Açıq rusofobiya ritorikası Ermənistanda sürətlənib. Artıq hökumətyönlü mətbuat orqanları da bu işdə fəallıq göstərirlər. Son vaxtlar belə yazıları öz “öhdəsinə” hökumətyönlü “Qraparak” və “Birinci informasiya” kimi nəşrlər götürüb.
Ermənistan mediasında qazın qiymətinə dair məqaləsində erməni publisist Aram Amatuni Avrasiya İqtisadi İttifaqı ölkələrini əsir düşərgəsi ilə müqayisə edib. Qeyd edib ki, bu ölkələr zorla ora yerləşdirilib.
Onun sözlərinə görə, qazın qiymətini azaltmaq üçün Rusiya müəyyən siyasi güzəştləri gözləyəcək, əks halda heç nə dəyişməyəcək: “Başqa sözlə, ya qazın qiyməti aşağı düşür, ya da Rusiya bu addımı atmır və buna uyğun olaraq aydın olur ki, Aİİ ortaq iqtisadi maraqlara deyil, sadəcə, Rusiyanın geosiyasi maraqlarına xidmət edir. Digər üzv ölkələrin yerləşdiyi bir əsir düşərgəsi Moskva üçün iqtisadi və siyasi xammal mənbəyindən başqa bir şey deyil. Bu vəziyyətdə məlum olur ki, kim daha güclü olacaq: Aİİ-yə üzv dövlətlərin suverenliyi və iradəsi, yoxsa əsir düşərgəsinin tikanlı məftilləri”.
Belə görünür ki, artıq dövlət mətbuatı səviyyəsində Paşinyan anti-Rusiya təbliğatını gücləndirib. Əvvəllər Rusiya əleyhinə olan yazılar müstəqil mətbuatda yer alırdısa, artıq hökumətyönlü mətbuatda da bu kimi yazıların sayı artır.
“O bununla Rusiyanı günahlandırmaq üçün zəmin formalaşdırır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistanda anti-Rusiya kampaniyası əsasən Paşinyan iqtidara gələndən sonra vüsət aldı. Çünki bu hakimiyyət Rusiyaya qarşı bir siyasət ortaya qoymalı və ölkəni Qərbə inteqarsiya etdirməli idi. Ancaq baş verənlər və ölkədə gedən proseslər Paşinyanın Rusiyanın buxovundan çıxmasına gətirib çıxarmadı. Çünki Ermənistan Rusiyanın forpostudur və Kremlin dəstəyilə ayaqda qalır. Ermənistan müstəqil dövlət kimi heç bir iqtisadi imkanlara malik deyil. Belə olan təqdirdə Ermənistanın Rusiyadan asılılığı davam edir. Rusiyanın bu ölkəyə ixrac etdiyi qazın qiymətlərində güzəşt etməməsi Paşinyan hakimiyyətini qıcıqlandırır. İrəvanın israrlarına baxmayaraq, Moskva güzəştə getmək fikrində deyil. Avrasiya İttifaqının iclasında Putin öz mövqeyini ortaya qoydu. Göründüyü kimi, Rusiyanın Ermənistana aşağılayıcı münasibəti ölkə mediasında qəzəb doğurur. Onlar artıq bunu aşağılayıcı hal kimi qəbul edirlər. Ona görə də artıq hökumətyönlü mətbuatda da Rusiyaya qarşı sərt yazılar dövriyyəyə buraxılır. Bu kampaniya Paşinyana sərf edir. O bununla Rusiyanı günahlandırmaq üçün zəmin formalaşdırır. Bu minvalla, Rusiyanın təsirini azaltmaq istəyir. Ancaq baş verənlər Kremldə qəzəblə qarşılanır və hazırda Moskva Paşinyanın əleyhinə yeni siyasi kurs götürüb”.
Vidadi ORDAHALLI