Nazirin sözlərinə görə, mövcud qiymətlər (yaşayaış, qida, daxili nəqliyyat və s.) artıq istehlakçılar tərəfindən də qəbul olunur və yay mövsümü zamanı Azərbaycanın heç bir guşəsində demək olar ki, yaşayış yerləri tapmaq mümkün olmur: "Yerləşmə səviyyəsi 100 faizə çatır. Xüsusilə də həftəsonu. Amma elə məqamlar var ki, müqayisə edildikdə bəzi regionlarda nisbətən ucuz və ya nisbətən daha bahadır. Bu, normal prosesdir".
Ə.Qarayev Azərbaycandakı turizm sahəsində qiymətlərin qonşu ölkələrlə müqayisədə baha olması məsələsinə isə belə reaksiya verib: "Gürcüstan, İran, Türkiyə, Rusiya, yəni qonşu ölkələr bu gün müxtəlif növ turizm xidmətləri təqdim edirlər. Azərbaycan turizmi Gürcüstan, İran, Rusiya və Türkiyə ilə müqayisədə fərqlidir. Bizim təqdim etdiyimiz proqramlar daha çox mədəniyyət, macəra, tarixi abidələrlə bağlıdır. Ona görə biz yerləşmə yerlərinin qiymətlərini sabit saxlamaqla xidmətlərin sahəsini genişləndirmək istəyirik. Yazırlar ki, Gürcüstana daha çox adam istirahətə gedir. Mən buna etiraz etmirəm. Qoy camaat gedib Gürcüstanı da görsün. Bu, normal prosesdir. Burada hansısa problem və ya sensasiya axtarmaq lazım deyil".
Onun sözlərinə görə, Azərbaycanda istirahət üçün ucuz yerlər də mövcuddur: "Azərbaycan turizm məkanı bu gün özünü tarazlaşdırıb. Bazar mövcuddur, onun istehsalçısı da var, istehlakçısı da. Artıq hamımız bazar günlərində asudə vaxtlarımızı təşkil etmək üçün yer, imkan tapırıq. Bəzən deyirlər ki, bizim Azərbaycanda ucuz istirahət etməyə imkanımız yoxdur. Var elə yerlər. Sadəcə, camaat həmin yerləri əvvəlcədən sifariş edir. Bu yerləri asanlıqla tapmaq çətindir".
Nazir həmçinin qeyd edib ki, yay mövsümündə turizm obyektlərinin, otellərin monitorinqi keçirilir və bu proses mövsümün sonunadək davam edəcək. Ə.Qarayev əlavə edib ki, hazırda sahibkarlar regionlarda üçulduzlu otellərin inşası məsələsinə maraq göstərirlər.