26/05/2020 23:41
728 x 90

Pandemiya dövründə Azərbaycanın növbəti davranış nümunəsi - 13 dövlətə, 3 beynəlxalq təşkilata “reklamsız” yardım...

Azər Həsrət: “...özünü reklama da yer verməməsi ayrıca qeyd edilməlidir”

img

“...Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik”. Bunu Prezident İlham Əliyev Bakının Nizami rayonunda yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Prezident qeyd edib ki, xarici ölkələrə Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik: "Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən, üç beynəlxalq təşkilata yardım göstərilib. Bu, bir daha bizim məsuliyyətimizi göstərir".

  • “Belə ağır günlərdə xüsusən də ehtiyacı olan dövlətlərə Azərbaycan öz yardım əlini uzatdı”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev bəşəri məsuliyyəti dərk edən dövlət və rəhbərdir. “Yəni bizim ölkəmiz bəşər qarşısında öz məsuliyyətini daha dəqiq dərk edən dövlətlərin önündə gedir. Ona görə də bu cür qlobal problemlər ortaya çıxanda Azərbaycan dövləti dərhal hərəkətə keçir. O baxımdan da Azərbaycan heç kimin xahişini, minnətini, istəyini gözləmədən, hər zamankı kimi, pandemiya dövründə də məsuliyyətli davrandı. Yəni həm ölkə daxilində vətəndaşların bu problemdən qorunması üçün operativ tədbirlər həyata keçirildi, həm də beynəlxalq səviyyədə işlər görüldü. Belə ağır günlərdə xüsusən də ehtiyacı olan dövlətlərə Azərbaycan öz yardım əlini uzatdı və bu da çox təqdirəlayiqdir. Təbii ki, pandemiyaya qarşı mübarizədə öndə gedən beynəlxalq təşkilatlar da gözardı edilmədi. Azərbaycan bu cür davranır və bu davranışı göstərmək üçün də imkanlara malikdir. Dövlətimiz, sadəcə olaraq, məsələn, Ermənistan kimi özünə qapanıb yalnız özünü düşünmür, Azərbaycan dövləti bütün dünyanın taleyinə biganə deyil və başqa mütərəqqi xalqların dövlətləri ilə birlikdə öz imkanlarını paylaşmağa üstünlük verir. Bizim dövlətimiz və onun başçısı yaxşı bilir ki, təkcə bir ölkə içində sərhədləri qapadaraq heç bir dövlət, xalq xoşbəxt ola bilməz. Ümumi bəşəri xoşbəxtlik əl-ələ verib qlobal problemləri birlikdə çözməkdən keçir. Bu, Azərbaycan dövlətinin söykəndiyi fəlsəfədir. Ona görə də Azərbaycan kiçik bir dövlət olmasına rəğmən, dünyanın ən böyük gücləri, ən böyük dövlətləri bizim dövlətimizlə hesablaşır. Bizim dövlətimizin mövqeyi onlar üçün hər zaman maraqlı olub. Pandemiya dövründə də Azərbaycan ən parlaq, diqqətçəkən dövlətlərin önündə gedir”.

A.Həsrət qeyd etdi ki, pandemiya ilə bağlı prosesləri hazırda proqnozlaşdırmaq çox çətindir. Amma pandemiya ilə bağlı indiyə qədər aparılan mübarizədə Azərbaycan, hər halda, mümkün olanın ən yüksəyini, ən artığını edib və etməyə də davam edir: “Əlbəttə, Azərbaycan dövlətinin müxtəlif dövlətlərə yardım etməsi məsələsində özünü reklama da yer verməməsi ayrıca qeyd edilməlidir. Yəni Azərbaycan ehtiyacı olan dövlətlərə yardım əlini uzadır, beynəlxalq qurumlara maliyyə dəstəyi verir, amma bu etdiklərini bütün dünyaya car çəkərək bildirmir. Sadəcə olaraq, bunu, bir növ, insanlıq borcu bilir. Ona görə də belə davranır” - deyə A.Həsrət vurğuladı.

İradə SARIYEVA

Son xəbərlər