Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı. 10 noyabr tarixi Azərbaycan tarixinə qələbə günü kimi düşəcək. Məlumdur ki, Ermənistan Baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək, kapitulyasiyasını elan etmək məcburiyyətində qaldı.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentybarın 27-dən etibarən zəfər yürüşünə başladı. Azərbaycan Ordusu qısa müddət ərzində ciddi uğurlar qazandı.
44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliyi işğaldan azad etdi.
Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşa azad edildikdən dərhal sonra - noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab olunur, təslim olur və hərbi əməliyyatlar dayandırılır.
Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciət edən zaman bildirdi ki, Azərbaycanın hərbi uğurları Ermənistanı diz çökdürməkdə böyük rol oynadı. Maraqlıdır, hərbi uğurlar olmasaydı, işğalçı ölkə təslim olardımı?
Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər”ə açıqlamasnda qeyd etdi ki, Azərbaycan dövləti Ermənistana şans vermişdi ki, məsələ masa arxasında həll olunsun: “Ancaq Ermənistan elə hesab edirdi ki, Azərbaycan gücsüz olduğuna görə masa arxasında müzakirələrə üstünlük verir. Bu səbəbdən də müzakirəni uzadırdı. Ermənilərin Dağlıq Qarabağa aid olmayan ərazilərdə hərbi obyektlər tikməsi ondan xəbər verirdi ki, onlar o torpaqları geri qaytarmaq fikrində deyil. Hətta cənab Prezident də bu məsələyə toxunub”.
Həmsöhbətimiz hesab edir ki, Ermənistan dövləti və bütün dünya erməniləri Azərbaycanın qüdrətini, ordunun gücünü görməsəydilər, bu addıma getməyəcəkdilər: “Ermənilər Azərbaycanın hərbi gücünü və Azərbaycan Prezidenti ilə xalqın birliyini görüb geri addım atdılar. Bu birliyi və ordunun gücünü görən Ermənistan hakimiyyəti təslim olmaq məcburiyyətində qaldı”.
Günel CƏLİLOVA