"Bank Technique” ASC son dövrlərdə bank haqqında səslənən fikirlərlə bağlı açıqlama yayıb. Bankdan "APA-Economics”ə daxil olan məlumatda bildirilir ki, "Bank Technique” ASC ətrafında səslənən fikirlər Bank menecmenti və müştərilərində narahatlıq doğurur.
"Müəyyən çətinliklərimiz var, bunları aradan qaldırmaq üçün qüvvəmizi səfərbər edirik. Xərclərin optimallaşdırılması, bəzi strukturların minimallaşdırılması və müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində bütün mümkün tədbirləri həyata keçiririk. Bankın dayanaqlı mövqeləri bu çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək, biz buna əminik, necə ki, son üç il ərzində məcmu kapital əsaslı şəkildə yüksəldilmiş, 310 mln. manat vaxtı keçmiş kreditlərin 157 mln. manat həcmində yığımına nail olunub. Bank yüksək xidməti ilə 137 min müştərini öz ətrafında birləşdirə bilib. Müştəri vəsaitləri ilə bağlı, mövcud qanunvericiliyin tələblərinə əsasən tam məlumat verə bilməsək də, bununla belə bəzi internet-portallarda yer alan yazılara aydınlıq gətirmək istəyirik. Adı çəkilən "Araş Medical” yüzlərlə müştərilərimizdən biridir və həmin şirkətin hesabında yazılarda qeyd edilmiş vəsait olmayıb, hesabda olan vəsaitlərin isə hər hansı şəkildə batması təhlükəsi yoxdur. Bu həmçinin Bankımızda xidmət olunan digər müştərilərimizə də aiddir”,-deyə bankdan bildirilib.