Ermənistan Azərbaycana və bütün türk dünyasına qarşı öz təcavüzkar siyasətini informasiya müharibəsi müstəvisində də ən iyrənc, qeyri-siyasi və qanunsuz formalarda davam etdirir.
Bunu Milli.Az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, Ermənistan dövləti Azərbaycana qarşı təcavüzkar siyasətin bütün həqiqətlərini dünyadan gizlətmək üçün hər yola əl atır.
"Təcavüzkar ölkənin antibəşəri siysətindən doğan addımları sərhəd tanımadan dünya miqyasında, hətta özünü demokratik sayan ölkələrdə həyata keçirilir. Son həftələrdə Erməni lobbisinin və erməni diasporunun təşkilatçılığı ilə Fransada TF1 televiziyasının müxbirinə və Amerikada Nyu-York Tayms qəzetinin əməkdaşına qarşı törədilən təhdid, təzyiq və təqiblər bunun bariz nümunələridir. ABŞ və Fransa media təmsilçiləri Dağlıq Qarabağda ermənilərin törətdiyi cinayətlərə obyektiv və ədalətli mövqe göstərdikləri üçün radikal erməni qruplaşmalarının və əslində Ermınistan dövlətinin hədəflərinə çevrilirlər. Dünya ölkələrində Qarabağ proseslərinə obyektiv yanaşan media orqanlarına qarşı təqiblər birbaşa Ermənistan dövlətinin rəsmi strukturlarının təşkilatçılığı, maliyyəsi və göstərişi əsasında ifrat radikal erməni terror qruplaşmalarının əli ilə törədilir. Ermənistan dövləti Azərbaycana qarşı təcavüzkar siyasətin bütün həqiqətlərini dünyadan gizlətmək üçün hər yola əl atır ki, obyektiv media mənsublarının təqib, təhdid və çantajla qorxudulması bu üsullardan biridir.
Ermənistanın beynəlxalq hüquqa və dünya media azadlığı prinsipinə qarşı zorakı addımları gözlədikləri heç bir nəticəni ortaya qoya bilməz. Dünya ölkələri bilməlidir ki, heç bir beynəlxalq hüquq və media azadlığı normalarına hörmət etməyən Ermənistan, əslində, bütün ölkələr üçün təhlükə mənbəyinə çevrilməkdədir. Ermənistanın öz faşist və işğalçı dövlət mənafeləri naminə başqa ölkələrdə demokratik prinsiplərə və media azadlığına təzyiq addımları yolverilməzdir və cəzasız qalmamalıdır. Ermənistanın insan haqları, demokratiya və azad media prinsipləri üçün qorxulu addımlarını ABŞ və Fransa kimi özünü demokratiya beşiyi adlandıran ölkələrdə törətməsi və cəzasız qalması xüsusilə düşündürücüdür. Ermənistanın siysəti ilk növbədə Amerika və Fransanin dövlət və siyasi elitasını narahat etməlidir. Xaricdə azad media qurumlarına və jurnalistlərə erməni faşist-qisasçı dəstələrinin təzyiqləri Amerika, Fransa və digər dövlətlərin siyasətlərinin əsil mahiyyəti barədə suallar doğurur.
Necə ola bilər ki, Fransada Məhəmməd peyğəmbəri yolverilməz formada təhqir etmiş "Şarl Ebdo" jurnalına edilən terroru müsəlmanların adına bağlayaraq dünyanı səfərbər edən Fransa hökuməti Qarabağ olaylarına obyektiv münasibətə görə erməni terroruna hədəf seçilən jurnalistin həyatını real təhlükədən xilas etmək üçün zəruri operativliyi göstərmir? Sualların cavabı bu ölkələrin Azərbaycan həqiqətlərinə və Ermənistan təcavüzünə münasibətdə ikili siyasət aparmalarındadır.
Ermənistan dövlətinin Amerikada və Fransada obyektiv media qurumlarına zorakı addımları Azərbaycana qarşı 30 ildən çox davam edən hərbi təcavüz, etnik təmizləmə və etnik-dini genosid siyasətinin davamıdır. Xaricdə Ermənistanın müxtəlif radikal qruplaşmalar vasitəsilə törətdiyi qanunsuz əməllərə prinsipsiz yanaşan dövlətlər bu ölkənin təcavüzkar siyasətinə əslində şərik olduqlarını unutmamalıdırlar".