"ASAN xidmət" dünyada birinci yeri necə tutdu?
İlqar Hüseynli: "Bu qalibiyyət bütövlükdə Azərbaycanın uğurudur"
"ASAN xidmət"in əməyin mühafizəsinə və əməyə böyük dəyər verdiyi Britaniya Əməyin Mühafizəsi Şurasının da diqqətini çəkib"
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət" mərkəzləri Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən və müxtəlif dövlətlərdən olan 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə qalibi olub.
1950-ci ildə yaradılan Britaniya Əməyin Mühafizəsi Şurası 2004-cü ildə beynəlxalq dərəcəli təşkilat statusunu alıb. Təşkilatın başlıca məqsədi dünyada mövcud olan müəssisə və təşkilatların əməyin mühafizəsi sahəsində gördüyü işləri qiymətləndirməkdir. Belə ki, əməyin mühafizəsi sahəsində keyfiyyətli idarəetmə sistemi quran istənilən müəssisə bu təşkilata müraciət edə bilər.
Qalib olan bütün müəssisələrin nümayəndələrinə sertifikat təntənəli şəkildə hər il London şəhərində keçirilən mərasimdə təqdim edilir.
Müəssisənin adı "British Safety Council" təşkilatının rəsmi internet saytında dərc olunur. Həmçinin, təqdimetmə mərasimi BBC telekanalında nümayiş etdirilir.
Qeyd edək ki, Dövlət Agentliyi və "ASAN xidmət" mərkəzləri Keyfiyyəti İdarəetmə Sistemi və Əməyin Mühafizəsi sisteminin qurulması ilə bağlı 2014-cü il 19 fevral tarixində İSO 9001:2008, 2014-cü il 15 dekabr tarixində isə OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb.
"ASAN xidmət"in beynəlxalq mükafata layiq görülməsi ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Çünki bu qurum insanların problemlərini, adından da bəlli olduğu kimi, asan şəkildə həll edir.
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bizimlə söhbətində bildirdi ki, adıçəkilən qurumun beynəlxalq mükafata layiq görülməsi gözlənilən idi: "Çünki "ASAN xidmət"in məqsədi əhaliyə xidmət etməkdən ibarətdir. İnsanlar buraya müraciət edərkən heç bir haqsızlıq və ya xoşagəlməz durumla üzləşmir. Qayda-qanun nə tələb edirsə, "ASAN xidmət"də də vəziyyət o cürdür. Artıq neçə ildir bu qurum əhaliyə xidmət göstərir. Mən deyərdim ki, "ASAN xidmət"ə ən böyük mükafatı əhali verib.
Çünki insanların yanında bu qurum haqqında nəsə danışanda hər kəs böyük məmnuniyyət hissilə "ASAN xidmət"dən razılıq edir. "ASAN xidmət" ölkə ictimaiyyətinin sevgisini qazanıb".
Həmsöhbətimiz onu da əlavə etdi ki, adıçəkilən qurum əməyin mühafizəsi istiqaməti üzrə beynəlxalq mükafata layiq görülüb: "ASAN xidmət"in əməyin mühafizəsinə və əməyə böyük dəyər verdiyi Britaniya Əməyin Mühafizəsi Şurasının da diqqətini çəkib. Bu qalibiyyət bütövlükdə Azərbaycanın uğurudur".
Günel CƏLİLOVA