Azərbaycançılıq ideologiyası bu gün özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycan Ordusunun igidliyi, sücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi azərbaycançılığın tarixi təntənəsidir.
Bu gün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesi gedir. İndiyə qədər 190-dan artıq yaşayış məntəqəmiz düşmən tapdağından azad edilib. Əlbəttə, bütün bunlar Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uğurlu rəhbərliyi ilə baş verib.
Bu 200 ildə İlham Əliyev yeganə dövlət başçısıdır ki...
Məlum olduğu kimi, Səfəvilər imperiyası dağıldıqdan sonra Azərbaycan torpaqlarının itirilməsi prosesi baş verdi. 114 min kv.km-ə qədər olan ərazilərimiz 86,6 min kv.km-ə qədər azaldıldı. XVIII əsrdən 1991-ci ilə qədər olan müddətdə Azərbaycandakı bütün hakimiyyətlər dövründə torpaq itkiləri ilə üzləşdik. Son 200 il müddətində itirdiyimiz torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə geri qaytarılması prosesinə şahidlik edirik. Bu 200 ildə İlham Əliyev yeganə dövlət başçısıdır ki, onun dövründə torpaqlarımızı düşmən tapdağından azad edirik, qaytarırıq.
Tarixçilər hesab edirlər ki, Prezident İlham Əliyevin qətiyyətli siyasi addımları nəticəsində tariximizdə ilk dəfə itirilən torpaqların geri qaytarılması tarixi hadisəsini yaşayırıq. Prezidentin imza atdığı bu uğurlu addımların azərbaycançılıq ideologiyasının daha yüksək səviyyədə inkişafına böyük xidmət olduğunu deyən tarixçilərin sözlərinə görə, ərazi bütövlüyümüzün bərpası milli birlik ideologiyamızın əsaslarındandır.
Tarixçilərin verdiyi bilgilərə görə, tarixi Azərbaycan torpaqları indiki eyniadlı dövlətin sərhədlərindən qat-qat geniş bir əraziyə malik olub. Onlar qeyd edirlər ki, bu torpaqlar şimalda Dərbəndə, cənubda Həmədana, şimal-qərbdə isə indiki Gürcüstanın Borçalı mahalına qədər uzanırdı. Bundan başqa, indiki Ermənistanın bütün ərazisinin də vaxtilə Azərbaycan torpaqları olduğunu deyən tarixçilərin sözlərinə görə, bu əraziləri birlikdə götürsək, tarixi Azərbaycan torpaqlarının 400 min kvadratkilometrdən çox olduğunu görə bilərik.
Hazırda isə Azərbaycanın ərazisi 86,6 min kvadratkilometrdir.
“200 il ərzində itirilən Azərbaycan torpaqlarının...”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Tofiq Nəcəfli “Bakı-Xəbər”ə bildirdi ki, Səfəvi imperiyası dağıldıqdan indiyə qədər, yəni Prezident İlham Əliyevə qədər heç bir hakimiyyət, dövlət başçısı torpaqlarımızı özümüzə qaytarmayıb, İlham Əliyev bu istiqamətdə də ilkə imza atıb. “XVIII əsrin birinci qərinəsində Nadir şah dövründə həm Osmanlı, həm də Çar Rusiyası qoşunlarının Azərbaycan torpaqlarından sıxışdırılıb çıxarılması təmin olunub. Yəni, faktiki olaraq, həmin dövrdə Nadir şah iki güclü imperiyanın qüvvələrini Azərbaycandan çıxarmaqla keçmiş Səfəvi imperiyasının sərhədlərini bərpa etdi. Həmin əsrin 30-cu illərinin sonunda isə Nadir şahın məşhur Hindistan səfəri nəticəsində imperiyanın sərhədlərini Hindistana qədər genişləndirə bildi. Şübhəsiz ki, Nadir şahın ölümündən sonra Azərbaycan torpaqlarının parçalanması, itirilməsi dövrü başlayıb. Yəni XVIII əsrin ortalarında Azərbaycanda xanlıqlar sisteminin yaranması ilə xarici güc mərkəzlərinin, imperiyaların Azərbaycana marağı daha da artı. Ona görə də Azərbaycan torpaqlarının qəsb edilməsi həmin dövrdən başlayıb. Artıq XIX əsrin əvvəllərindən isə Azərbaycan torpaqlarının itirilməsi, Çar Rusiyası tərəfindən xanlıqlarımızın işğal edilməsi, Qacarlarla müharibədə Çar Rusiyasının əldə etdiyi “uğurlar” - həm Gülüstan, həm də Türkmənçay müqavilələrindən sonra Azərbaycan torpaqlarının itirilməsi baş verib. Demək olar ki, 200 il ərzində torpaqlarımızın itirilməsi prosesi davam edib. Amma son 200 il ərzində itirilən Azərbaycan torpaqlarının ilk dəfədir bu gün qaytarılmasının şahidi oluruq. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyilə müzəffər ordumuz 200 ildən sonra ilk dəfədir itirdiyimiz torpaqlarımızı addım-addım, qarış-qarış geri alır. Bu böyük rəşadətdir, tariximizin ən yüksək dönüş nöqtələrindən biridir”.
“İlk dəfədir erməni işğalı altında olan ərazilərimizin azad olunmasına şahidlik edirik”
T.Nəcəfli hesab edir ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesi azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsidir. Onun sözlərinə görə, bu, xalq və dövlət birliyinin, xalqımızın Prezidentin haqq və ədalətli mövqeyinə dəstək verməsinin, onun apardığı siyasəti dəstəkləməsinin, bir sözlə, bizim həmrəyliyimizin işıqlı bir örnəyidir: “Azərbaycanın itirilmiş torpaqlarının Ali Baş Komandanın rəhbərliyilə şanlı ordumuz tərəfindən geri qaytarılması böyük tarixi hadisədir. Bu hadisə son 200 illik tariximizə işıqlı hərflərlə həkk edilib. Çünki Çar Rusiyası və Sovet dövründə biz torpaqlarımızı itirə-itirə gəlmişdik, son dövrlərə qədər bir qarış da olsun torpağımızı geri qaytara bilməmişdik. Keçən əsrin 20-ci illərində “mübahisəli ərazi” kimi Zəngəzurun qərbini, Borçalının bir hissəsini, şimalda Dərbəndətrafı torpaqlarımızı itirmişik. İtirə-itirə getmişik, amma ilk dəfədir torpaqlarımızın, erməni işğalı altında olan ərazilərimizin işğaldan azad olunmasına şahidlik edirik. Bu mühüm bir hadisədir” - deyə T.Nəcəfli qeyd etdi.
“İndi tariximizdə böyük bir yüksəliş baş verib”
Tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Dilavər Əzmli də hesab edir ki, son 200 ildə itirilən torpaqlarımızın İlham Əliyevin prezidentliyi dövründə geri qaytarılması çox mühüm tarixi hadisədir. “Biz, əslində, Azərbaycan faciəsini XVIII əsrin sonlarından başlayaraq, 1991-ci ilə qədər yaşamışıq. Bu vaxta qədər böyük dövlətlər, imperiyalar quran bir xalqdan ərazilərini itirən bir xalqa çevrildik. Bunun da çoxlu səbəbi var. Ən böyük səbəblərdən biri də XVIII əsrdən başlayaraq gedən proseslər olub. Bu proseslərdə üstünlük Avropa dövlətlərinin, həmin dövrdə yeni yaranan Rusiya imperiyasının oldu. Onların mövqeləri daha da gücləndi. Biz tarixin ən ağır, çətin sınaqları ilə üz-üzə qaldıq. Bunun da başlıca səbəbi Türk dünyasına qarşı böyük planların həyata keçirilməsi idi. Yəni burada məqsəd türk dövlətlərinin sıradan çıxarılması onların ərazisinin Avropa dövlətləri və Rusiya arasında bölüşdürülməsi idi. Çünki bilirsiniz ki, Osmanlı imperiyasından sonra qardaş Türkiyə tərəfindən Atatürkün böyük fəaliyyəti nəticəsində bu proses işləmədi. Azərbaycan coğrafiyasına baxaq. Bu coğrafiya yalnız Qüzey Azərbaycandan ibarət deyil. Yəni Azərbaycanın tarixi sərhədləri var. İstənilən bir adam tarixi mənbələrə baxıb bizim coğrafi sərhədlərimizlə tanış ola bilər. Böyük bir əraziyə sahib olmuşuq. Qeyd etdiyiniz kimi, XVIII əsrdən başlayaraq ərazilərimiz itirilə-itirilə getdi. Doğrudur, böyük Nadir şah Azərbaycan ərazisini bərpa etdi, Hindistana qədər getdi, imperiyanı bərpa etdi, amma bu qısamüddətli oldu. Ağa Məhəmməd Qacar da ərazilərimizi birləşdirmək istədi, amma alınmadı. İndi tariximizdə böyük bir yüksəliş baş verib. Bu yüksəlişin baş verməsi gözlənilirdi”.
“Bu yüksəlişin önündə də cənab Ali Baş Komandan gedir”
D.Əzimli vurğuladı ki, 200 ildən sonra tariximizdə baş verən tarixi yüksəliş prosesinə Prezident İlham Əliyev imza atıb: “200 ildən sonra ilk dəfə xalqımızın, dövlətimizin tarixində yaşanan bu böyük yüksəliş Prezident İlham Əliyevin dövrünə düşdü. Cənab Prezidentin qətiyyəti, onun torpaqlarımızın işğaldan azad edilməsi məsələsində tutduğu birmənalı, dəyişməz mövqe öz sözünü dedi. Burada Prezidentin qətiyyətli mövqeyi, xarizması böyük rol oynayır. İndiki çətin dövrdə, geopolitik bir durumda Prezidentin qardaş Türkiyənin mənəvi dəstəyilə bu seçimi etməsinin özü müasir anlamda bir qəhrəmanlıq tarixinin yazılmasıdır. Tamamilə əminəm ki, tezliklə Şuşaya üçrəngli bayrağımızı taxacağıq. İnanın ki, Şuşaya bayraq taxılması elə bil İrəvana, digər itirilən torpaqlarımıza bayraq taxılması olacaq. Bu bir yüksəlişdir. Bu milləti, kökü olmayan mənfur ermənilər və ermənilərə dəstək verən qüvvələr bunu anlamalıdırlar ki, bu, Azərbaycanın yüksəlişidir. Düşmənlərimiz Tanrı qaydalarına əməl etməlidirlər.
Bu yüksəlişin önündə də cənab Ali Baş Komandan gedir. İnanıram ki, axıra qədər də gedəcəyik və tezliklə Şuşamıza bayraq taxılacaq. Biz torpaqlarımızın hamısını işğaldan azad edəcəyik. Buna əminəm. Onu da deyim ki, 1796-cı ildən 1990-cı illərin əvvəllərinədək torpaqlarımız işğal olunub, bu illər işğal tariximiz baş verib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranıb, onu da devirdilər. Çar Rusiyası bizim torpaqlarda Ermənistan dövləti yaratdı, torpaq itirdik. Çar Rusiyasını əvəz edən SSRİ dövründə də torpaq itkisinə məruz qaldıq. 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal edildi. Biz döyüşdük. Cənab Prezident də dedi ki, biz döyüşü uduzduq, müharibəni, savaşı uduzmadıq. Bu müddət ərzində güclənən, qüdrətlənən Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyilə bu gün öz sözünü deyir, torpaqlarımızı işğaldan azad edir. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun sözü ilə desək, cənab Prezident, siz türkün şərəfini göylərə qaldırdınız! Bəli, həqiqətən də cənab Prezident türkün kimliyini, nəyə qadir olduğunu bir daha təsdiqlədi” - deyə D.Əzimli qeyd etdi.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.