Astara rayonunun Vəznəş kəndindən şəhid anası Svetlana Məmmədova Prezident İlham Əliyevə müraciət edib.
“Bir şəhid anası kimi Sizə bu təşəkkür məktubunu yazıram. Mənim oğlum Məmmədov Elşən 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. O, hərbi xidmətə yollanarkən mənə bu sözləri demişdi: “Mən Vətənimi qorumaq üçün gedirəm, ana, ölümdən qorxmuram. Bir dəfə dünyaya gələn, bir gün də ölüb gedəcək. Vətən uğrunda ölüm mənə şərəfdir”.
...Biz Sizə inanırdıq, dəfələrlə də demişdiniz ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bir-birinin ardınca qazanılan uğurlarımıza çox sevinirik. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.
Hər gün bizə şad xəbərlər verirsiniz. Füzulinin Seyidəhmədli kəndinin işğaldan azad edildiyini eşidəndə həm kədərləndim, həm də sevindim. Ona görə sevindim ki, oğlumun qisasını aldınız. Oğlumun məzarını ziyarətə getdim. Ona dedim ki, artıq bizim Ordumuzun mərd və igid əsgərləri şəhid olduğun torpağı işğaldan azad etdilər. Qanın yerdə qalmadı, ruhun şad olsun. Əminəm ki, indi onun ruhu şaddır.
...Sizə çox-çox təşəkkür edirik və Sizin verdiyiniz əmrlə bütün şəhid olmuş oğullarımızın qanı yerdə qalmadı və qalmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, cəbhədə olan əsgərlərimizə isə güc-qüvvət versin! Dualarımız sizinlədir.
Sizə və Birinci virse-prezidentimiz Mehriban xanıma cansağlığı, uzun ömür diləyirəm. İnşallah, xalqımıza tezliklə Qələbə xəbərini verməyinizi arzu edirəm” - deyə şəhid anası ölkə başçısına ünvanladığı müraciətdə bildirir.
Baki-xeber.com