Məlum olduğu kimi, sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan sonra Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan dünyanın aparıcı media orqanlarına müsahibələr verirlər. Sözügedən müsahibələri müqayisə etdikdə görürük ki, bütün parametrlərə görə İlham Əliyev Paşinyanı üstələyir.
Ölkə başçısının beynəlxalq media qurumlarına verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni yalanlarının, təxribatlarının ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Sözügedən müsahibələrdə liderlik xüsusiyyətinə, fikirləri dolğun ifadə etmək bacarığına, xarici dillərdə daha mükəmməl danışmaq qabiliyyətinə görə Prezident İlham Əliyev daha üstün mövqedədir. Bütün bunlar açıq şəkildə özünü göstərir. Beynəlxalq ictimaiyyət bu müsahibələr vasitəsilə Qarabağda baş verənlərlə bağlı bilavasitə Prezidentin dilindən əsl həqiqətləri eşidir. Ölkə başçısının çıxışları ermənilərin Qarabağla bağlı dünya ictimaiyyətində yaratdıqları yanlış fikir və təəssüratları darmadağın etdi. Bu isə dünyanın əsl həqiqətdən xəbərdar olması, obyektiv şəkildə məlumatlanması və s. baxımından olduqca önəmli əhəmiyyətə malikdir. Paşinyanın müsahibələri isə çox uğursuz, sönük və məntiqsiz təsir bağışlayır.
Maraqlıdır, bəs ekspertlər bütün bunları necə dəyərləndirirlər? Xarici media orqanlarına müsahibələrində hər iki liderin hansı kəskin fərqləri üzə çıxdı? Eyni zamanda, söhbət həm də savad, dil qabiliyyəti, danışıq tərzi, özünü aparmaq mədəniyyəti və digər bu kimi xüsusiyyətlərdən gedir.
“Paşinyan ən adi suallar qarşısında çaşqınlığa uğrayır, özünü itirir, fikirlərini dolğun ifadə edə bilmir”
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, Prezident İlham Əliyev müqayisəolunmaz dərəcədə üstün təsir bağışlayır: “Əvvəla Paşinyan İlham Əliyevlə heç bir göstəricisinə görə müqayisə edilən lider deyil. Ümumiyyətlə, o, lider deyil. Paşinyan ölkəsini fəlakətə sürükləmiş küçə siyasətçisidir. Onun hakimiyyətdə olduğu ötən iki ildə biz gördük ki, Ermənistanın başına nə işlər gəldi. Bununla belə, Paşinyan qlobal platformalarda Ermənistanı bərbad şəkildə təmsil etdi. Üstəlik, İlham Əliyevlə üz-üzə gəldiyi qlobal platformalarda isə sadəcə olaraq biabır oldu. O biabırçılığı da təkcə biz demirik. Bunu Ermənistan xalqının özü də deyir ki, İlham Əliyev, necə deyərlər, Paşinyanı məhv edir. Paşinyanın müsahibələrində biz görürük ki, o, intellektual baxımdan, özünü aparmaq mədəniyyətinə görə çox aşağı səviyyədədir. Ümumiyyətlə, dövlətçilik və digər məsələlərə gəldikdə biz görürük ki, İlham Əliyevin zəkası həddən artıq üstündür. Bunu təkcə Paşinyanla müqayisədə demirəm. Ümumiyyətlə, bir lider olaraq İlham Əliyev çox böyük keyfiyyətləri ilə seçilir. Ötən bir ayda xarici media orqanlarına verilən müsahibələrə baxan hər kəs görür ki, heç bir sualın qarşısında aciz qalmır. Elə bir sual yoxdur ki, ona Prezident cavab verə bilməsin. Niyə? Ona görə ki, dövlət başçısı hazırlıqlıdır, təcrübəlidir, qətiyyətlidir və nə danışdığını, nə edəcəyini yaxşı bilir. Bir sözlə, strateji uzaqgörənliyi var. Yəni bütün bunlara görə də üzərinə gələn istənilən jurnalistə çox yüksək səviyyədə müsahibə verir, danışa və söhbət apara bilir. Hətta məqsədli şəkildə ünvanlanan qərəzli suallara belə, Prezident olduqca təmkinlə cavab verir. Nəticədə həmin jurnalist Prezidentin qarşısında pas vəziyyətində qalır. Bu baxımdan, Paşinyan barədə eyni sözləri deyə bilmərik. Çünki Paşinyan ən adi suallar qarşısında çaşqınlığa uğrayır, özünü itirir, fikirlərini dolğun ifadə edə bilmir. Bu adam hətta erməni dilində danışanda belə çaşıb qalır. Halbuki, Prezident İlham Əliyev təkcə Azərbaycan dilində deyil, həm ingilis, həm də rus dilində verdiyi müsahibələrdə olduqca çevik, qərarlı və danışdığını yaxşı bilən bir lider təsiri bağılayır”.
Ekspert onu da qeyd etdi ki, Azərbaycana qarşı informasiya savaşı aparanların əl-qolunu hər şeydən əvvəl Prezident özü bağlayır.
Vidadi ORDAHALLI