İyunun 17-də saat 23 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1985-ci il təvəllüdlü Cəlal Hüseynovun naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Yasamal Rayon Prokurorluğundan “Bakı-Xəbər”ə verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri görülüb. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.