Trend-in məlumatına əsasən, bu barədə Bakıda keçirilən "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) tərəfindən "LUKoyl” şirkətinə ayrılan kredit sazişinin imzalanması mərasimindən sonra şirkətin Layihə və struktur maliyyələşmə departamentinin rəhbəri Oqtay Mövsümov deyib.
O bildirib ki, "Şahdəniz” layihəsi nəinki regionda, həmçinin bütün dünyada ən böyük qaz layihələrindən biridir: "Belə böyük kreditin ayrılması layihənin çoxları tərəfindən dəstəkləməsindən xəbər verir”.
O.Mövsümov qeyd edib ki, kredit şirkətə 12 il müddətinə və kifayət qədər yaxşı şərtlər daxilində verilib.
Departament rəhbəri SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) layihənin hazırlanmasında köməyə, həmçinin "Şahdəniz”in texniki operatoru BP şirkətinə maliyyələşmənin təşkil edilməsinə görə minnətdarlığını bildirib.
Onun sözlərinə görə, kreditin ayrılması dünya banklarının Azərbaycanda investisiya mühitini dəstəkləməsinin göstəricisidir.
"LUKoyl” şirkəti Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsi üzrə ikinci mərhələnin reallaşdırılmasında iştirak payının təmin edilməsi üçün 1 milyard dollar həcmində sindikatlaşdırılmış kredit alıb. Kredit üzrə sazişin imzalanma mərasimi bu gün Bakıda keçirilib.
12 il müddətinə olan 560 milyon dollarlıq kredit Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) tərəfindən təqdim ediləcək.
Qalan 440 milyon dollar AYİB və AİB-in vasitəçiliyi ilə 10 il müddətinə bankların sindikatı tərəfindən "B-loan” proqramı vasitəsilə veriləcək.
Sindikasiyanın iştirakçıları Fransanın "Societe Generale”, Çinin "Bank of China”, Hollandiyanın "ING” və İtaliyanın "UniCredit” banklarıdır.
Qeyd edək ki¸ "LUKoyl” şirkətinin "Şahdəniz” yatağının işlənməsi layihəsində iştirak payı 10 faizdir. "Şahdəniz-2” layihəsində iştirak payı çərçivəsində şirkətin əlavə maliyyələşdirilməsinin həcmi 3 milyard dollar təşkil edir.