Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Türkiyədə Fransanın "Total” şirkətinə məxsus yanacaqdoldurma stansiyalarını almaqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet” qəzeti yazır.
Qəzet yazır ki, SOCAR-ın marağına səbəb aprelin 24-də "Total”ın Türkiyə bazarını tərk edəcəyi ilə bağlı verdiyi açıqlaması olub.
SOCAR-ın bu şirkətin Türkiyədəki paylarının 5,3 faizini əldə etmək niyyətində olduğu bildirilir.
Başqa detallar barədə qəzetin məlumatında qeyd olunmur.
Hazırda SOCAR Türkiyədə "Star” neft emalı zavodunun yaradılması ilə məşğuldur. Zavodun məhsulları yerli bazarda satılacaq.
SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan "SOCAR-Turkey”in rəhbəri Kənan Yavuz SOCAR tərəfindən "Total" şirkətinin Türkiyədəki yanacaqdoldurma məntəqələri şəbəkəsini almaq istəməsi barədə məlumatlara aydınlıq gətirib. "APA-Economics”in xəbərinə görə, K. Yavuz "BloombergHT” agentliyinə açıqlamasında yayılan məlumatı təkzib edib. O bildirib ki, SOCAR Türkiyə YDM bazarını tərk etmək istəyən "Total”ın YDM şəbəkəsini almaq niyyətində deyil və bununla bağlı tərəflər arasında heç bir danışıqlar aparılmayıb.