə etdilər. Bu müddət ərzində heç kim hakimiyyətə müxaliflik etmədi. Çünki ümummilli məsələlər ətrafında məhz belə addımlar atılmalıdır. Biz, demək olar ki, bütün müxalif partiyaların dövlətin yanında olduğunu gördük. Prezident xalqa son müraciətində bu amili xüsusi vurğuladı. Bu məsələlər tam aydınlaşana kimi biz həmin mövqeyimizi qoruyacağıq. Hələlik əldə olunan razılaşma ilə bağlı araşdırmalar aparırıq. Artıq Ermənistan tərəfi bir sıra ziddiyyətli açıqlamalar verir. Biz onların vəziyyətini başa düşürük. Ola bilər ki, daxili ictimai rəyi sakitləşdirmək üçün bəzi detalları təhrif edirlər. Ancaq onların bu ziddiyyətli açıqlamalarına bəzi Rusiya rəsmillərinin də qoşulması bizdə təəccüb yaradır. Bizi narahat edən məsələlərdən biri sülhməramlıların tərkibi və haralara yerləşdirəcəyi ilə bağlıdır. İlkin açıqlamalarda ruslarla yanaşı Türkiyənin də prosesdə iştirakı bəyan edilib, indi isə bununla bağlı xoşagəlməz açıqlamalar verilir. Yəni detallıarı dəqiqləşdirilməli olan bir çox məsələlər var. Bu müharibə dönəmi bizim üçün həm də böyük təcrübə rolunu oynadı. Sübut olundu ki, belə həlledici məqamlarda birləşməyı, siyasi mübarizəni kənara qoymağı bacarmaq lazımdır. Belə olmasaydı, biz bugünkü hərbi uğurları çətin əldə edə bilərdik. Bizim tariximizdə açı Birinci Qarabağ müharibəsinin təcrübəsi var. Həmin zamanda məhz hakimiyyət uğrunda mübarizə getdiyi üçün biz torpaqlarımızı itirməli olduq. İndi görürsünüzmü asanlıqla itirdiyimiz torpaqları necə çətinliklə geri alırıq? Dövlətçiliyimiz tarixində belə nümunəni qoruyub saxlamalıyıq. Müxalifətdə təmsil olunanlar da bu xalqın övladlarıdır. Onların da sıralarından şəhidlər oldu, könüllü orduda xidmətə yollananlar vardı. Belə vaxtlarda bütün fəaliyyət dövlətin adına yazılır. Dövlətə isə müxalif olmaq qəti yolverilməzdir”.
Ümid edirik ki, bütün siyasi qüvvələr dövlətçilik üçün lazım olan məqamda belə birlik nümunəsini ortaya qoyacaqlar.
Məhəmmədəli QƏRİBLİ