Yeni əskinaz 2020-ci ildə qadına seçim hüququ verən konstitusiyaya 19-cu düzəlişin 100-cü il dönümündə dövriyyəyə buraxılacaq. Xəzinədarlıq seçim üçün ictimai fikirlə maraqlanacaq.
Hazırkı əskinazlarda yalnız keçmiş ABŞ siyasi liderləri əks olunub. Onların hamısı ağdərilidir.
Xəzinədarlıq Departamentinin seçəcəyi qadın hazırkı əskinazda əks olunmuş Amerika inqilabının əsas adamlarından biri və ABŞ Xəzinədarlığının ilk katibi olan Alexander Hamiltonu əvəzləyəcək.
Hamiltonun təsviri 1929-cu ildən bəri bu əskinazda əks olunur. O Benjamin Franklinlə birgə ABŞ əskinazlarında əks olunan və prezident olmayan 2 siyasi fiqurdan biridir.
Qadın təsvirləri ABŞ pullarında əvvəllər də olsa da, o əskinaz və sikkələr geniş istifadə olunmayıb. Son dəfə qadın hüquqları müdafiəçisi Susan B. Anthony və hindu əsilli Sacagawea sikkələrdə təsvir olunsa da, hər iki sikkə tez zamanda dövriyyədən çıxıb.
Xəzinədarlıq Departamenti yenidənqurmanın əsas məqsədini saxta pul kəsənlərə mane olmaq üçün əlavə tədbirlərin görülməsi kimi izah edir.
Qadın qrupları isə əskinazlarda daha çox təmsil edilmək üçün təkid edir.
Bu ilin mart ayında müstəqil qrup 20 dollarlıq əskinazda sabiq prezident Andrew Jacksonu əvəzləyəcək qadının seçilməsi üçün müsabiqə keçirmişdi.
Müsabiqədə abolisionist Harriet Tubman finalçılar, sabiq birinci xanım Eleanor Roosevelt, hüquq müdafiəçisi Roza Parks və Cherokee xalqının lideri Wilma Mankillerə səs çoxluğu ilə qalib gəlib.