Qırğızıstan Respublikasının Bişkek şəhərindən Qırğızıstan Xalqları Assambleyası nəzdində “AZƏRİ” İctimai Birliyinin sədri, Əməkdar hüquqşünas, I dərəcəli Ədliyyə müşaviri Əzizağa Əliyev, 100 yaşlı Əməkdar mühəndis Əsəd Həsənov, Əməkdar nəqliyyatçı Tahar Quliyev, Əməkdar həkim Mirkazım Bəşirov, “Lina” şirkətinin sahibi Qiyas Xəlilov, “AZƏRİ” İctimai Birliyi sədrinin müavini Sultan Qasımov, TÜRKEL Media Qrupunun prezidenti Hökümə Xəlilova, TÜRKEL Media Qrupunun baş redaktoru Ramiz Məşədihəsənli Prezident İlham Əliyevə müraciət ediblər.
“Qırğızıstan azərbaycanlılarının “AZƏRİ” İctimai Birliyi Azərbaycan Dövlətinin və onun başçısının yanında olduğunu bir daha bəyan edir.
Dağlıq Qarabağda işğal altında olan yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi uğrunda Azərbaycan Ordusunun keçirdiyi təmizləmə əməliyyatını alqışlayır və Qırğızıstandakı cəmiyyətimizlə birlikdə silahlı qüvvələrimizin yanında olduğumuzu bildiririk.
Başqa bir ölkənin vətəndaşı olsaq da, Ana Vətənimiz üçün hər cür fədakarlığa hazır olduğumuzu bildirməkdən şərəf duyuruq.
Biz keçən əsrin 1929-1937-ci illərində Azərbaycandan Orta Asiyaya sürgün olunan ata-babalarımızın indiki nəslinin nümayəndələri olaraq daim tarixi vətənimiz Azərbaycanda gedən dəyişiklikləri, ictimai-siyasi prosesləri, mədəni-quruculuq işlərini diqqətlə izləmiş, uğurlarına sevinmişik.
Möhtərəm Prezident, tarixi torpaqlarımızın, yaşayış məntəqələrimizin bir-birinin ardınca aparılan uğurlu döyüş əməliyyatları nəticəsində mənfur düşmənlərimizdən təmizlənməsi hamımızda ruh yüksəkliyi yaratmışdır. Ali Baş Komandan və Prezidentimiz kimi hər cür əmrinizə hazırıq. Təki Vətənimizin işğal altında olan torpaqları düşmənlərimizdən azad olunsun. Xaricdə yaşayan azərbaycanlılar olaraq Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün görülən işlərdən qürur duyuruq.
Allah ordumuza bu şərəfli mübarizədə uğurlar nəsib eləsin!
Respublika Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq Siz ümummilli lider Heydər Əliyevin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” tövsiyələrinə sadiq qaldınız.
Təsadüfi deyil ki, Çingiz Aytmatov Bakıdakı yubileyində Sizinlə görüşməkdən çox təsirləndiyini qeyd edərək, “Azərbaycanın lideri yalnız yetkin bir dövlət xadimi deyil, həm də böyük bir ziyalıdır” demişdir.
Qeyd etdiyimiz bu keyfiyyətlər bu gün Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasını təmin etmək üçün göstərdiyiniz şücaətin, müdrikliyin nəticəsidir.
Müxtəlif mediaya və televiziya kanallarına müsahibələr verərkən səsinizin ahəngi belə işğalçılara qarşı mübarizədə qələbənin ahəngi anlamına gəlir.
Ona görə də xalqımız da, vətəndən kənarda yaşayan biz azərbaycanlılar da Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə Sizin rəhbərliyiniz altında azad olunacağına və ərazi bütövlüyümüzün qeyd-şərtsiz təmin edəcəyinizə qəti inanır, həsrətlə Qələbə gününü gözləyirik.
...Azərbaycanın bu haqlı, ədalətli mübarizəsi yolunda Sizə möhkəm cansağlığı və uğurlar diləyirik”-deyə müraciət müəllifləri qeyd edirlər.
Baki-xeber.com