Çin yuanına investisiya Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta portfelinin diversifikasiyasına xidmət edən uzunmüddətli strategiyanın bir hissəsidir. Bunu Trend-ə ARDNF-dən Çinin fond bazarındakı mövcud qeyri-sabit vəziyyət fonunda bu ölkəyə investisiya qoyuluşlarının vaxtında olub-olmaması məsələsini şərh edərkən deyiblər.
Fonddan bildiriblər ki, yuan hazırda beynəlxalq maliyyə bazarlarında strateji əhəmiyyətli valyuta növüdür: "Çinin dövlət istiqrazları Fondun investisiya planının ilkin mərhələsidir, növbəti mərhələdə isə qiymətli kağızlara investisiya etmək planlaşdırılıb. Son dövrdə Çin qiymətli kağızlar bazarında müşahidə olunan eniş yəqin ki, müvəqqəti xarakter daşıyır. Fond uzunmüddətli investordur və Fondu ümumilikdə qlobal maliyyə bazarlarında və iqtisadiyyatda inkişafın fundamental əsasları maraqlandırır".