Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Petkim" şirkətinə məxsus olan 51% səhmin satışa çıxarılmasının səbəblərini açıqlayıb.
"APA-Economics"in xəbərinə görə, R. Abdullayev bildirib ki, SOCAR adıçəkilən şirkətdəki payını aldığı müddətdən sonra səhmlərin dəyəri artıb: "SOCAR şirkətdəki səhmlərinin 10%-i dövlətdən, bir qismini də bazardan alıb. Son 2 ildə "Petkim"in səhmlərinin nominal dəyəri 1,8 türk lirəsindən 4,35 lirəyədək artıb. Buna görə, biz bu səhmlərin bir hissəsini satmaq istəyirik. Bu, normal prosesdir".
Rövnəq Abdullayev Bakı-Supsa kəməri ətrafında baş verənləri Gürcüstanın siyasi məsələsi hesab edir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakı-Supsa boru kəməri ətrafında baş verən hadisələrə münasibət bildirib. "APA-Economics”in xəbərinə görə, R. Abdullayev bildirib ki, Azərbaycanın bütün boru kəmərləri işlək vəziyyətdədir və bütün işlər öz qaydasında həyata keçirilir.
"Supsa kəmərinə gəldikdə, bu, Gürcüstanın siyasi məsələsidir. Biz siyasi məsələlərə qarışmırıq. Texniki cəhətdən bizim bütün kəmərlərimiz buna hazırdır".
Xatırladaq ki, Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze APA-nın Gürcüstan bürosuna bildirib ki, Rusiya sərhədçiləri tərəfindən Gürcüstanın Tsixinvali regionundan keçən (Cənubi Osetiya) Bakı-Supsa neft kəməri üçün təhlükə yaranarsa biz alternativ layihəmizi həyata keçirəcək. Onun sözlərinə görə, Bakı-Supsa layihəsi ilə bağlı 2008-ci ildən etibarən problemlər yaşanır: "BP şirkəti avqust müharibəsindən sonra borunun 1,5 kilometrlik hissəsinə nəzarət edə bilmir. Çünki bu sahəyə rus hərbiçiləri nəzarət edirlər. Əgər bundan sonra problemlər yaranarsa, bizim 1600 metr uzunluğunda alternativ layihəmiz var".
Onun sözlərinə görə, Gürcüstan hökumətinə "osetinlərlə dil tapmağı təklif edirlər".