“Bu bəyanatda Dağlıq Qarabağın statusu məsələsi yoxdur”. Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib. “Bu gün tarixi gündür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur” - deyə Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyan bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri imzalayıblar.
“...burada vətəndaşlarımız kimi yaşayacaqlar”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan öz istəklərinə nail oldu və ölkəmizin ərazi bütövlüyü bərpa olundu: “Ermənistan Azərbaycan ərazisindən qoşunlarını çıxarır. Bu bizə tam uyğun olan gözəl bir nəticədir. Hesab edirəm ki, bu nəticəni böyük uğur və qələbə olaraq dəyərləndirməliyik. Az vaxt ərzində, cəmi 44-45 gün ərzində Azərbaycan Ordusu, Ali Baş Komandanımız ciddi və böyük nəticələrə nail oldu, çox möhtəşəm uğur qazandı. Bunlar hamısı Azərbaycan tarixinə yazılan şanlı səhifələrdir.
Bu sənəd qəbul edildi. Bu sənədin qəbul edilməsində Rusiya kənarda qalmadı və Rusiyanı kənarda saxlamaq da çox çətin məsələdir. Ən azından, indiki şəraitdə. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisindən çıxır, bu böyük nəticədir. Artıq Azərbaycan kifayət qədər güclüdür, Türkiyə də Azərbaycanın yanındadır, regiondadır. Ona görə də hadisələr Rusiyanın istədiyi ssenari ilə getməyəcək. Ola bilsin, Rusiya Dağlıq Qarabağda ermənilərə hansısa bir statusu verdirmək istəsin. Amma Rusiya bunu hələlik demir. Prezident bəyan etdi ki, Dağlıq Qarabağda ermənilərə heç bir status verilməyəcək. Türkiyə də Azərbaycanla bir yerdə kifayət qədər güclüdür və Rusiya da bununla hesablaşır. Bu səbəbdən də, fikrimcə, ümumiyyətlə, ermənilərin status məsələsi olmayacaq. Belə bir mövqe qəbul ediləcək ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları kimi Azərbaycanın qanunlarını, dövlət atributlarını, Konstitusiyasını qəbul edəcək və burada vətəndaşlarımız kimi yaşayacaqlar”.
A.Nağı qeyd etdi ki, eyni zamanda, onların arasında hərbi cinayətlər törədənlər birmənalı olaraq cəzalarını alacaqlar, heç kəs onların əfv olunması ilə bağlı düşünməsin də. “Cinayətkarlar cəzalarını alacaqlar, dinc ermənilər isə Azərbaycan vətəndaşları kimi Azərbaycanın qanunları çərçivəsində Dağlıq Qarabağda yaşayacaqlar. Yaşamaq istəməyənlər isə çıxıb gedəcəklər. Bizim əsas uğurumuz odur ki, ermənilərə status verilməsi məsələsi tam olaraq aradan çıxır və onlara heç bir status verilə bilməz” - deyə A.Nağı qeyd etdi.
İradə SARIYEVA