Nərimanov Rayon Prokurorluğunun məlumatına görə, iyunun 18-də saat 01 radələrində Nərimanov rayon ərazisində paytaxt sakini, 1969-cu il təvəllüdlü Qəhrəman İmanovun idarə etdiyi “Azsamand” markalı 99-GV-137 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Risqli Xilasetmə Xidmətinin xilas etmə qüvvələri tərəfindən sıxılı vəziyyətdə qalan Q.İmanovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.