Kəlbəcər İstisuyu iqtisadiyyatımızda önəmli paya sahib olacaq

Natiq Cəfərli: “Kəlbəcərin həm təbiəti, həm mineral suları, "İstisu” sanatoriyası böyük potensiala malikdir”

img

Kəlbəcər faydalı qazıntı yataqları, səfalı təbiəti ilə yanaşı, İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə də məşhurdur. Buradakı mineral bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.

Tərkibi faydalı minerallarla zəngin olduğu üçün bu suların sağlamlıq baxımından əhəmiyyəti böyükdür. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. Qara ciyər, öd kisəsi, qastrit, mədə-bağırsaq, sinir sistemi və digər xəstəliklərin müalicəsində müsbət nəticə göstərir. Elə ona görə də 1928-ci ildən “İstisu” artıq sanatoriya kimi istifadəyə başlayıb.

Erməni vandalları ərazilərimizi işğal etdikdən sonra oradakı təbii ehtiyatları istismar ediblər. Kəlbəcərdəki faydalı suyu da özününküləşdirərək, başqa adla bazara çıxarıblar. Lakin bu gün Kəlbəcər artıq bizdədir. İllərdir suyuna həsrət qaldığımız İstisu bizi gözləyir. Araşdırmalara görə, Kəlbəcərin İstisuyu Azərbaycan iqtisadiyyatına ciddi dividendlər gətirəcək.

“...həmin bölgə nəinki regional, hətta dünya miqyasında cazibə mərkəzinə çevrilə bilər”

İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, işğaldan azad olunan bütün torpaqların çox böyük turizm potensialı var: "Yəqin ki, təhlükəsizlik qaydaları tam təmin olunduqdan və infrastrukturla bağlı problemlər həll edildikdən sonra həmin bölgə nəinki regional, hətta dünya miqyasında cazibə mərkəzinə çevrilə bilər. Çünki 44 günlük müharibədə dünya mediasında həmin bölgələrin adları da tez-tez çəkildi. Bu, artıq tanıtım formalarından biri idi. Həmin rayonlar dünyada bir çox insanın və ölkənin yadında qaldı. Bunun təhlükəsizliklə bağlı təqdimatını da verdikdən sonra bura axın başlayacaq. Bölgənin böyük turizm potensialı var. O cümlədən, Kəlbəcərin. Kəlbəcərin həm təbiəti, həm mineral suları, "İstisu” sanatoriyası böyük potensiala malikdir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Kəlbəcərə böyük investisiyalar lazım olacaq: "Təhlükəsizlik, infrastruktur, oradakı binaların beynəlxalq standartlara uyğun şəkildə tikilməsi və sair işlər müəyyən investisiya xərcləri tələb edir. Qoyulan investisiya xərcləri bir müddətdən sonra özünü doğruldacaq. Gələn turistlərin sayı artdıqca, qoyulan investisiyaların geri qayıdışı təmin ediləcək”.

Günel CƏLİLOVA

Son xəbərlər