Sentyabrın 27-də növbəti erməni təxribatlarının törədilməsi nəticəsində aktiv hərbi əməliyyatlar başladı. Hərbi əməliyyatların ilk günündən Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini 30 ilə yaxın bir müddətdə işğal altında saxlayıb və həmin ərazilərdə talançılıq əməlləri ilə məşğul olub.
Təbii sərvətlər qanunsuz şəkildə mənimsənilib, Azərbaycanın tarixi abidələri məhv edilib. Ermənistan Azərbaycana qarşı çoxsaylı terror aktları törədib. Ötən müddət ərzində Ermənistanda elə bir təsəvvür formalaşıb ki, Azərbaycan 90-cı illərin Azərbaycanıdır, bunlar da əbədi olaraq öz talançılıq, işğalçılıq siyasətlərini davam etdirəcəklər. Azərbaycan son 17 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uğurlu siyasət nəticəsində inkişaf edərək regionun ən güclü dövlətinə çevrilib. Zamanla obyektiv mövqeli beynəlxalq təşkilatlar da Azərbaycanın inkişaf edən və güclənən bir ölkə olmasını öz hesabatlarında qeyd ediblər. Elə xalqımız da ölkəmizin inkişafını öz gündəlik həyatında hiss edib. Sentyabrın 27-də Vətən müharibəsi başlayan gündən bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilən Azərbaycan Ordusu bu gün döyüş meydanında öz sözünü deyir və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edir. İşğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistan Milli Ordumuz tərəfindən öz layiqli cavabını alır. Ermənistanın canlı qüvvə və silah-texnika cəhətdən ağır itki verməsi hər kəsə məlumdur. Ordumuzun bu gün meydanda zəfər çalmasına səbəb Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 17 il ərzində müasir dövlət quruculuğunu öz siyasətinin prioriteti elan etməsi oldu. Bu müddət ərzində ölkənin iqtisadi sistemi yenidən quruldu, güclü iqtisadi potensial yaradıldı. Karbohidrogen ehtiyatların hasilatı və ixracı istiqamətində inqilabi addımlar atıldı. Ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial təminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəldildi.
Eyni zamanda, aparılan islahatlar nəticəsində ölkənin idarəetmə sistemi təkmilləşdirildi ki, bu da hakim komandanın monolitliyini daha da gücləndirdi. Ölkədə milli həmrəylik, xalq-iqtidar birliyi daha da gücləndi. Bütün sadalanan amillər bu gün Azərbaycan Ordusunun uğurlarını şərtləndirir və bunlar Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Buna görə də, bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib, ona sonsuz etimad, inam, dəstək nümayiş etdirir. Azərbaycan xalqının haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyan Prezidentin gördüyü işlərlə bağlı ekspertlər nə düşünür?
Millət vəkili Elman Nəsirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yaradır: “Azərbaycanın 30 il ərzində işğal altında olan torpaqlarını qarşış-qarış azad etməklə Ordumuz tarixi bir missiyanı icra edir. Hər birimiz xoşbəxtik ki, bu tarixi anları yaşayırıq. Bu nailiyyətlər birdən-birə qazanılmayıb. Bunlar ölkə başçısı İlham Əliyevin son 17 ildə apardığı dərin siyasətin nəticəsində əldə edilib. Ulu öndər Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdi”. Cənab İlham Əliyev mərhum Heydər Əliyevin istəklərini davam etdirərək, Azərbaycanın çox güclü iqtisadiyyatını formalaşdırdı. Bu illər ərzində iqtisadiyyatımız bir neçə dəfə güclənərək, bizi Cənubi Qafqazın lider ölkəsinə çevirdi. Neftdən asılılığın azalması siyasəti həyata keçirildi. Sosial yönümlü iqtisadiyyat formalaşdırıldı. Bütün bunlar, təbiidir ki, Azərbaycanın iqtisadi gücünü kifayət qədər artırdı. Bunun sayəsində hərbi gücümüz də adekvat olaraq artdı. Bunlar hərbi sirr olmadığı üçün deyə bilərəm. Biz Rusiyadan 5 milyard dollar həcmində silah almışıq. Eyni zamanda 1,6 milyard dollar həcmində İsraildən ən müasir silahlar əldə etmişik. Cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə 1200-dən artıq adda hərbi məhsullar istehsal edən 20-dən artıq hərbi müəssisə fəaliyyət göstərir. Artıq biz həm də silah ixracatsısına çevrilmişik. Bütün bunları görəndən sonra Prezident bildirmişdi ki, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bu illər ərzində həm də bizim uğurlu diplomatiyamız formalaşıb. Son bir ay ərzində Prezidentin dünyanın nüfuzlu media qurumlarına verdiyi müsahibələrdə də görürük ki, ölkə başçısı şəxsən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ciddi işlər həyata keçirir. Bütün bu işlər bugünkü qələbələrimizi şərtləndirir”.
Müsahibimiz sonda vaxtilə dediyi bir fikirdən də sitat gətirdi: Mən vaxtilə demişdim ki, erməni əsgəri səngərdə əyilə-əyilə gəzir. Bu gün isə deyirəm ki, artıq o, əyilib də gəzə bilmir, diz çökmüş vəziyyətdədir”.
Məhəmmədəli QƏRİBLİ