Azərbaycanda vətəndaşların mənzil-tikinti kooperativləri tərəfindən aldadılmasının qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev bu gün 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirib.
Baş İdarə rəisinin sözlərinə görə, təəssüf ki, vətəndaşların mənzil-tikinti kooperativləri (MTK) tərəfindən aldadılması halları var: "Biz belə hallarla mübarizə aparırıq. Bu dövr ərzində MTK-ların fəaliyyəti ilə bağlı bir sıra işlər aparılıb. Gələcəkdə belə halların qarşısının alınması üçün qanunvericiliyə müəyyən dəyişiklərin edilməsi nəzərdə tutulur. Bununla bağlı təkliflər hazırlanıb və müvafiq quruma təqdim edilib”.