Azərbaycan Ordusunun cəbhədə qazandığı saysız qələbə və bu uğurların ardıcıllığı Ermənistanın Baş naziri Nikol Paşinyanı və onun hökumətini ciddi şəkildə sarsıdıb. “Qarabağ Ermənistandır, nöqtə” kimi cəfəng fikirlər səsləndirən N.Paşinyanın deyəsən ağlı başına gəlib, Qarabağın Ermənistana aid olmadığını, heç zaman bu ölkənin ərazisinə daxil edilmədiyini nəhayət ki, dərk edib. Onu da dərk edib ki, tezliklə Azərbaycan torpaqları Ermənistanın işğalçı silahlı birləşmələrindən son qarışına qədər azad ediləcək.
Paşinyan “Əl-Cəzirə” kanalına müsahibəsində bildirib ki, “Qarabağ Ermənistan ərazisi deyil”. Müxbirin tutarlı sualları qarşısında aciz duruma düşən Paşinyan nəhayət ki, “Qarabağ Ermənistandır, nöqtə” fikrinin tam əksini söyləyərək, Qarabağın Ermənistan ərazisi olmadığını etiraf edib. Yüz milyonlarla tamaşaçı auditoriyasına sahib olan “Əl-Cəzirə”nin efirində Paşinyanın belə bir etirafda bulunmasını şərh edən ekspertlər hesab edirlər ki, Paşinyan Azərbaycan Ordusunun gücünü dərk etdiyi üçün, onun artıq açıq etiraf etməkdən başqa çarəsi qalmayıb. Paşinyanın sabit fikirli, sabit mövqeli biri olmadığını deyən ekspertlərin sözlərinə görə, o, gec-tez, bunu etiraf etməli idi. Ekspertlərin fikrincə, artıq Paşinyana həm beynəlxalq aləmdən, həm də daxildən ciddi təzyiqlər var və ondan işğalçılıq siyasətindən əl çəkməsi tələb olunur.
“Paşinyan artıq Azərbaycan Ordusunun real gücü ilə barışmağa məcburdur”
Tarixçi-analitik Adıgözəl Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyan qeyri-ciddi bir adamdır və onun vaxtilə səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” fikri də erməni auditoriyasına hesablanmışdı. Artıq beynəlxalq aləmdə və ölkə daxilində dayaqlarını itirən Paşinyanın beynəlxalq auditoriyaya bu cür etiraf etməsi onun özünü sudan quru çıxarması anlamına gəlir. Bu gün Ermənistan vətəndaşları və xaricdəki erməni lobbisinin baş verənlərə görə Paşinyanı kəskin qınadığını deyən A.Məmmədovun sözlərinə görə, bu səbəbdən də Paşinyan həqiqəti dilə gətirmək məcburiyyətində qalıb. Əslində, Paşinyanın uşaqlıqdan ciddi psixoloji problemlər yaşadığını deyən A.Məmmədov hesab edir ki, Paşinyanın belə bir etiraf etməsi həm də onun dəyişkən xarakterə, qeyri-sabit xasiyyətə malik olmasını göstərir. “Paşinyanın “Əl-Cəzirə”yə müsahibəsində Dağlıq Qarabağın Ermənistan ərazisi olmadığını etiraf etməsi onu göstərir ki, o, artıq dünyaya yalan danışa bilmir, daha doğrusu, beynəlxalq aləm onun nağıllarına inanmır. Çünki bütün dünya Dağlıq Qarbağın Azərbaycan ərazisi olduğunu bilir və Dağlıq Qarabağ bütün beynəlxalq sənədlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq tanınır. Paşinyana qarşı güclü təzyiqlər var. Onun “Qarabağ Ermənistandır, nöqtə” bəyanatından sonra bütün bu proseslər başladı. Ümumiyyətlə, Paşinyan artıq Azərbaycan Ordusunun real gücü ilə barışmağa məcburdur və ona görə də öz cəfəng fikrinin əksini söyləyib.
Əslində, biz Paşinyandan danışırıq, amma onun psixoloji portreti ilə tanış olmamışıq. Ümumiyyətlə, bu kimdir və özündə nəyi tərənnüm edir? N.Paşinyanın həyatına, keçmişinə baxdıqda görürük ki, onun həyatı başdan-başa ziddiyyətlərlə doludur. Bu da şübhəsiz ki, onun xarakterində özünü əks etdirir. Görürsünüz, dünən dediyi sözün bu gün tamam əksini deyir. Paşinyan uşaqlıqdan ailəsində faciələr yaşayıb, ögey ana himayəsində böyüyüb. Ögey anadan gördüyü şiddətlər onda nifrət, bütün çevrədən küskünlük kompleksi yaradıb. Özünü sübut etmək, doğrultmaq üçün etdiyi hərəkətlər, sonra isə özünəqapanma, geriyəçəkilmə kimi hallar onu həyatı boyu izləyib. Etirazçılara qoşulduğuna görə Paşinyanı ali məktəbdən qovublar. Anna Akopyanla da Soros Fondunun tədbirlərində tanış olub.
Zaman-zaman şantaja, şər-böhtana əl atmaq, öz fikrindən geri çəkilmək, əvvəlki mövqeyini inkar etmək, özünə etdiyi hərəkətlərin hesabatını verməmək Paşinyanın qeyri-ciddi xarakterindən irəli gələn məsələlərdir. Bu adam psixoloji sarsıntılar, eyforiya içində ağlına gələni deyir, sonra isə görür ki, ciddi tənqidlərlə üzləşir, buna görə ona təzyiqlər göstərilir, onda fikrindən geri çəkilir, dediyinin əksini söyləyir.
Paşinyan əsgərliyə də getməyib. O vaxt hərbi komissiya onu qeyri-adekvat bir adam kimi hərbi xidmətə cəlb etməyib. Bu onun xəstəlik diaqnozudur, bu psixoloji diaqnozuna görə onu əsgərliyə aparmayıblar” - deyə bildirən A.Məmmədovun sözlərinə görə, Paşinyan vaxtilə “Qarabağ Ermənistandır, nöqtə” sərsəmləməsinin əziyyətini hərtərəfli şəkildə çəkir.
A.Məmmədov əlavə etdi ki, Paşinyan hökuməti birdəfəlik Dağlıq Qarabağ iddiasından əl çəkməli və öz separatçı silahlı birləşmələrini bizim torpaqlardan çıxarmalıdır. O hesab edir ki, Paşinyan Dağlıq Qarabağın Ermənistan ərazisi olmadığını etiraf edibsə, işğalçı silahlı birləşmələrini də çəkib aparmalıdır.
İradə SARIYEVA