İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklif etdiyi planın bəzi detallarını açıqlayıb və bildirib ki, İran münaqişə tərəflərindən cavab gözləyir.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin başladığı gündən etibarən İran Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə ilə danışıqlar aparır: "Biz hesab edirik ki, müharibə region ölkələrinə daha çox zərbə vurur, ona görə də bu ölkələr müharibənin bitməsinə daha çox təsir edə bilər. Biz danışıqları bu kontekstdə aparırıq".
Nazir vurğulayıb ki, İran ATƏT Minsk Qrupu kimi formatlarla rəqabət aparmaq niyyətində deyil: "Bizim planımızın vacib xüsusiyyətlərindən biri odur ki, bu plan müvəqqəti atəşkəsin əldə olunmasına deyil, fikir ayrılıqlarının və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən tamamilə geri çəkilməsinə gətirib çıxaracaq həllinə yönəldilib".
Nazir əlavə edib ki, indi Tehran təklif olunan layihə üzrə Bakı, Yerevan, Moskva və Ankaradan cavab gözləyir.
İranın irəli sürdüyü təkliflər münaqişənin nizama salınmasında əhəmiyyətli rol oynaya bilərmi?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranın bir region ölkəsi kimi münaqişə ilə bağlı fəallığı başadüşüləndir: “Çünki faktiki olaraq, hərbi əməliyyatlar onunla birbaşa həmsərhəd olan bölgələrdə gedir. İranın Dağlıq Qarabağ münaqişəsilə bağlı uzun illər boyunca tutduğu mövqe bizi qane etməyib. Çünki həmin ölkə az qala Ermənistan üçün yeganə nəfəslik rolunu oynayırdı. Ancaq bu müharibənin gedişində həmin ölkənin səsləndirdiyi bəyanatlar məni sözün əsl mənasında təəccübləndirdi. Tehranın indiki mövqeyi Minsk Qrupunun mövqeyindən çox fərqlənir və olduqca konstruktivdir. Sözlərindən qaçmayıb sona qədər dediklərinin üstündə dayansalar əla olar. İran deyir ki, Ermənistan qoşunları bütün işğal olunmuş ərazilərdən çıxmalıdır. Sonra bildirir ki, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Açıq surətdə deyirlər ki, qalıcı sülhə nail olmaq üçün Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması lazımdır. Mən bu mövqedən həm təəccüblənmişəm, həm də haqqın-ədalətin yanına gəldikləri üçün onlara minnətdarlığımı ifadə etmək istəyirəm. Ermənistan üçün bu məqbul sayılmır. Buna görə də, İranın planına qarşı müxalif mövqe ortaya qoyurlar. Hətta İranı “dostu satmaqda” ittiham edirlər. İranın mövqeyini hərtərəfli analiz etdikdən sonra bu qənaətə gəlirəm ki, onların təklif etdikləri bizim xeyrimizədir. Əvvəl onların mövqeyində ziddiyyətli məqamlar vardı, indi isə daha konkret danışırlar. Buna səbəb kimi Azərbaycanın öz gücünə reallıqları dəyişdirməsini görürəm. Artıq Azərbaycan status-kvonu tamamilə dəyişib. Əvvəl azad olunması danışıqlar predmeti olan bir neçə rayonu öz gücünə azad edib. Xüsusilə də İranla aramızda olan və uzunluğu 100 km-dən artıq olan dövlət sərhədinə nəzarəti bərpa edib. Əslində bunların hamısı İranı bir qədər reallığı aydın şəkildə dərk etməyə vadar edir. Çünki bilirlər ki, Azərbaycanla onları bağlayan da çox tellər var, nəinki erməniləri. Təbiidir ki, biz qəbul etsək də, ermənilər bunu istəməyəcək. Yaxşı olar ki, İran Ermənistanın bu qeyri-konstruktiv mövqeyini tam şəkildə bəyan edib, onlara qarşı münasibətini bir az da sərtləşdirsin”
Müsahibimiz sonda bildirdi ki, Ermənistanın özünə sərf etməyən heç bir barışdırıcı planı qəbul etmək istəmədiyi tam olaraq sübut olunur.
Məhəmmədəli QƏRİBLİ