çərşənbə günü, 06 may 2026
     

Prezident pambıqçı fermerə “Əmək” ordenini şəxsən təqdim etmək istədiyini bildirdi

Image


Martın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Mədəniyyət Mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilib.

Dövlətimizin başçısı respublika müşavirəsində giriş nitqi söylədi:

- Biz bugünkü müşavirədə Azərbaycanda pambıqçılığın gələcək inkişafı ilə bağlı danışacağıq. Bildiyiniz kimi, 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik.

2016-cı ildə Sabirabad şəhərində, keçən il isə martın sonunda Saatlı şəhərində müşavirələr keçirilmişdir. Bu müşavirələrdə verilən tapşırıqlar yerinə yetirilir. Biz bu tapşırıqların yerinə yetirilməsi nəticəsində gözəl nailiyyətlərə də çata bilmişik. Bu gün isə pambıqçılığa dair üçüncü müşavirə Bərdə şəhərində keçirilir. Bərdənin pambıqçılıqda çox böyük ənənələri vardır. 1970-1980-ci illərdə Bərdə Azərbaycanın ən çox pambıq tədarük edən rayonlarından biri idi. Bərdəlilər yaxşı bilirlər ki, ulu öndər Heydər Əliyev bu sahəyə çox ciddi diqqət göstərirdi və dəfələrlə Bərdədə olmuşdur. Bərdədə pambıqçılıqla bağlı dəfələrlə zona müşavirələri keçirilmişdir. O illərdə Bərdədə pambığın tədarükü 120 min tona çatmışdır.

Bərdə uğurla inkişaf edir. Mən Prezident kimi dəfələrlə Bərdə rayonunda olmuşam. Bu, mənim Prezident kimi Bərdəyə altıncı səfərimdir. Bütün səfərlərdə verilən tapşırıqlar və onların icrası nəticəsində biz Bərdə rayonunda çox ciddi sosial-iqtisadi inkişafa nail ola bilmişik. Rayon uğurla inkişaf edir, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bərdə şəhəri gözəlləşir. Kəndlərdə də infrastruktur, yol infrastrukturu yaradılır. Bir neçə yol layihəsi icra edilmişdir. Dünən biz bir kənd yolu layihəsinin açılışını qeyd etdik. Yeni yol layihəsinin icrası ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Digər infrastruktur layihələri uğurla icra edilir. Bərdədə qazlaşdırma 100 faizə yaxınlaşır və demək olar ki, kəndlərin hamısı artıq qaz şəbəkəsi ilə təmin edilibdir. Bir neçə kənd qalıb ki, oraya da qazın verilməsi nəticəsində Bərdədə vətəndaşlar təbii qazla 100 faiz təmin olunacaqlar.

Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Digər məsələlər öz həllini tapır, sosial infrastruktur yaradılır, bir çox məktəblər tikilmişdir. Qarabağ bölgəsində birinci “ASAN xidmət” mərkəzi də məhz Bərdədə yaradılmışdır. Digər sosialyönümlü layihələr icra edilmişdir, Olimpiya Mərkəzi, Müalicə Diaqnostika Mərkəzi, uşaq xəstəxanası tikilmişdir. Yəni, bərdəlilər bütün bu işləri yaxşı bilirlər, bu işlərin fəal iştirakçılarıdırlar. Dövlət tərəfindən bundan sonra da Bərdə rayonunun inkişafına böyük diqqət göstəriləcək. O cümlədən Bərdədə kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.

Əlbəttə ki, kənd təsərrüfatının inkişafında pambıqçılıq xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, 1970-1980-ci illərdə Azərbaycanda məhz pambıqçılığa çox böyük diqqət göstərilirdi və o vaxt əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılmışdı. Əlbəttə ki, ondan sonrakı dövrdə biz daha çox ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olmağa başladıq və pambıqçılığın əkin sahələri azaldı. Biz bu gün bu barədə danışacağıq. Ancaq son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha onu göstərir ki, bu sahənin çox böyük gələcəyi var. Zəhmətkeşlər, fermerlər üçün bunun çox böyük gəliri var. Ölkə iqtisadiyyatı üçün də böyük faydası var.

Qeyd etdiyim kimi, 1970-ci illərdə Azərbaycanda pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. Onun dövründə bu rəqəm 3 dəfə artmışdır və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır. Heydər Əliyev Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə Azərbaycanda pambığın tədarükü bir milyondan 500 min tona düşmüşdür. Müstəqillik dövründə isə pambıqçılıq demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Əlbəttə, onu etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində bizim ciddi maddi imkanlarımız yox idi. Azərbaycan çox ağır vəziyyətdə idi. Xüsusilə, antimilli hakimiyyət – AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı. Həm iqtisadi, həm siyasi, həm hərbi böhran ölkəmizi çətin vəziyyətə salmışdı. Hakimiyyətə gəlmiş təcrübəsiz adamlar, ümumiyyətlə, iqtisadiyyat haqqında heç bir biliyə malik deyildilər, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı heç bir iş görülmürdü. Ümumiyyətlə, Azərbaycanda yaşanan xaos, anarxiya, hərc-mərclik imkan vermirdi ki, ölkəmiz inkişaf etsin. Yalnız 1993-cü ildən sonra - xalq Ulu Öndərə üz tutaraq onu hakimiyyətə dəvət edəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da inkişaf dövrü başlamış, islahatlar aparılmışdır. Hesab edirəm ki, o vaxt kənd təsərrüfatının inkişafı ilə bağlı ən önəmli qərar kənd təsərrüfatında işləyənlərin vergilərdən azad edilməsi idi.

Eyni zamanda, müstəqilliyimizin ilk illərində ölkə qarşısında o qədər ciddi problemlər durmuşdu ki, əlbəttə, pambıqçılığa həm maddi cəhətdən, həm vaxt baxımından diqqət ayırmaq prioritet məsələ deyildi. Ölkə çox ciddi çağırışlarla üzləşmişdi, böyük təhlükələr mövcud idi. 1990-cı illərdə sabitliyin bərpası, Azərbaycana böyük həcmdə investisiyanın cəlb edilməsi, Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün əsas vasitə kimi neft strategiyamızın uğurla icrası – bütün bunlar idi prioritet məsələlər.

Digər tərəfdən, biz ciddi şəkildə bazar iqtisadiyyatına keçidə başlamışdıq və hesab edilirdi ki, bazar iqtisadiyyatı hər şeyi özü tənzimləyəcək. O cümlədən, kənd təsərrüfatı ilə bağlı olan məsələləri bazar iqtisadiyyatı prinsipləri tənzimləyəcək və həll edəcək. Əlbəttə ki, bu yanaşmada böyük həqiqət var, amma, eyni zamanda, - pambıqçılığın tənəzzülə uğramasının timsalında biz bunu görürük, - əgər ciddi dövlət dəstəyi olmasa kənd təsərrüfatı inkişaf edə bilməz. Nəinki Azərbaycanda, bütün başqa ölkələrdə. Biz bilirik ki, hətta kənd təsərrüfatının inkişafında böyük uğurlar qazanmış aparıcı dövlətlər də kənd təsərrüfatına ciddi subsidiyalar, dotasiyalar verirlər, dövlət dəstəyi göstərilir, bir çox hallarda proteksionist tədbirlər görülür. Hər bir ölkə çalışır ki, öz bazarını qorusun. Əlbəttə, biz də Azərbaycanda kənd təsərrüfatının inkişafına çox ciddi dövlət dəstəyi göstəririk.

Son illər ərzində biz kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük nailiyyətlərə imza atmışıq. Bizim son illər ərzində əsas vəzifəmiz ərzaq təhlükəsizliyi məsələləri idi. Çünki sovet vaxtında Azərbaycanda pambıq, üzüm, meyvə-tərəvəz istehsal olunurdu, ancaq əsas ərzaq məhsulları başqa respublikalardan gəlirdi. Ona görə, biz, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etmək üçün işləyirdik, çalışırdıq, investisiyalar qoyulurdu. Hesab edirəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həllində çox ciddi uğurlara nail olmuşuq.

Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə çox yaxınıq. Ət istehsalı təxminən 100 faizə yaxındır, Azərbaycan özünü təmin edir. Süd istehsalı təqribən 80-85 faizdir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı - biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik. Yəni, bu sahələr prioritet idi.

Texniki bitkilər diqqətdən kənarda qalmışdı. Yenə də demək istəyirəm, bunun bir neçə səbəbi var. O cümlədən səbəblərdən biri də o idi ki, hesab olunurdu fermerlər özləri bilər nə əkər, nə biçər. Bu sahəyə böyük dövlət dəstəyi də göstərilmirdi. O ki qaldı, pambıqçılıqla məşğul olan özəl şirkətlərə, onlar da lazımi səylər göstərməmişlər, pambıqçılığa lazımi səviyyədə fikir verməmişlər, lazımi həcmdə sərmayə qoymamışlar və tədricən Azərbaycanda pambıqçılıq məhv olub gedib. Statistik göstəricilərə baxmaq kifayətdir görək ki, 2015-ci il pambıqçılıq tarixində ən acınacaqlı il olmuşdur. Cəmi 18 min hektarda pambıq əkilmişdir və cəmi 35 min ton pambıq tədarük edilmişdir.

2015-ci ilin sonlarından etibarən biz bu məsələ ilə ciddi məşğul olmağa başladıq. Qeyd etdiyim kimi, 2016-2017-ci illərdə müşavirələr keçirildi. 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi, biz bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatmışdır. Yəni, biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil. Bu gün biz gələcəkdə pambığın tədarükünü artırmaq üçün görüləcək işlər haqqında danışacağıq.

Biz dövlət xətti ilə böyük həcmdə müasir texnika almışıq, - 500-ə yaxın pambıqyığan kombayn, - onların böyük hissəsi artıq alınıb. Digər texnika - Azərbaycanda istehsal olunan traktorlar, eyni zamanda, xarici texnika, qoşqular. Dünən mən Bərdədə də texnikanın bir hissəsi ilə tanış olmuşam. Bu məqsədlər üçün böyük vəsait ayrılır. Gübrə ilə təminat yaxşılaşır. Azərbaycan dövləti bu sahəni də demək olar ki, öz üzərinə götürüb, 70 faiz güzəştlə gübrələr verilir. Bu sahədə əldə edilmiş uğurlara baxmayaraq, biz daha da ciddi işləməliyik. Gübrələrin keyfiyyəti daha yaxşı olmalıdır, bu sahəyə də böyük diqqət göstərilir.

Son illərdə meliorasiya sahəsində böyük layihələr icra edilmişdir. On minlərlə hektar torpaqda meliorativ tədbirlər görülmüşdür. O cümlədən, Bərdə rayonunda və digər rayonlarda bu sahəyə də çox böyük vəsait ayrılmışdır və digər kompleks tədbirlər görülmüşdür. Pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılmışdır. Prezident Administrasiyası, yerli icra orqanları, şirkətlər, fermerlər, zəhmətkeşlər artıq bir nöqtəyə vuraraq yaxşı nəticələrə imza atmışlar. İki il ərzində əldə edilmiş rəqəmlər bunun ən yaxşı göstəricisidir.

Pambıqçılıq əmək tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik.

Eyni zamanda, pambıqçılıq çox gəlirli sahədir və yaxşı gəlir gətirir. Pambıqçılıq ixracyönümlü sahədir. İxrac üçün bazarları axtarmağa ehtiyac qalmır, birjalarda satılır. Pambıqçılıq emal sənayesinə böyük təkan verir. İndi pambıqtəmizləmə zavodları işləyir. Onların əlbəttə ki, daha da böyük səmərə ilə işləməsi haqqında danışacağıq. Ancaq bu sahəyə də təkan verildi. Eyni zamanda, bunun yerli istehsala böyük dəstəyi oldu. Çünki biz indi özümüz həm pestisid istehsal edirik, Azərbaycanda heç vaxt pestisid istehsal olunmurdu. Keçən ildən başlayaraq pestisid istehsal etməyə başlamışıq. Bu il Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq. Özümüzü gübrələrlə təmin edəcəyik. Artıq Azərbaycanda suvarma texnikasının istehsalı təşkil olunub. Bu texnikanın istifadəsi nəticəsində biz məhsuldarlığı artıra bilərik. Mingəçevir şəhərində Yüngül Sənaye Parkı yaradılmışdır. Mən bu barədə əvvəlki müşavirələrdə öz sözlərimi demişəm, fikirlərimi bildirmişəm. Bütün lazımi tapşırıqlar verilmişdir. Bu ilin fevral ayında Mingəçevirdə Yüngül Sənaye Parkının iki yeni müəssisəsi fəaliyyətə başlamışdır. O müəssisələrdə 700-dən çox insan işləyir və 20 min ton iplik istehsal olunacaq. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin demək olar ki, yarısıdır. Əgər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməsəydi, bu müəssisələrə də ehtiyac qalmazdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər.

Yəni, görün pambıqçılığın ölkə iqtisadiyyatı üçün nə qədər böyük faydası var - ilk növbədə, məşğulluq, ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini inkişaf etdirir, yerli istehsala təkan verir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır. Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. İnanmıram dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin.

Biz bütün bunlara məqsədyönlü tədbirlər nəticəsində nail olmuşuq. Bir daha demək istəyirəm, əgər pambıqçılığa dövlət dəstəyi göstərilməsəydi, biz buna nail ola bilməzdik, 2015-ci ildə 35 min ton, bu il bəlkə də 20 min ton pambıq yığılardı-yığılmazdı, bu da bəlli deyil. Beləliklə, pambıqçılıq tamamilə məhv olub gedəcəkdi. Biz isə buna imkan vermədik. Pambıqçılığı qoruduq, bərpa etdik və bərpa edəcəyik.

Bugünkü müşavirədə həm görülmüş işlərlə bağlı məlumatlar səslənəcək, həm də görüləcək işlərdən danışacağıq. Qeyd etməliyəm ki, növbəti illərdə bizim əsas vəzifəmiz məhsuldarlığı artırmaq olacaq. Çünki keçən ilin təcrübəsi göstərir ki, böyük irəliləyiş var. 2016-cı ildə təqribən 90 min tona yaxın pambıq yığılmışdır, keçən il 207 min ton. Baxmayaraq ki, böyük həcmdə məhsul götürmüşük, ancaq hektardan məhsuldarlıq lazımi səviyyədə deyil. Bərdə rayonunda çox yaxşı səviyyədədir, 26 sentnerdən çoxdur. Lakin bəzi rayonlarda çox aşağıdır. Bunun səbəbləri təhlil edilir və edilməlidir ki, buraxılan nöqsanlara gələcəkdə yol verilməsin, məhsuldarlıq daha da yüksək olsun.

X X X

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söylədi:

- Giriş sözümdə qeyd etdiyim kimi, biz qısa müddət ərzində Azərbaycanda kompleks tədbirlər nəticəsində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. İndi əsas vəzifə ondan ibarətdir ki, bu müsbət dinamikanı saxlayaq, bunu artıraq və pambıqçılığın gələcək inkişafı ilə bağlı əlavə addımlar ataq. Bu il 22 rayonda pambıq əkiləcək və ümid edirəm ki, bütün bu rayonlarda məhsuldarlıq daha da yüksək olacaq.

Bugünkü çıxışlarda yüksək məhsuldarlıq olan rayonların icra başçıları, fermerlər görülən işlər haqqında məlumat verdilər. Onların sözləri və gördükləri işlər onu göstərir ki, yüksək məhsuldarlığı əldə etmək mümkündür. Əgər hansısa təsərrüfatda hektardan 55, 50, 40, 35 sentner məhsul götürülürsə, demək, bu, mümkündür. Çalışmalıyıq ki, bütün rayonlarda məhsuldarlıq daha da artsın.

Məhsuldarlıqla bağlı bəzi problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Bu problemlər haqqında bugünkü çıxışlarda da məlumat verildi. Elə etməliyik ki, bütün bu qüsurlar, çatışmazlıqlar ciddi təhlil olunsun və biz bunu edirik. Gələcəkdə bu səhvlərə yol verilməməlidir və bundan sonra Azərbaycanda pambıqçılığın inkişafı yalnız məhsuldarlığın artırılması hesabına təmin edilməlidir. Müsbət təcrübə öyrənilməli və geniş tətbiq edilməlidir. Mənfi təcrübə də ciddi təhlil edilməli və gələcəkdə səhvlərə yol verməmək üçün ciddi tədbirlər görülməlidir. Keçən il orta məhsuldarlıq 15,2 sentnerdir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Bu, çox aşağı göstəricidir. Baxmayaraq ki, qeyd etdiyim kimi, qısa müddətdə - 2 il ərzində biz pambıq tədarükünü 6 dəfə artıra bilmişik və bu gün 200 min tondan çox pambıq təhvil vermişik, məhsuldarlıq əlbəttə ki, bizi heç cür qane edə bilməz. Əgər biz orta məhsuldarlığı 20 sentner səviyyəsində təmin edə bilsəydik, biz keçən il 270 min ton pambıq götürə bilərdik.

Məndə olan cədvəldə həm yüksək, həm aşağı məhsuldarlıqla seçilən rayonların adları var. Bəzi məlumatları təqdim etmək istərdim. Məhsuldarlığa görə birinci yerdə Tərtər rayonudur – 27 sentner, çox yaxşı göstəricidir. İkinci yerdə Bərdə rayonu – 26,3 sentner. Üçüncü yerdə Biləsuvar – 21,8 sentner, dördüncü yerdə Ağcabədi – 21,5 sentner, beşinci yerdə Ağdam rayonu – 20,6 sentner və ondan sonrakı yerdə Cəlilabad rayonudur – 20 sentner. Bütün başqa rayonlarda məhsuldarlıq 20 sentnerdən aşağı olub – təqribən 18, 15, 13 sentner. Amma elə rayonlar var ki, məhsuldarlıq 10 sentnerdən də aşağı olmuşdur. Mən onların da adlarını çəkmək istəyirəm ki, onlar həm nəticə çıxarsınlar, həm də gələcəkdə öz işlərini daha düzgün qursunlar. Beləliklə, aşağıdan birinci yerdə Neftçala rayonudur – 8,2 sentner. Aşağıdan ikinci Hacıqabul – 8,3, Samux - 8,8, Ucar - 9,3, İmişli - 9,7 sentner. Mən məhsuldarlıq on sentnerdən aşağı olan rayonların adlarını çəkdim. Digər rayonlarda 10 sentnerdən çoxdur. Ancaq bu da əlbəttə ki, bizi heç cür qane edə bilməz. Ona görə bir daha demək istəyirəm, növbəti dövrdə ancaq məhsuldarlığa ciddi diqqət göstərilməlidir və biz çatışmayan bütün məsələləri aradan götürməliyik. Hesab edirəm ki, bu, mümkündür, sadəcə olaraq, işlər düzgün qurulmalıdır. Onu da qeyd etməliyəm ki, biz cəmi üçüncü ildir pambıqçılıqla ciddi məşğuluq. Əlbəttə, indi torpaqların seçilməsi, aqrotexniki tədbirlərin görülməsi, suvarma ilə, gübrələrlə, pestisidlərlə, onların keyfiyyəti ilə bağlı olan problemlər də var. Ona görə çox düzgün təhlil aparılmalıdır ki, gələcəkdə bu səhvlərə yol verilməsin.

Biz növbəli əkin sistemi tətbiq etməliyik. Bu, eyni zamanda, taxılçılığın inkişafına da ciddi təkan verəcəkdir. Emal müəssisələrinin gücünü artırmalıyıq. Hazırda yeni pambıqtəmizləmə zavodları tikilir. Bu, çox müsbət haldır. Əminəm ki, gələcəkdə pambığın tədarükü daha da artacaq, bizə yeni emal müəssisələri lazım olacaq. Bununla bərabər, bu gün fəaliyyətdə olan pambıqtəmizləmə zavodlarının mütləq əksəriyyəti sovet vaxtından qalan müəssisələrdir. Onlar artıq köhnəlib. Düzdür, fəaliyyət göstərirlər, ancaq lazımi səmərə ilə işləmirlər. Ona görə biz gərək emal sənayesini də tədricən yeniləşdirək. Yeni pambıqtəmizləmə zavodlarının tikintisi, eyni zamanda, keyfiyyətə də, məhsuldarlığa da müsbət təsir göstərəcək.

Burada qeyd olundu, bir daha demək istəyirəm ki, fermerlərə keyfiyyətli gübrələr verilməlidir. Keçən mövsümdə gübrələrin keyfiyyəti ilə bağlı bəzi problemlər olmuşdu. Dövlət bu böyük sahəni demək olar ki, öz üzərinə götürübdür. Gübrələrin 70 faizinin pulunu dövlət öz üzərinə götürür. Ancaq elə gübrələr gətirilməlidir ki, onların keyfiyyəti yüksək səviyyədə olsun və müvafiq qurumlar bu il bu məsələyə ciddi nəzarət etməlidirlər.

Bəzi çıxışlarda texnika ilə bağlı fikirlər səsləndi. Əlbəttə ki, biz özümüzü texnika ilə tam təmin edə bilməmişik. Bunun da təbii səbəbləri var. Biz cəmi iki ildir ki, texnika alırıq. Özü də hamımız yaxşı bilirik ki, son iki il ərzində dövlət büdcəmizin xərcləri ilə bağlı çox ciddi işlər aparılır. Yəni, biz lazım olmayan xərcləri ixtisar etmişik. Büdcə gəlirlərimizi sabit vəziyyətdə saxlamaq üçün əlbəttə ki, biz hər bir xərcə xüsusi diqqətlə baxırıq. Baxmayaraq ki, neftin qiyməti son iki il ərzində çox aşağı səviyyədə idi, bu il də hələ tam bərpa olunmayıb, kənd təsərrüfatı texnikasına çox böyük vəsait ayrılıbdır. Əgər büdcə xərclərinə nəzər salsaq görərik ki, bu texnikanın alınması üçün doğrudan da böyük vəsait ayrılmışdır. Son iki il ərzində kənd təsərrüfatı texnikasına 300 milyon manatdan çox vəsait ayrılmışdır. Onun da böyük hissəsi pambıqçılıq texnikasıdır. Fermerlər yaxşı bilirlər ki, biz ən qabaqcıl texnikanı alırıq. Biz pambıqçılıqda dünyanın bir nömrəli texnikasını alırıq. Əvvəlki dövrdə təkcə 370 pambıqyığan kombayn alınmışdır və bu il əlavə 100 pambıqyığan kombayn alınacaq. Lazım olarsa, biz gələcəkdə də texnikanın alınması ilə məşğul olacağıq. Ancaq məlumat üçün bildirmək istəyirəm ki, keçən il, ümumiyyətlə, 10 minə yaxın texnika alınmışdısa, bunun 5700-ü pambıqçılıq üçün alınmışdır. Bu il pambıqçılıq üçün yenə də 3 mindən çox texnika alınacaq. Ümumiyyətlə texnikanın alınması üçün bu il dövlət büdcəmizdə 160 milyon manat vəsait nəzərdə tutulub, bunun 118 milyon manatı pambıqçılıq texnikasına xərclənəcək. Yəni, bu rəqəmlər özlüyündə göstərir ki, biz pambıqçılığa nə qədər böyük diqqət göstəririk. Digər kənd təsərrüfatı sahələrinə də diqqət göstərilir, o sahələrin səmərəliliyini artırmaq üçün texnika alınır və alınacaq. Ona görə biz, necə deyərlər, hələ təzə başlamışıq və elə etməliyik ki, texnika ilə bağlı növbəti illərdə bir dənə də problem olmasın.

Toxumlar haqqında burada təkliflər səsləndi. Bu, çox ciddi məsələdir, fermerlər bunu yaxşı bilirlər. Toxumlardan, onların keyfiyyətindən çox şey asılıdır. Fermerlərə daha keyfiyyətli toxumlar verilməlidir və bu sahəni stimullaşdırmaq lazımdır. Eyni zamanda, razıyam ki, yerli toxum növləri də yetişdirilməlidir və biz bu məsələ ilə məşğul olacağıq.

Keçən il pestisidlərin keyfiyyəti bəzi hallarda lazımi səviyyədə deyildi və məhsuldarlığa da bunun çox mənfi təsiri olmuşdur. Ona görə bu il bu sahəyə çox ciddi nəzarət olunmalıdır və ancaq yüksəkkeyfiyyətli pestisidlər gətirilməlidir. Nəzərə alsaq ki, artıq Azərbaycan özü bu sahədə yerli istehsala start verib, əminəm ki, bu sahədə bundan sonra problem olmayacaq.

Əlbəttə ki, pambıqçılığın inkişafı və məhsuldarlığın artırılması üçün suvarmanın xüsusi rolu vardır. Bu gün səslənən çıxışda qeyd olundu ki, bu sahədə nə qədər böyük işlər görülür. Ümumiyyətlə bu gün infrastruktur layihələri arasında suvarma demək olar ki, ön plandadır. İlk növbədə ona görə ki, digər infrastruktur layihələri - elektrik enerjisi, təbii qaz, yol infrastrukturu, içməli su layihələri demək olar başa çatır, eyni zamanda, ona görə ki, bu sahə bilavasitə kənd təsərrüfatının inkişafına təsir göstərir. Keçən il 100 min hektar torpağın yeni su təminatını təşkil etmişik. Bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir və bunun böyük hissəsi pambıqçılığa aiddir. Bu sahədə həm artezian, subartezian quyularının qazılması, kanalların çəkilişi, meliorativ tədbirlərin yaxşılaşdırılması istiqamətində işlər görülür. Bu il kanalların tikintisi ilə bağlı mənim tərəfimdən bir neçə sərəncam imzalanmışdır. Əlbəttə ki, biz gələcəkdə bu işləri davam etdirəcəyik və pambıq yalnız yararlı, yaxşı suvarılan torpaqlarda əkilməlidir.

Əlbəttə, biz müasir irriqasiya sistemlərini tətbiq etməliyik. Dünyada bu sahədə qabaqcıl təcrübə öyrənilməlidir. Əlbəttə, ənənəvi üsullar var, ancaq bu gün bu sahədə inkişaf o qədərdir ki, biz ən qabaqcıl texnologiyaları Azərbaycana gətirməliyik. Kənd təsərrüfatı sahəsində böyük uğurlar qazanmış ölkələrin təcrübəsi tətbiq olunmalıdır ki, biz sudan səmərəli şəkildə istifadə edək. Keçən il Neftçala Sənaye Məhəlləsində pivot suvarma sistemləri zavodunun açılışı olmuşdur. Mən giriş sözümdə qeyd etdim, pambıqçılığın sənaye sahəsinin inkişafına da çox böyük təsiri var. Biz bunu görürük. Əgər biz kənd təsərrüfatı ilə ciddi məşğul olmasaydıq, bu pivot sistemləri zavodu da Azərbaycanda qurulmazdı. Pivot hazırda suvarma sahəsində ən qabaqcıl texnologiyadan biridir, amma təkcə bu deyil. Ona görə bu sistemin Azərbaycanda istehsalı, əlbəttə, çox müsbət haldır və həm özəl şirkətlər, həm dövlət pivot sistemləri alıb quraşdırmalıdır. Ancaq biz suvarma ilə bağlı digər üsullardan da istifadə etməliyik, o cümlədən damcılı suvarma sistemləri də geniş tətbiq edilməlidir.

Biz, eyni zamanda, pestisidlər zavodunun açılışını qeyd etdik. Bu, Sumqayıt Kimya Sənaye Parkında açılmış bir zavoddur. Elə etməliyik və əminəm ki, bu zavodun istehsal gücü daxili tələbatı tam ödəyəcək, hətta ixrac potensialı yaranacaq. Əlbəttə ki, keyfiyyətə də ciddi nəzarət olunacaq. Elə etməliyik ki, dövlət öz dəstəyini göstərərək pestisidləri alıb fermerlərə təqdim etsin.

Pivot sistemlərini tətbiq edərkən biz məhsuldarlığı qısa müddət ərzində ciddi şəkildə artıra bilərik. Yəni, indi təhlil və qabaqcıl beynəlxalq təcrübə göstərir ki, pivot altında olan pambıq sahələrində hektardan 35-40 sentner pambıq götürmək olar, rahat götürmək olar, daha da çox. Yəni, mən aşağı həddi deyirəm. Ona görə, əgər biz Azərbaycanda pivot sistemlərini geniş tətbiq etsək, - biz bunu edəcəyik, - əlbəttə ki, bu, özlüyündə məhsuldarlığa çox ciddi müsbət təsir göstərəcək.

Bir daha qeyd etməliyəm ki, pambıqçılıq ancaq intensiv üsullarla inkişaf etməlidir. Biz torpaq fondumuza çox ciddi yanaşmalıyıq. Biz indi böyük aqroparklar yaradırıq, 40-dan çox aqropark yaradılır. Onların böyük hissəsi heyvandarlıq üzrədir, eyni zamanda, bitkiçilik sahəsini əhatə edir. Bu aqroparklara yüz min hektardan çox torpaq ayrılmışdır. Ona görə, biz torpaq fondumuza çox böyük səmərə ilə ehtiyatla və diqqətlə yanaşmalıyıq. Biz nəinki pambıqçılığı, kənd təsərrüfatının bütün digər sahələrini də ancaq intensiv üsullarla inkişaf etdirməliyik.

Qeyd etdiyim kimi, pambıqçılığın işsizliyin aradan qaldırılmasına böyük dəstəyi var. Biz bunu keçən il görmüşük. Qeyd etdiyim kimi, 200 minə yaxın insan işlərə cəlb edilib. Bu il ən azı bu qədər insan işlərə cəlb edilməlidir və əlbəttə ki, zəhmətkeşlərin iş şəraiti lazımi səviyyədə təşkil olunmalıdır. Tarla düşərgələri, içməli su ilə, nəqliyyatla təminat lazımi səviyyədə olmalıdır. Həm tədarükçü şirkətlər, həm yerli icra orqanları bu sahəyə xüsusi diqqət göstərsinlər.

Burada da qeyd edildi, dövlət tərəfindən ayrılan subsidiyaların çox böyük təsiri olmuşdur. Yəni, 10 qəpik subsidiya böyük dəstəkdir. Eyni zamanda, biz pambığın satınalma qiymətini tədricən artırmışıq, 41 qəpikdən 60 qəpiyə qaldırmışıq. Biz bunu ona görə edirik ki, vətəndaşlar daha çox pul qazansınlar. Yəni, bizim əsas məqsədimiz bundan ibarətdir. Əlbəttə, pambıq ixracyönümlü məhsuldur və ölkəyə valyuta gətirir. Ancaq əgər biz ümumi valyuta gəlirlərimizi nəzərə alsaq, pambıqdan əldə olunan gəlir onun cüzi faizini təşkil edir. Yəni, bu, maliyyə baxımından o qədər də böyük əhəmiyyət daşıyan sahə deyil. Ona görə pambıqçılığın inkişafı bizim üçün, ilk növbədə, sosial amildir, sosial sahənin gücləndirilməsidir və yəni, işsizliyin aradan qaldırılması istiqamətində bunun çox böyük faydası var. Bu subsidiyaların verilməsi, alış qiymətinin artırılması yenə də bizim sosial siyasətimizi göstərir. Biz istəyirik ki, vətəndaşlar daha da çox pul qazansınlar. Tarlalarda işləyən o vətəndaşlar, əlbəttə, fermerlər daha çox pul qazansınlar və onların rifah halı yaxşılaşsın.

Məhsul yığımı vaxtında aparılmalıdır. Biz keçən il hələ ilin sonuna qədər pambığı yığırdıq. Sonra soyuqlar düşdü, yağışlar yağdı, məhsulun bir hissəsi tarlalarda qaldı. Ona görə yığım vaxtında aparılmalıdır və payız aylarına qədər başa çatmalıdır. Ona görə işlər elə təşkil edilməlidir ki, burada ləngimələr olmasın.

Qəbul məntəqələri, pambıqtəmizləmə zavodları fasiləsiz elektrik enerjisi ilə təmin olunmalıdır. Keçən il biz buna demək olar ki, nail olmuşuq. Bu il də bu sahəyə çox ciddi diqqət göstərilməlidir.

Ölkəmizdə geniş vüsət alan kənd yollarının salınması öz növbəsində, kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərir. Əlbəttə, bu, ilk növbədə, kəndlərdə yaşayan vətəndaşların rahatlığı üçün icra edilən layihələrdir. Keçən il 500-dən çox kənddə layihələr icra edildi, bu il isə ən azı 600 kəndin yolu yenidən salınacaq, ən azı, yəni, ondan daha da çox olacaq. Bu da özlüyündə kənd təsərrüfatının inkişafına ciddi təkan verəcək. İtkiləri minimuma endirmək lazımdır.

Əlbəttə, kadr hazırlığına ciddi fikir verilməlidir. Qeyd etdiyim kimi, son illər ərzində - 2016-cı ilə qədər pambıqçılıq tənəzzülə uğradığı üçün bu peşəyə yiyələnmək istəyənlərin də sayı çox az idi. Bu sahə demək olar ki, ciddi kadr təminatı ilə dəstəklənmir. Ona görə indiki şəraitdə Azərbaycan Dövlət Aqrar Universitetində pambıqçılıq ixtisasının yaradılması məqsədəmüvafiq sayıla bilər. Bu, nəzərə alınsın və eyni zamanda, texniki peşə məktəblərində də bu sahəyə xüsusi diqqət göstərilsin. Azərbaycanda pambıqçılığın böyük gələcəyi var. Bizə hazırlıqlı mütəxəssislər, kadrlar, müasir texnologiyaları bilən kadrlar lazımdır.

Mən keçən il Saatlı rayonunda keçirilmiş müşavirədə qeyd etmişdim ki, Mingəçevir Yüngül Sənaye Parkının açılışı gözlənilir. Bu ilin fevralında bu parkda birinci zavodlar, fabriklər işə düşdü. Bu, böyük sənaye kompleksi olacaq, Mingəçevir şəhərində işsizliyin aradan qaldırılmasına kömək göstərəcək. İndi iki fabrikdə 700-dən çox insan işləyir. Növbəti dövrdə yeni fabriklərin yaradılması nəzərdə tutulur. İndi hazırlıq işləri gedir. Ancaq qısa müddət ərzində iki böyük iplik fabriki işə düşdü. Mən bunu qeyd etdim, bir daha demək istəyirəm, bu fabriklər 20 min ton iplik istehsal edir. Fabriklər açılana qədər Azərbaycanda iplik istehsalı 24 min ton idi. Altı fabrik fəaliyyət göstərirdi. Bu iki fabrik demək olar ki, onun yarısını təmin edir. Bu da ixracyönümlü məhsuldur. Biz indi pambığı mahlıca, mahlıcı isə ipliyə çeviririk və ixrac edirik, eyni zamanda, daxili istehsalda bundan istifadə edirik. Yeni iplik fabriklərinin tikintisinə ehtiyac olacaq, çünki bizdə pambıq istehsalı artacaq. Biz elə etməliyik ki, tədarük edilən bütün pambıq, ondan hazırlanan mahlıc Azərbaycanda emal olunsun, ipliyə və ondan sonra hazır məhsula çevrilsin. Biz bu işlərə əlavə dəyər qataraq həm minlərlə yeni iş yeri yaradacağıq, həm də daha böyük qiymətə rəqabətqabiliyyətli məhsul ixrac edəcəyik. Yəni, biz artıq bu işin ortasındayıq. İplik fabriklərinin emal gücü 44 min tondur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Ondan sonra bununla paralel olaraq hazır məhsulun istehsalı da nəzərdə tutulmalıdır.

Bax, görün, pambığın istehsalı ölkəmizə nə qədər böyük xeyir gətirir. Qeyd etdiyim kimi, bu, ölkəmizə valyuta, yeni texnologiyalar gətirir, nəinki pambıq yetişdirən rayonlarda, indi Mingəçevir şəhərində iş yerləri yaradılır. Çünki bu fabriklər dünyanın ən qabaqcıl texnologiyaları əsasında fəaliyyət göstərirlər.

Keçən il olduğu kimi, bu il də bütün aidiyyəti qurumlar, mərkəzi, yerli icra orqanları, tədarükçü şirkətlər, fermerlər, zəhmətkeşlər bir komanda kimi fəaliyyət göstərməlidirlər. Mövsüm ərzində mövcud olan, yəni, qarşıya çıxacaq problemlər dərhal öz həllini tapmalıdır və elə etməliyik ki, biz bu mövsümü maksimum səmərə ilə başa vuraq.

Mən əmək resursları ilə bağlı rəqəmləri səsləndirdim. İki yüz minə yaxın insan bu işlərə cəlb edilmişdir. Rayonlarda əmək resurslarını müəyyənləşdirmək onları bu işlərə dəvət etmək üçün yerli icra orqanları işləməlidirlər, məlumat verilməlidir. Yəni, hər gün pul qazanmaq üçün pambıqçılıq çox əlverişli bir sahədir və rayonlarda da əmək resurslarımızın təhlili ciddi aparılmalıdır. Çünki son illər ərzində Azərbaycanda artan iqtisadi fəallıq nəticəsində on minlərlə yeni iş yeri yaradılıb, o cümlədən özəl sektorda. Çünki indi dövlət özəl sektora çox böyük dəstək verir.

Keçən il iqtisadi sahədə sabitləşmə ili olmuşdur, bu il isə inkişaf ilidir. Bu ilin iqtisadi göstəriciləri ürəkaçandır. İki ay ərzində qeyri-neft sənayesi 8 faizdən çox, qeyri-neft sektoru 2,3 faiz, kənd təsərrüfatı 3,4 faiz artmışdır. O cümlədən bitkiçilik 40 faizdən çox artmışdır. Ona görə bu iqtisadi fəallıq əlbəttə ki, özəl sektorda iş yerlərinin yaradılmasına xidmət göstərir. Eyni zamanda, pambıqçılıqda və kənd təsərrüfatının digər sahələrində çox fəal işlər aparılır. Orada da yeni iş yerləri yaradılır. Artıq bir neçə ildir ki, mənim təşəbbüsümlə dövlət tərəfindən yaradılmış ictimai işlərə vətəndaşlar cəlb olunurlar. Mənə dünən verilən məlumata görə, təkcə Bərdə şəhərində yüzlərlə insan ictimai işlərə cəlb olunub, digər şəhərlərdə də mənzərə təxminən eynidir. Ona görə biz əmək resurslarımızı bilməliyik. Həm mərkəzi, həm də yerli icra orqanları bunun təhlilini aparmalıdırlar. Biz gələcək iqtisadi inkişafımızı, o cümlədən əkin sahələri ilə bağlı planlarımızı, ümumiyyətlə iqtisadi sahə ilə sənaye sahəsi ilə bağlı planlarımızı əmək resurslarımızın düzgün təhlilinin aparılması üzərində qurmalıyıq.

Bizdə demoqrafik dinamika çox müsbətdir, əhali artır. Yaxın gələcəkdə on milyon səviyyəsinə çatacaq. Bu, bizim böyük üstünlüyümüzdür və biz əmək resurslarımızdan səmərəli şəkildə istifadə etməliyik. O cümlədən, builki mövsümdə bu sahəyə ciddi fikir verilməlidir.

Bir sözlə, mən əminəm ki, keçən il əldə edilmiş nəticələrin müsbət və mənfi tərəfləri bu il ciddi təhlil olunacaq. Bu il biz daha da yaxşı nəticələrə çatacağıq, məhsuldarlıq, pambığın tədarükü artacaq və pambıqçılığın inkişafı bundan sonra da sürətlə gedəcək. Bu işlərdə sizə uğurlar arzulayıram.

Bildiyiniz kimi, bir müddət bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda yeni orden təsis edilmişdir – “Əmək” ordeni. Bu təşəbbüsü mən hələ pambıqçılığa həsr olunmuş birinci müşavirədə irəli sürdüm. Bu orden təsis edilib və bu ordenlər artıq verilir. Bu ordenin üç dərəcəsi var. Bu gün bu mərasimdə keçən il pambıqçılığın inkişafında fərqlənən fermerlərə birinci dərəcəli “Əmək” ordenini mən şəxsən özüm təqdim etmək istərdim.

X X X

Sonra “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu.

Prezident İlham Əliyev fermerlər Fatma Hüseynovaya, Tofiq İsmayılova və Fazil Musayevə 1-ci dərəcəli “Əmək” ordenlərini təqdim etdi.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Heyf ki, Türkiyə Ermənistanın bu oyununa getdi... Ani körpüsünün Ermənistana nə dəxli var?!...

Britaniya Kralı Trampla zarafat etmədi ki... Onu tarixi faktla sərrast vurdu... Hələ 6 il əvvəl İlham Əliyev isə... - Aydın QULİYEV yazır...

Tarixdə ilk İrəvan-Avropa sammitinin gizli hədəfləri...

SON XƏBƏRLƏR

06.05.2026 / 19:51
Almaniya liderləri Aİ-nin İrəvan sammitlərini “boykot” etdilər...

06.05.2026 / 19:33
Əliyevin hərbi-texniki əməkdaşlıq tərəfləri kimi üç maraqlı seçimi...

06.05.2026 / 19:16
ABŞ-İran atəşkəsi qüvvədə - Hörmüz böhranı dərinləşir...

06.05.2026 / 19:05
Avropa İttifaqı Ermənistana üzvlük vədindən imtina etdi...

06.05.2026 / 18:41
Heyf ki, Türkiyə Ermənistanın bu oyununa getdi... Ani körpüsünün Ermənistana nə dəxli var?!...

06.05.2026 / 18:05
Makron İrəvanda hər şeyi etiraf etdi - İlham Əliyevi illər əvvəl dedikləri təsdiqləndi...

06.05.2026 / 17:23
Masazırda naməlum şəxslər sakinləri təşvişə salır - ərazi nəzarətə götürüldü

06.05.2026 / 17:01
ABŞ və İran arasında 14 maddəlik gizli razılaşma... Vaşinqton Tehrandan cavab gözləyir - son 48 saat...

06.05.2026 / 16:47
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılması qadağan edildi

06.05.2026 / 16:45
Dilənçiliyə görə cərimə tətbiq olunacaq...

06.05.2026 / 16:43
İnzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq

06.05.2026 / 16:40
Xüsusi icra məmurları haqqında qanunvericiliyi pozanlar cərimələnəcək

06.05.2026 / 16:35
Xomeyninin hakimiyyətə gətirilməsində Türkiyə də iştirak edib... 50 illik sirlər...

06.05.2026 / 16:07
Makron İrəvanda Bakı ilə bağlı söz verdi - özünü çətinə saldı...

06.05.2026 / 15:59
AB Ermənistanla 4 prioritet müəyyənləşdirdi -hərbi hazırlıq ön sırada...

06.05.2026 / 15:33
Fikodan anlaşılmaz mövqe - 9 Mayda Moskvaya gedəcək, lakin paradda olmayacaq...

06.05.2026 / 15:15
Qazaxıstandan Rusiyaya cavab zərbəsi?...Neft elektrikə qarşı...?

06.05.2026 / 15:05
Rusiyadan qaçaq qaz daşınmasına Türkiyəni də bulaşdırdılar...

06.05.2026 / 14:44
İranın pulkəsən maşınları gecə-gündüz işləyəcək - Mərkəzi Bank sədri Pezeşkiana məktub yazdı...

06.05.2026 / 14:38
Kuklaçılar sığınacaq sakinlərinin qonağı olub

06.05.2026 / 14:33
Əliyevin İrəvan sammitində çıxışı erməni radikallarına "od qoyub"...

06.05.2026 / 14:30
Türk Dünyasında İnteqrasiya və Texnoloji dönüş: Bakıda strategiya və qardaşlıq vurğusu

06.05.2026 / 14:27
Baş nazir Azərbaycan üçün “Avropaya imtiyazlı keçid qapısı” rolu təklif etdi...

06.05.2026 / 14:23
Qlobal Dizayn Forumu İstanbulda beynəlxalq dizaynerləri bir araya gətirəcək

06.05.2026 / 14:11
Naxçıvanda bu dövlət qurumu ləğv edildi...

06.05.2026 / 14:06
Avrottifaqla Azərbaycan ikitərəfli saziş üzrə danışıqlara yenidən başladılar...

06.05.2026 / 13:56
Türkiyə-Ermənistan sərhədlərinin açılma prosesləri sürətləndi...

06.05.2026 / 13:31
Hörmüzdə Fransaya məxsus ticarət gəmisi vuruldu

06.05.2026 / 13:15
Mərkəzi Bankdan "Yelo Bank"a sanksiya tətbiqinə reaksiya - Aİ-nin qərarında anlaşılmazlıq var

06.05.2026 / 13:06
Rusiya Azərbaycan üzərindən Ermənistana daha 10 vaqon yük göndərdi

06.05.2026 / 13:03
11 yaşlı rəssamın rənglər dünyası

06.05.2026 / 12:43
Ağstafa Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi təmirdən sonra istifadəyə verilib

06.05.2026 / 12:34
Andrey Sibiqa:"Rusiya atəşkəs rejimini pozub"

06.05.2026 / 12:30
Pekin Trampın səfəri ərəfəsində İrana dəstəyini ifadə edib

06.05.2026 / 12:13
Fars körfəzində ticarət gəmisinə hücum edilib

06.05.2026 / 11:55
Naxçıvanda yeni qanun - Nazirlər Kabineti hesabat verəcək...

06.05.2026 / 11:42
Azərbaycan Pakistanda daşqınlardan zərərçəkənlərə humanitar yardım göstərdi

06.05.2026 / 11:33
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara yaxınlaşır

06.05.2026 / 11:23
Ciorcia Meloninin Azərbaycanda forum keçirmək planı var...

06.05.2026 / 11:18
Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı

06.05.2026 / 11:08
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi - FOTO

06.05.2026 / 10:45
WUF13 proqramı ictimaiyyətə təqdim olundu

06.05.2026 / 10:39
Prokurorluq Milli Onkologiya Mərkəzində partlayışda ölən həkim-radioloqla bağlı məlumat yaydı

06.05.2026 / 10:23
Tramp “Azadlıq Layihəsi” əməliyyatını müvəqqəti dayandırdı

06.05.2026 / 09:17
“Ozan dünyası” aşıq yaradıcılığının təbliğində İB-də yeni layihə

06.05.2026 / 08:39
Meloni “deepfake”i “təhlükəli silah” adlandırdı - zarafatından da qalmadı

06.05.2026 / 08:29
Pentaqonun delfin-kamikadzeləri? - Hegseth inkar etmədi…

06.05.2026 / 08:09
Moskva Qələbəni “İD məğlubiyyəti” ilə keçirəcək - İnternetsiz…

06.05.2026 / 07:56
ABŞ müharibəyə “qaldığı yerdən” davam edəcək - İranla danışıqlar uğursuz olarsa…

06.05.2026 / 07:41
İran BƏƏ-yə hücum iddialarını rədd edir - "dağıdıcı və təəssüf doğuran cavab" gündəmdə…

05.05.2026 / 21:37
Arxiyepiskop tərəfdarları səsini Makrona çatdıra bilmədi - Gümrüdə…

05.05.2026 / 21:24
İrəvanın mərkəzində atışma - Ölən var…

05.05.2026 / 21:23
Zəngəzur dəhlizi Avropa sammitində “mərkəzi element” statusu ilə təqdim edildi...

05.05.2026 / 21:08
Vətən müharibəsindən sonra Avropa Azərbaycanla bağlı iyrənc kursa başladı...

05.05.2026 / 20:44
Bakı-İrəvan sülhünə mane olanlar var - Avropa sammitində bəyan olundu...

05.05.2026 / 20:26
Avropa təsisatları Azərbaycana fərqli prinsiplərlə baxır - səbəbsiz deyil...

05.05.2026 / 20:10
Mehriban Əliyeva "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərindən kadrlar paylaşıb - VİDEO

05.05.2026 / 20:01
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsini qəbul etdi - FOTO

05.05.2026 / 19:49
İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti Bosfor boğazında tapıldı...

05.05.2026 / 19:11
İranın yenidən BƏƏ-ni vurdu – HHM sistemləri işə düşdü...

05.05.2026 / 18:38
“Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayevlə fərqli müsahibə

05.05.2026 / 18:12
Hörmüz böhranı Avropanı hərəkətə gətirdi – iki qitəni birləşdirəcək sualtı tunelin tikintisinə başlanır

05.05.2026 / 17:58
Trampdan İrana təhdid kimi mesaj - müharibə daha 3 həftə davam edə bilər...

05.05.2026 / 17:43
Lerikdə əməliyyat - 3 nəfər saxlandı, 14 kq narkotik, minlərlə həb ələ keçirildi - VİDEO

05.05.2026 / 17:33
Kəşfiyyatdan ilginc xəbər, Kreml şokda - Şoyqu Putini devirəcək...

05.05.2026 / 17:21
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilən Nurəli Yusifbəyli kimdir? - DOSYE

05.05.2026 / 17:15
Binədə 121 nömrəli orta məktəbdə kütləvi zəhərlənmə - 7 şagird xəstəxanaya yerləşdirildi...

05.05.2026 / 16:48
Nizamidə market, ev və avtomobilləri soyan 3 nəfər yaxalandı - VİDEO

05.05.2026 / 16:40
Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət hesabına ödəniləcək

05.05.2026 / 16:33
Sumqayıt Dövlət Universitetinə rektor təyin edildi

05.05.2026 / 16:25
Putin, Tramp və Avropa Qafqaz uğrunda bir-birini qırır...

05.05.2026 / 16:06
Makron:"Rusiya Ermənistanı tərk edib"

05.05.2026 / 15:49
Avropa Parlamenti yenə Gürcüstan hakimiyyətini hədəf aldı - vizasız rejim ləğv edilə bilər...

05.05.2026 / 15:42
Avropa Paşinyanı ABŞ-dan çox dəstəkləyir - Tramp niyə ləng tərpənir?..

05.05.2026 / 15:37
Kobaxidze: "2031-ci ildə Tbilisidə tamamilə yeni beynəlxalq hava limanı olacaq"

05.05.2026 / 15:32
Hörmüz boğazında elektron “qarışıqlıq”: gəmilərin siqnalları kəsilir

05.05.2026 / 15:30
Prezident və Birinci xanım 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

05.05.2026 / 15:18
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan olundu

05.05.2026 / 15:09
BƏƏ OPEC-də neft kvotasını iflas etdirdi - hamı hasilatı artırır...

05.05.2026 / 15:08
Aqrar Sığorta - Güvənli Gələcək! "Liberal İqtisadçılar Mərkəzi" yeni layihəyə start verdi

05.05.2026 / 15:04
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş mövqeyi güclənir...

XƏBƏR ARXİVİ