Almaniya Federativ Respublikasının Köln şəhərindən Alman Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev Prezident İlham Əliyevə müraciət edib.
“Rəşadətli Azərbaycan Ordusu Sizin rəhbərliyiniz altında uğurlu döyüş əməliyyatları keçirərək qısa vaxt ərzində böyük uğurlara nail olmuşdur. Çox böyük ruh yüksəkliyi ilə aparılan uğurlu döyüş əməliyyatları öz nəticəsini verməkdədir. Bu, Azərbaycan xalqı üçün Vətən müharibəsidir.
Siz öz xalqınıza arxalanaraq qətiyyətli və lazımi qərarlar verməklə qələbəni təmin edirsiniz. Bu hadisələr “El bir olsa dağ oynadar yerindən" kəlamını bir daha sübut edir. Torpaqları azad etməyin və xəstə təfəkkürə malik olan ermənilərin təcavüzünə son qoymağın əsl zamanıdır. Səbrin də bir həddi var. Dünyanın bir çox dövlətlərinin erməniləri müdafiə etmələrinə baxmayaraq təcavüzkar Ermənistan öz layiqli cavabını alır. Şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz işğaldan azad olunduqca, xalqımızın birliyi daha da möhkəmlənir. Qürur duyuruq. Azərbaycan xalqının möhtəşəmliyi bir daha özünə qayıdır. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimizə isə şəfa versin.
Mən əslən Füzuli şəhərindənəm. Bu gün Qarabağın bütün kənd və qəsəbələri, şəhərləri mənim üçün eynidir. Çünki Qarabağ Azərbaycandır! Bu möhtəşəm sözü tarixin şanlı səhifəsinə qızıl hərflərlə yazan Ali Baş Komandan, möhtərəm İlham Əliyev xalqımızın əsl Sərkərdəsidir. Xalq öz Sərkərdəsinə arxalanaraq, ölümün gözünə dik baxa-baxa qələbələr qazanır.
Zəkası və qətiyyəti ilə dünyanı özünə heyran edən Ali Baş Komandan, Allah Sizi və Ordumuzu qorusun. Xalq həmişə Sizinlədir.
Sağ ol, Prezidentim mənim.
Var ol, Komandanım mənim.
Hər an xalqın qəlbində,
Dağ ol, Prezidentim mənim.
Dünyanın harasında yaşamağından asılı olmayaraq, hər birimizin bir Vətəni var – Azərbaycan!”-deyə A.Ağayev Prezident İlham Əliyevə müraciətində bildirir.
Baki-xeber.com