Prezident İlham Əliyev xalqa müraciətində deyib ki, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq.
Dövlət başçısı bildirib: "Mən bir məsələni də qeyd etmək istərdim. Mən əziz xalqımı sənədin mətni ilə tanış etdim. Burada yeni nəzarət mexanizmi tətbiq edilir. Bəyanatın beşinci bəndində yazılıb: "Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır". Mən deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.
Mən videokonfrans formatında imzalama mərasimindəki çıxışımda həm Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın, həm Rusiya Prezidenti Vladimir Putinın səylərini yüksək qiymətləndirdim. Çünki onlar doğrudan da bu 44-45 gün ərzində böyük səylər göstərmişlər ki, məsələ sülh yolu ilə həll olunsun. Eyni zamanda, mən çox şadam ki, artıq münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda, bölgədə gələcək əməkdaşlıq formatını da böyük dərəcədə müəyyən edir. Çünki Türkiyə ilə Rusiya arasındakı əlaqələr, bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək səviyyədədir. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Beləliklə, hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatı daha da çoxşaxəli ola bilər".
Türkiyənin prosesdə iştirakı Azərbaycanın tələbi olub. Məhz bu məqamın razılaşmada yer alması necə qiymətləndirilə bilər?
Akif Nağı: “Bu həm də Rusiyanın tam dominantlığını neytrallaşdıran amildir”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu amili və ümumən əldə olunan razılaşmanı müsbət qiymətləndirmək lazımdır: “Ermənilər uzun illər ərzində əldə olunan ilkin razılaşmalara belə əməl etmək istəmirdi. Əvvəl 5, sonra 2 rayonun qaytarılmasına belə razı deyildilər. Şükürlər olsun ki, məsələ bu həddə gəlib çatdı. Artıq Türkiyənin bu məsələdə yaxından iştirakı ilə bağlı heç bir mübahisə və qaranlıq məqam yoxdur. Türkiyə vacib aktor olaraq Dağlıq Qarabağla bağlı prosesdə meydandadır. Razılaşdırılan sənəddə bu məqam əks olunub. Türkiyə mətbuatı da məlumat verdi ki, artıq qardaş ölkənin hərbçilərinin regionda yerləşdirilməsi məsələsi həllini tam tapıb və onlar bu gün Dağlıq Qarabağa girəcək. Düzdür, biz istəməzdik ki, Rusiya ora girsin, ancaq bəzi reallaıqlarla barışmalyıq. Qələbə əldə olunub. Növbəti mərhələdə bu kiçik detallar da öz həllini tapacaq. Proses tək Rusiyanın nəzarətində olmayacaq. Bu iki ölkənin sülhməramlı missiyanı necə yerinə yetirəcəyi ilə bağlı detallar onların arasında razılaşdırılacaq. Ortada Suriya nümunəsi var. Orda da bu missiyanı həm Türkiyə, həm də Rusiya qoşunları həyata keçirir. Oradakı praktikada xidmətin aparılacağı ərazilər onların arasında bölünür. Burada necə olacağı razılaşdırılacaq. Bizim istədiyimiz budur ki, bu nəzarəti iki ölkə birgə həyata keçirsin. Bu həm də Rusiyanın tam dominantlığını neytrallaşdıran amildir. Əsas nəticələrdən biri və bizi qane edəni budur ki, artıq Türkiyənin nüfuzu nəzərə alınmağa başlayıb”.
Samir Adıgözəlli: “Sülhməramlı kontingent məsələsində də ciddi balans əldə etmişik”
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli də qəzetimizə açıqlamasında əldə olunan razılaşmanı çox müsbət dəyərləndirdiyini bildirdi: “Bu tarixi bir gündür. Bizim qələbəmizi təmin edən bir sənəd imzalanıb. Görürəm, bəziləri yenə də ürək bulandırmağa başlayıb. Sülhməramlı missiyanı az qalırlar rusların Azərbaycanı yenidən işğalı kimi şərh edələr. Razılaşmada nəzərdə tutulan şərtlər barədə geniş məlumat verildiyindən, çox ətraflı danışmaq istəmirəm. Bəyanatda Dağlıq Qarabağla bağlı hər hansı statusun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir.
Növbəti 20 gündə Azərbaycanın daha 3 rayonu azad olunacaq və işğalçı ölkənin qoşunları ərazimizi tərk edəcək. Artıq erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına başlanıb. Digər tərəfdən, Rusiya sülhməramlıları ilə yanaşı qardaş Türkiyə ordusu da Azərbaycana gəlir”.
Müsahibimiz bildirdi ki, əsas narazılığın ifadə olunduğu sülhməramlı kontingent məsələsində də ciddi balans əldə etmişik.
Məhəmmədəli QƏRİBLİ