Ağ fosfor bombalarından istifadə beynəlxalq konvensiyalarla qadağan edilib və hazırda bu cür silahlardan terror qruplaşmaları və onların havadarları müntəzəm şəkildə istifadə edirlər. Belə cinayətkarlardan biri də məhz Ermənistan rəhbərliyidir.
Azərbaycanın Müdafiə Nazirliyi işğal altındakı Xocavənd rayonu istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə məlumat yayıb. Bu bir daha onu göstərir ki, Ermənistanın azğınlığı heç bir sərhəd tanımır. Ermənistanın Qarabağda fosfor tərkibli döyüş sursatlarından istifadə etməsi müharibə cinayətidir. Düşmən ölkə bununla beynəlxalq konvensiyaların tələblərini pozur. Qeyd edək ki, bu cür döyüş vasitələrini Suriyada Əsəd rejimi qüvvələri və İŞİD silahlıları tətbiq ediblər.
Onu da bildirək ki, Ermənistanın Azərbaycana qarşı fosforlu bombalardan istifadə etməsi işğalçı ölkənin ilk hərbi cinayəti deyil. Belə ki, oktyabrın 8-də Füzuli rayonunun ərazisinə atılan 122 millimetrlik tüstülü top mərmisinin tərkibində 3,6 kiloqram ağ fosfor aşkarlanıb. 2016-ci ildə Tərtərin Əskipara kəndinə də Ermənistan tərəfindən fosforlu bomba atılıb.
“Ağ fosfor tərkibli sursatlar tənəffüs və həzm yolu ilə orqanizmə daxil olduqda və ya yanmış nahiyələr vasitəsilə sovrulduqda…”
Hərbi ekspert Rasim İsgəndərov qeyd etdi ki, ağ fosfor tərkibli sursatlar tənəffüs və həzm yolu ilə orqanizmə daxil olduqda və ya yanmış nahiyələr vasitəsilə sovrulduqda həddən ziyadə zəhərləyici xüsusiyyətə malikdir və insanın sağlamlığı üçün ağır fəsadlar törədə bilər. Belə silahlar dəri ilə təmasda olduqda hətta bəzən sümüyə qədər nüfuz etməklə ağır, qismən və ya tam dərin yanığa və kimyəvi yanıqlara səbəb olur. Dəri vasitəsilə sovrulmuş fosfor insan bədənində kifayət qədər uzun müddət qala bilir və ürək, böyrək, qaraciyərin zədələnməsi, bir sıra daxili orqanların çatışmazlığı və yaxud ölümlə nəticələnir.
Həmsöhbətimiz onu da əlavə etdi ki, beynəlxalq humanitar hüquqa görə, mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə ağ fosforlu silahlardan atəş açmaq BMT-nin 1980-ci il “Adi silahların konkret növləri haqqında konvensiya”sının Alışdırıcı silahların istifadəsi haqqında qadağalar və ya məhdudiyyətlərə dair III Protokolu ilə qadağan edilir. Ancaq Ermənistan tərəfi öz adətinə sadiq qalaraq, beynəlxalq qanunvericiliyin tələbini heçə sayaraq, mülki əhalini hədəfə alır, qadağan olunmuş silahlardan istifadə edir: “Ermənistanın müttəfiqi olan Bəşər Əsəd qüvvələri Suriyada törətdikləri terror aktlarında ağ fosforlu bombalardan istifadə ediblər. Ona görə də Ermənistanın cinayətkar rəhbərliyinin də bu vasitəyə əl atması təəccüblü deyil”.
Günel CƏLİLOVA