“Biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək, müharibə dövrünün ictimaiyyətə açıqlana biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm.
Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”. Bu sözləri Prezident İlham Əliyev noyabrın 10-da xalqa müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz: “Biz xalqımızla, ordumuzla fəxr edirik”.
“...həmrəylik rəmzinə çevrilən "biz birlikdə güclüyük!” çağırışı bugünkü qələbəmizi təmin edən əsas amillərdəndir”
Millət vəkili Naqif Həmzəyev bildirdi ki, sentyabrın 27-dən başlayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin təxribat əməllərinə tutarlı cavab verərək, yağı tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb: “İgid, mərd əsgərlərimizin şücaəti nəticəsində hər gün cəbhədən aldığımız sevindirici xəbərlər Azərbaycan xalqını Ali Baş Komandanın ətrafında torpaqlarımızı işğaldan azad etmək, şanlı bayrağımızı düşmən tapdağı altında qalan ərazilərimizdə dalğalandırmaq amalı uğrunda yumruq kimi birləşdirdi. Dövlət başçımızın qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsi, böyükdən kiçiyə, daxilən səfərbər etdi, işğal olunmuş torpaqlara yenidən dönmək ümidilə milli birliyimizi möhkəmləndirdi, Böyük Qələbəyə zəmin yaratdı. İllərdir yağı tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxmış xalqımız bu haqq savaşında öz Prezidentinə inandı, arxalandı, ondan güc aldı. Vətən müharibəsi ölkəmizdə həm də siyasi partiyaların milli həmrəyliyinin, birliyinin nümayişi oldu.
2020-ci ilin Vətən müharibəsi Azərbaycan xalqı üçün xalq-iqtidar-ordu birliyinin növbəti təzahürü, xalqımızın Ali Baş Komandanımıza, ölkəmızdə həyata keçirilən siyasətə dərin etimadı, dünya azərbaycanlılarının milli birlik, həmrəylik ruhu ilə tarixə yazılır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ölkə başçısının cəmiyyətimizdə birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik rəmzinə çevrilən "biz birlikdə güclüyük!” çağırışı bugünkü qələbəmizi təmin edən əsas amillərdəndir: “Yumruq kimi bir olmağımız, milli birlik, həmrəylik nümayiş etdirməyimiz dövlət müstəqilliyimizi əbədi və dönməz edir, Böyük Qələbəyə xalqımızın əminliyini yüksəltdi, Azərbaycanın ərazi bütövlüyünün bərpasını reallaşdırır”.
Günel CƏLİLOVA