Azərbaycan 2015-ci il dövlət büdcəsinin proqnozlarına dəyişikliklər edilməsi üçün hələ səbəb görmür. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib.
Onun sözlərinə görə, qanunvericilikdə müəyyən meyarlar var ki, onlardan sonra dəyişikliklər edilməsi lazımdır: "Lakin biz hələ buna ehtiyac görmürük. 2015-ci il dövlət büdcəsi proqnozlaşdırılarkən neftin qiyməti 90 dollardan götürülmüşdü, lakin neftin qiyməti aşağı düşdükdən sonra aydındır ki, bu rəqəm bir qədər yüksəkdir. Şübhəsiz ki, bu, dövlət büdcəsinin gəlirlər hissəsinə təsir edir. Lakin dövlət büdcəsinə birbaşa zərər o qədər də böyük deyil. Əlbəttə, neftin qiymətinin azalması ölkənin tədiyə balansına mənfi təsir edir".