Bu barədə fins.az-a "Xalq sığorta” şirkətinin sığorta hadisələri departamentindən bildiriblər. Belə ki, avtomobilini icbari qaydada sığortalamayan sürücülər qəza zamanı "Xalq Sığorta”da sığortalanan avtomobilə ziyan vurub maddi imkanının olmadığını əsas gətirərək zərəri ödəməkdən imtina edir. Nəticədə sığorta şirkəti ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli olur.
Şirkətdən bildirilir ki, son vaxtlar qəza törədib zərəri ödəməkdən yayınanların sayı 40 %-ə yaxın artıb. Ötən ilin 6 ayı ərzində subroqasiya tələbi ilə bağlı 7 hal üzrə məhkəməyə müraciət edilmişdirsə, bu ilin eyni dövründə sığortasız maşınla qəza törədib zərəri ödəməyənlərə qarşı 9-10 məhkəmə prosesi aparılır. Subroqasiya hallarında zərərlər əksər hallarda 2-10 min manat arasında olur. 2014-cü ildə təkcə «Xalq sığorta» şirkəti siğortasız sürücülərin şirkətə vurduğu zərərlə bağlı 20 məhkəmə işində qalib gəlib və bu işlərlə əlaqədar olaraq 230 189 manat ödəniş təmin edilib.