Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin alimləri küçələrin işıqlandırılmasında istifadə etmək üçün LED işıq-diod mənbələrinin prototiplərini təqdim ediblər. Bunu Trend-ə Mərkəzdən deyiblər.
Söhbət hazırda küçələr, prospektlər, binaların fasadlarının və s. işıqlandırılmasında istifadə edilən lampaları əvəz edə bilən, enerji baxımından səmərəli və ekoloji təmiz işıqlandırma mənbələrindən gedir.
Mərkəzdən qeyd ediblər ki, işıqlandırma qurğularının korpuslarını dəyişmədən istifadə edilə bilən prototiplər hazırlanıb: "LED-in işıqlandırma parlaqlığı ənənəvi lampalardan geri qalmır. LED-in küçənin işıqlandırılmasında praktiki tətbiqinə hökumətin qərarından sonra başlana bilər".
Mərkəzin Gəncə Alüminium Zavodu və Sumqayıt Günəş Panelləri Zavodunun müəssisələrində mümkün LED istehsalına başlanılması barədə təklifi baxılması üçün hökumətə təqdim edilib.