Avropa Parlamentində bu günlərdə aldığı sərt diplomatik zərbədən sonra Ermənistanın xarici siyasətində digər istiqamətlərdə də mövqeyinin zəifləməsi müşahidə olunur. Xüsusən də İran və Rusiya ilə bu ölkənin münasibətlərində ciddi problemlər özünü getdikcə daha qabarıq formada büruzə verir.
Xatırladaq ki, Ermənistanın işğal siyasətinin bu qədər davam etməsində onun İran və Rusiya ilə münasibətləri mühüm rol oynayıb. Amma indi vəziyyət dəyişir və Ermənistana verilən dəstək geri çəkilir. Belə vəziyyət isə, ekspertlərə görə, Dağlıq Qarabağ münaqişəsinin gedişinə mütləq mənada təsirini göstərəcək. Hazırda Ermənistanın İranla münasibətlərində ciddi gərginlik müşahidə olunur. Xüsusən də Ermənistanın İsraildə səfirlik açması İranda ciddi etirazlara səbəb olub. Xatırladaq ki, hələ ötən həftə buna etiraz edən bir qrup tələbə Tehranda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları qeyd ediblər ki, Ermənistan hökuməti ikiüzlü və riyakardır. Bildirilib ki, diplomatiya adı altında yalan danışan rəsmi İrəvan səfirlik açmaq planlarına yenidən baxmalıdır. Erməni siyasi şərhçi Abraham Qasparyan bildirib ki, nümayişçilər rəsmi İrəvandan Təl-Əvivə qarşı düşmən mövqeyini qəbul etməyi tələb ediblər:“Tehranda Ermənistan səfirliyi qarşısında həyata keçirilmiş etiraz aksiyası İranın Ermənistana şəffaf mesajı idi”. Ermənistanın “Orbeli” mərkəzinin eksperti Karen Veranyanın sözlərinə görə, bu problem tamamilə həll olunmalıdır:“Ermənistan səfirliyi qarşısında etiraz aksiyası İran hakimiyyətinin xəbəri olmadan baş verə bilməzdi”.
Ümumiyyətlə, Ermənistanda hesab edilir ki, İranın narazı mövqeyi İrəvan üçün ciddi problemlərə çevriləcək. Bu xüsusda İranın Azərbaycana münasibəti və Qarabağ məsələsinə dair mövqeyi də Irəvanı kifayət qədər narahat edir. Düşmən ölkədə açıq etiraf edilir ki, Ermənistan hakimiyyəti istənilən yolla xarici əlaqələrdə hər şeyin yaxşı olduğunu göstərməyə çalışsa da, faktlar başqa şeydən xəbər verir. Ermənistan mediasının yazdığına görə, xarici işlər naziri Zöhrab Mnatsakanyan Ermənistan-İran münasibətlərinin normal şəkildə inkişaf etdiyini, Ermənistanın öz maraqlarını sona qədər davam etdirməsini və İrəvanın heç vaxt bir digər dövlət hesabına başqaları ilə münasibətlər qurmadığını əks etdirən məzmunda açıqlama versə də, real durum fərqlidir. “Politik.am” nəşri yazır ki, Nikol Paşinyanın kabinetinin səmimiliyinə Tehranda nə dərəcədə inandıqlarını söyləmək çətindir, ancaq İranın Bakıdakı səfirinin Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Azərbaycan parlamentinin üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyevlə görüşməsi çox şeydən xəbər verir:“Altı min illik dövlətçilik tarixi və altı min illik diplomatiya təcrübəsi olan İran, şübhəsiz ki, birbaşa Paşinyanın kabinetinə heç nə deməyəcək. Ancaq rəmzlər və mesajlar dilində deyilənlər və ya istəsəniz, xüsusilə belə görüşlərin əvvəlcədən olmaması halında, İrəvanın Təl-Əvivdə səfirlik açması qərar demarşı çox şeydən xəbər verir və indiki Ermənistan hökuməti buna məhəl qoymaya bilməz. İran Dağlıq Qarabağ münaqişəsinin həllində siyasi düzgünlüyün bütün mümkün hədlərini qoruyub saxlamışdı. İndi isə İranın Bakıdakı səfirliyi həmin görüş haqqında sözün həqiqi mənasında yazır: “səfir israr edir ki, Dağlıq Qarabağın sülh yolu ilə həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və bölgə ölkələrinin təşəbbüsü ilə həyata keçirilməlidir”. Əlbəttə, bölgə ölkələrinin kim olduğunu başa düşürük. Ermənistan artıq İran cəbhəsində də Azərbaycana uduzur”.
Erməni siyasi ekspert Karen Sarkisyan isə bildirir ki, İranla yanaşı, Rusiya ilə də bağlı Ermənistanın problemləri dərinləşir:“Nikol Paşinyan iqtidarı Rusiya ilə münasibətləri qırılma həddinə çatdırıb. Bu durumda Ermənistanın təkcə xarici yox, həm də daxili siyasi vəziyyəti olduqca gərgindir. Moskva bu vəziyyətdə Ermənistan Milli Təhlıükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan – “Çiçəklənən Ermənistan” Partiyasının qurucu sədri Haqik Tsarukyan - Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan üçlüyünü dəstəkləyir. Paşinyana daha çox zərbə vurmaq üçün isə Kreml iqtisadi rıçaqlardan, siyasi təzyiqlərdən, Qarabağ kartından da istifadə edəcək”. Erməni mediası yazır ki, bu durumda Rusiyanın Paşinyanı qəbul etməməsi təəccüblü deyil. Xatırlanır ki, hələ 2019-cu ilin sonunda Ermənistanın baş naziri “Kommersant”a müsahibəsində 2020-ci ilin birinci yarısında Rusiyaya ilk rəsmi səfər edəcəyini söyləmişdi. Paşinyan bu ilin əvvəlində Qafanda keçirdiyi mətbuat konfransı zamanı da gələcək səfəri barədə danışmışdi:“Vladimir Putinlə kifayət qədər çox tez-tez görüşürük. Bu təkcə birbaşa görüşlə bağlı deyil. Keçən il Rusiya Prezidenti ilə rəsmi səfərlər edəcəyimiz barədə razılığa gəldik və indi ilin birinci yarısında Moskvaya rəsmi səfərim barədə iş aparırıq”. Amma ilin birinci yarısı başa çatsa da, səfərdən xəbər yoxdur. Paşinyanın Moskvada rəsmi səfərlə qəbul edilməsindən imtina edilməsinə dair xəbərlər isə Putinin Paşinyanı qəbul etmədiyini nümayiş etdirir. Yayılan məlumatlara görə, Paşinyanın xarici siyasətdə yol verdiyi yanlışliqlar, Ermənistan daxilində Moskvaya bağlı adamları sıxışdırması, Ermənistanda fəaliyyət göstərən xarici bioloji laboratoriyalar haqqında müqavilənin imzalanmasının ləğvi Kremli hiddətləndirir. Bu yaxınlarda isə Paşinyanın iyunun 24-də Moskvada keçiriləcək hərbi paradda iştirak etməyə hazırlaşdığı məlum oldu. Xəbəri Paşinyanın mətbuat katibi Mane Qevorkyan KİV-lə söhbətində təsdiqləmişdi. O, Paşinyanın iştirak edəcəyini təsdiqlədiyini söyləsə də, ancaq gündəliyi və mümkün görüşlər haqqında hazırda məlumat olmadığını bildirib. Paşinyanın mətbuat katibindən hakimiyyətin iddiasına görə koronavirus yoluxması səbəbilə təxirə salınan rəsmi səfərin bəs nə vaxt olacağının dəqiqləşdirilməsinə cəhd edilib. Qevorkyan bir daha rəsmi səfərin koronavirus səbəbilə təxirə salındığını və bunun indiki məqamda nə vaxt reallaşacağını bilmədiyini söyləyib. Bu baxımdan, Ermənistan hökumətinin iddiaları inandırıcı deyil, çünki koronavirusla bağlı təxirə salınan hərbi parad iyunun 24-də Paşinyanın da iştirakı ilə keçiriləcək. Əslində 24 iyun səfəri Paşinyan üçün çox vacib və həlledicidir. Həmin gün Paşinyan rəsmi səfərlə qəbul edilməsinə razılıq verilməsi üçün Vladimir Putinin razılığını əldə etməyə çalışacaq. Amma erməni mediası yazır ki, Moskvadakı mənbələr Putinin buna qarşı olduğunu bildirir. “168.jam” bu xüsusda yazır: “Putin və ümumilikdə Rusiya Paşinyanı qəbul etmir. Burada bir məsələni xatırladaq ki, ötən həftə baş tutan mətbuat konfransı zamanı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin ABŞ-ın yardımı ilə Ermənistanda yaradılmış biolaboratoriyalarla bağlı Ermənistan-Rusiya müqaviləsinə toxunaraq, bu razılaşmanın ən qısa müddətdə imzalanacağına ümid etdiyini bildirib. O qeyd edib ki, koronavirus səbəbindən proses ləngiyib. Əslində, gecikmənin səbəbi tərəflərin məzmun mövzusunda razılığa gəlməmələridir. Rusiya kifayət qədər Ermənistanla maraqlanır, müntəzəm olaraq orada özünə qarşı təhlükəli hadisələrin baş verdiyinə dair şübhələrini artırır. İrəvan müntəzəm olaraq bunları rədd edir və rusiyalı mütəxəssislərin Rusiyanı təhdid edən heç bir şey olmadığına əmin olmaq üçün laboratoriyalara girməsinə icazə verməyə hazır olduğunu bildirir. İrəvan bunların ABŞ-ın köməyi ilə tikildiyini, lakin Ermənistanın mülkiyyəti olduğunu vurğulayır. Rusiya isə mütəmadi olaraq şübhələri artırır, bu da şübhə və ya nəticəyə gətirib çıxarır ki, Moskva bu laboratoriyaları “nəzakətli” şəkildə öz nəzarəti altına almaq istəyir. Səfir Kopırkin müəyyən mənada saziş məsələsinin həllinin Ermənistan, Rusiya və bütün postsovet məkanında sanitar-epidemioloji vəziyyətə faydalı təsir göstərəcəyini qeyd edərək, buna işarə edib. Bu, Moskvanın təkcə nəzarət etməyə, izləməyə deyil, həm də birbaşa de-fakto ələ keçirməyə çalışdığının əyani sübutudur. Başqa sözlə, problem həmişə olduğu kimi Ermənistanın suverenliyidir. Bu mənada, Rusiya hücumunun yalnız daxili siyasətdə deyil, həm də daxili hüquqi adlandırılan sahədə şiddətləndiyi aydın olur. Rusiya Ermənistanın addımlarından qəzəblidir və buna görə artıq İrəvanı cəzalandırmağı düşünür. Bu mənada istisna olunmur ki, Paşinyan Rusiyaya gedəcəyi halda Moskva onu aşağılamağa çalışacaq. Məsələn, Putin tərəfindən ayrıca qəbul edilməmə bunun göstəricisi olacaq. Əvəzində Azərbaycana edilən jest Paşinyana Qarabağ məsələsində də mühüm mesajlar verə bilər”. Digər tərəfdən, Moskvada Paşinyanın faşizmə xidmət edən Qaregin Njdenin müdafiəsinə qalxması, babasının SS-çilərlə işbirliyində olması da nəzərə alınır. Kremldə görürlər ki, Paşinyan Rusiya ilə Qərb arasında oyun oynamağa çalışır və faktiki olaraq hər addımında özünü daha rüsvayçı vəziyyətə salır. Azərbaycanla bağlı isə durum tamamilə fərqlidir. Bakının və İrəvanın fərqli siyasətini bütün dünya, İran, Rusiya, Avropa görür və buna görə də hər keçən gün Azərbaycana münasibət yaxşı mənada dəyişməkdədir. Təbii ki, belə vəziyyət Qarabağ münaqişəsinin gedişinə də öz təsirini göstərir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.