Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qətiyyətlə irəliləyir, düşmənə sarsıdıcı zərbələr endirir. Qəhrəman hərbçilərimizin qarşısında duruş gətirə bilməyən Ermənistan hərbi birləşmələri mülki insanları hədəfə alırlar.
Ermənilər beynəlxalq hüquqla qadağan olunmuş bomba və silahlardan istifadə etməklə təmas xəttindən kənarda olan şəhərlərə zərbələr endirir. Bu qətliam nəticəsində 4 uşaq hər iki valideynini itirib, 7 ailə tamamilə məhv olub. Bu barədə Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib. Onun sözlərinə görə, Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 1 körpə, 10 uşaq, 27 qadın, 53 kişi və 15 nəfər ahıl şəxs həlak olub: "Yaralılara gəlincə, 14 körpə, 36 uşaq, 101 qadın, 249 kişi və 45 ahıl şəxs xəsarət alıb. Statistik rəqəmlər gündəlik olaraq dəyişir. Həkimlər əlindən gələnləri edirlər".
Qeyd etdiyimiz kimi, son bir ay ərzində 7 ailə erməni vəhşiliyinin qurbanı olub. Əslində bu, Azərbaycan üçün tanış ağrıdır. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri SSRİ-dən qalma 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini darmadağın edərək, etnik azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törətdilər. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Mühasirədə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidilə şəhəri tərk etdi. Təəssüf ki, onların hamısı erməni vəhşiliyindən xilas ola bilmədi. Xocalı sakinlərindən 613-ü düşmən gülləsinin qurbanı oldu. 63 uşaq, 106 qadın, 70 qoca və qarı amansızcasına güllələndi, 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.
Xocalı soyqırımı zamanı 8 ailə, son bir ay ərzində isə 7 ailə erməni vəhşiliyinin qurbanı olub.
“Ermənilərin bu vəhşi terroru neçə-neçə ailənin faciəsinə çevrilir, uşaqların arzuları, ümidləri məhv olur”
Millət vəkili Fatma Yıldırım bildirdi ki, rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qətiyyətlə irəliləyir, düşmənə sarsıdıcı zərbələr endirir. Qəhrəman hərbçilərimizin qarşısında duruş gətirə bilməyən Ermənistan hərbi birləşmələri mülki insanları hədəfə alırlar. Gəncə və Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi bunu təsdiqləyir. Bu qətliam erməni vəhşiliyinin və barbarlığının növbəti göstəricisidir: “Ermənilərin bu vəhşi terroru neçə-neçə ailənin faciəsinə çevrilir, uşaqların arzuları, ümidləri məhv olur. Bu yaşananlar əsl insanlıq dramıdır”.
Həmsöhbətimizin sözlərinə görə, günahsız körpələrimizin qanına əli bulaşmış terrorçular bu cinayətlərə görə mütləq cavab verməlidirlər: “Bu həmin Ermənistandır ki, XX əsrin ən amansız qətliamlarından biri olan Xocalı soyqırımını törədib. Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin, digər şəhər və rayonlarımızın dinc sakinləri ballistik raketlərlə bombalanır. Bu qanlı hadisə nəinki Azərbaycan, bütövlükdə, bəşəriyyət, sülh, təhlükəsizlik üçün böyük təhdiddir. Dünya birliyi bu faciəyə ciddi reaksiya verməlidir. Amma biz görürük ki, nüfuzlu beynəlxalq təşkilatlar, böyük dövlətlər yenə də səssiz qalırlar. Doğrudur, hadisə yerində olan xarici jurnalistlər bu qətliamı öz gözləri ilə görüb, təmsil etdikləri kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayırlar. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin hadisə yerinə səfəri təşkil olunub. Bütün bunların nəticəsində bəzi ölkələrin və təşkilatların rəsmi nümayəndələri hadisəni pisləyiblər. Hətta ermənipərəst mövqeyi ilə tanınan “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatları da Bərdədə mülki əhaliyə qadağan olunmuş silahlarla hücum edildiyini etiraf etməyə məcbur olublar. Amma bu qətliama görə, sadəcə, təəssüflənmək kifayət deyil. Bu qanlı hadisəni törədən cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılması tələb olunmalıdır. Yalnız pisləmək bizi qane etmir, illərdir belə içiboş açıqlamaları eşidirik. İnsanlığa qarşı hərbi cinayət törədən təcavüzkar Ermənistan dövlətinə qarşı dərhal sanksiyalar tətbiq olunmalıdır. Bunların ancaq belə qarşısını almaq olar”.
Günel CƏLİLOVA