İşğalçı Ermənistan bütün cəbhələrdə ard-arda ciddi məğlubiyyətlərə uğramaqdadır. “Qalib erməni ordusu” artıq “siyasi mif”, “erməni siyasi folkloru”, erməni yalan ədəbiyyatı üçün də yararsızdır. Artıq ermənilər qalib deyil, uduzan tərəf olduqlarını başa düşürlər.
Azərbaycanda olan erməni əsirlər müharibə barədə etiraflarını yerli mediaya açıqlayıblar. Onlar həmvətənlərinə silahlarını yerə qoymaq barədə çağırış ediblər. Əsirlər Azərbaycan hərbçiləri ilə qarşılaşana qədər türkləri qəddar və qaniçən kimi təsəvvür etdiklərini deyiblər. Belə bir ittiham ümumi səfərbərlik dövründə ölkələrinin hərbi və siyasi rəhbərliyi tərəfindən bildirilib. Əsirlərin dediyinə görə, əslində, Azərbaycan hərbçiləri döyüş meydanında cəsarətlə vuruşur və düşmənə qarşı humanizm nümayiş etdirirlər. Erməni əsirlər həmvətənlərini silahlarını yerə qoyub, evlərinə dönməyə çağırıblar, çünki Qarabağ Azərbaycan torpağıdır.
“Ermənistan tərəfdə döyüşən hərbçilər əsirlərin çağırışına qulaq asıb, silahı yerə qoyub, təslim olmalıdırlar”
Məsələ ilə bağlı fikir bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Ermənistan xalqının özü də, rəhbərliyi də Azərbaycanın uğurları qarşısında heç bir şey edə bilmirlər: “Çünki Azərbaycan həm hərbi, həm də beynəlxalq dəstəyinə görə onlardan qat-qat üstündür. Bu gün Azərbaycan Ordusu uğurla torpaqlarımızı işğaldan azad edir və buna tam haqqımız var. Çünki 30 il idi ki, torpaqlarımız işğal altında idi. Buna heç kəs dözməzdi, biz dözdük ki, bu məsələni dinc yolla nizama salaq. Amma ermənilər bunu başa düşmədilər. Bu gün də öz səhvləri ucbatından bir ucdan qırılırlar. Çoxlu sayda hərbi texnika və canlı qüvvələri məhv olur. Onlar hələ də başa düşmürlər ki, təslim olmaq lazımdır. Ona görə Azərbaycan Ordusu da sona qədər gedəcək və torpaqlarımızı işğal altından azad edəcək. Ermənistan tərəfdə döyüşən hərbçilər əsirlərin çağırışına qulaq asıb, silahı yerə qoyub, təslim olmalıdırlar. Artıq erməni hərbçilər Azərbaycan Ordusunun gücünü, qüvvətini görürlər. Düşünürəm ki, ermənilər təslim olmadıqca, orada əhalinin sosial durumu gündən-günə ağırlaşacaq. Bu da onu deməyə əsas verir ki, yaxın vaxtlarda Ermənistanı sosial fəlakət gözləyir”.
Günel CƏLİLOVA