Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov abidənin ucaldığı Heydər Əliyev parkında əhalinin istirahəti üçün görülən işlər barədə məlumat verdi. Burada rayon sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait var.
Prezident Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi layihəyə uyğun olaraq dörd zolağa genişləndirilib. Yolun ümumi uzunluğu 46 kilometr, eni isə 27,5 metrdir. Yol birinci texniki dərəcəyə aiddir. Layihə çərçivəsində yolboyu 16 yeraltı və 6 yerüstü piyada keçidi tikilib. Bu isə həm avtomobillərin hərəkətinin normal tənzimlənməsində, həm də piyadaların təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Layihəyə əsasən yolboyu Ceyrankeçməz çayı üzərində uzunluğu 47,5, ümumi eni isə 30 metr olan körpü də inşa olunub.
Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa yenidən qurulması nəticəsində müasir, təhlükəsiz yol infrastrukturu yaranıb. Bundan başqa, bu layihənin həyata keçirilməsi həm də turizmin və regionların sosial-iqtisadi inkişafına töhfə verəcək, yol istismar və nəqliyyat xərclərinin azaldılması, vaxta qənaətin əldə edilməsi hesabına Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarının və ümumilikdə, respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda uşaqlara diqqət və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Həmin siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirərək, bu istiqamətdə çox mühüm sənədlər imzalayıb, layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün bu gün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Bu tədbirlər müasir körpələr evi-uşaq bağçalarının tikintisini, həmçinin mövcudlarının əsaslı şəkildə yenidən qurulmasını əhatə edir. Bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Qobustan şəhər 100 yerlik uşaq bağçasının inşası da bu baxımdan böyük əhəmiyyət daşıyır. Bu müəssisədəki otaqlarda balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bundan başqa, burada uşaqların asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətləri üçün də hərtərəfli şərait mövcuddur.
Məlumat verildi ki, Qobustan şəhər uşaq bağçasının binasında inşaat işləri 2017-ci ilin avqustunda başa çatdırılıb. Ümumi sahəsi 826 kvadratmetr olan uşaq bağçasının binası 2 mərtəbəlidir. Burada 4 tədris və 4 yataq otağı var. Otaqların hamısı zəruri avadanlıq, o cümlədən yumşaq və bərk inventar, əyani vəsaitlərlə təchiz olunub. Bundan başqa, binada həmçinin oyun zalı, 2 kompüter otağı, həkim otağı, mətbəx də var. Bir sözlə, bu cür müəssisələrin yaradılması dövlətimizin gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür. Uşaq bağçasının həyətində abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.
Prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.
Son dövrlərdə ölkəmizdə sosial sahədə həyata keçirilən siyasətin tərkib hissəsi kimi əhalinin dayanıqlı və təmiz içməli su ilə təminatı, həmçinin kanalizasiya şəbəkələrinin yenilənməsi istiqamətində icra edilən layihələrin də həcmi artır. Bu baxımdan “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də mühüm əhəmiyyət daşıyır. Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib. İcrasına 2015-ci ildə başlanan layihə çərçivəsində rayonun Təsi kəndinin yaxınlığında ümumi məhsuldarlığı saniyədə 87 litr olan 6 subartezian quyusu qazılıb, Daşarası və Nərimankənd kəndlərinin ərazisində 2 su anbarı inşa edilib. Eyni zamanda, 14,4 kilometr uzunluğunda magistral kəmər çəkilib, mürəkkəb relyef şəraiti nəzərə alınmaqla suyun şəhərə çatdırılması üçün üçpilləli nasos sistemi quraşdırılıb. Əhaliyə verilən içməli suyun keyfiyyət göstəricilərinin uzunmüddətli dövr üçün standartlara uyğunluğunu təmin etmək məqsədilə su mənbəyində məhsuldarlığı sutkada 3800 kubmetr olan əks osmos tipli təmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir. “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xaçmaz və Xızı şəhərlərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir. Qusar və Naftalan şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi yekunlaşıb. Hazırda Xaçmaz və Xızıda içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.
Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan dövlətimizin başçısı mərasimdə çıxış etdi:
- Yenidən Qobustan rayonunda olmağımdan çox məmnunam. Bu, mənim rayona dördüncü səfərimdir. Əlbəttə rayonda olanda önəmli tədbirlər, açılışlar nəzərdə tutulur.
Bu gün biz şəhərə içməli suyun verilməsini rəsmən qeyd edirik. Bir neçə aydır ki, bu layihə başa çatıb və Qobustan şəhərinin içməli su problemi artıq öz həllini tapıb. Bu, çox əlamətdar hadisədir, tarixi hadisədir. Çünki içməli su problemi həmişə burada insanları çox ciddi narahat edirdi. İndi isə bu problem birdəfəlik həll olunub. Artıq şəhər sakinləri və bir neçə kəndin əhalisi təmiz, keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunurlar. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, böyük layihədir, böyük sosial təşəbbüsdür, böyük vəsait tələb edən məsələdir. Biz bu vəsaiti təşkil etdik, dövlət büdcəsində vəsait nəzərdə tutuldu ki, bu məsələ də öz həllini tapsın. Çünki içməli su insanın sağlamlığına çox ciddi təsir edən amildir. Təmiz içməli su insanın sağlamlığını daha da yaxşılaşdırır.
İçməli su layihələri ölkəmizdə geniş vüsət alıb. İndi bir çox şəhərlərimizdə artıq bu layihələr başa çatıb, bəzi şəhərlərdə davam edir. Qarşıya məqsəd qoyulmuşdur ki, bütün şəhərlərimizdə və əksər kəndlərdə bu məsələ öz həllini tapsın və biz bu istiqamətdə çox ciddi addımlar atırıq.
İnsan sağlamlığı üçün digər vacib məsələlər də öz həllini tapır. Bildiyiniz kimi, ölkəmizdə ənənəvi olaraq müayinədən keçmə proqramı da icra edilir, hər il beş milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçir. Qobustanda Mərkəzi Rayon Xəstəxanasının tikintisinə əlavə vəsait ayrılacaq, indi işlər daha da sürətlə getməlidir və müvafiq göstəriş veriləcək, çünki tikinti başlamışdır, amma bir az yavaş gedir. Biz onu gərək sürətləndirək ki, bu məsələ də Qobustan rayonunda öz həllini tapsın. İnfrastrukturla bağlı digər layihələr uğurla icra edilir, elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, öz həllini tapıbdır. Mənə verilən məlumata görə, qazlaşdırma 80 faizdən çoxdur və növbəti aylarda daha da geniş vüsət alacaq. Hesab edirəm ki, qazlaşdırma maksimum təmin edilməlidir. İçməli su ilə bağlı problem öz həllini tapır, kənd yollarının tikintisi davam edir. Biz bir layihəni icra etmişik. Bu layihə təqribən 13 minə yaxın əhalini əhatə edir. Bu gün isə növbəti kənd yolunun açılışını qeyd edəcəyik. Açılacaq bu yol da 15 min insanın işini yüngülləşdirəcəkdir. Yəni, bunlar əsas infrastruktur layihələridir ki, Qobustan rayonunda öz həllini tapır.
Onu da qeyd etməliyəm ki, səfərlərimin birində biz burada həm külək, həm də günəş alternativ enerji mərkəzinin açılışını etmişik. Bu, ölkəmiz üçün pilot layihə idi. İndi isə ölkəmizin bir çox yerlərində bu layihələr icra edilir.
Əlbəttə, bütün infrastruktur layihələri həyata keçiriləndən sonra, - onu da qeyd etməliyəm ki, Bakı-Şamaxı avtomobil yolunun da dörd zolağa genişləndirilməsi layihəsi də uğurla icra edilib, - gələcəkdə ancaq rayonun inkişafı ilə bağlı kənd təsərrüfatı və emal sənayesi layihələri icra edilməlidir. Əvvəlki dövrlərdə idman mərkəzi də tikilmişdir, əminəm ki, xəstəxana da yaxın vaxtlarda tikiləcək. Bir çox məktəblər tikilib, təmir edilib. Bu gün bir bağçanın açılışını da qeyd etdik. Növbəti illərdə qəzalı vəziyyətdə olan məktəblər təmir ediləcək, yeni məktəblər tikiləcək. Beləliklə, bundan sonra rayonun inkişafına çox böyük təkan veriləcək və insanlar rahat yaşayacaqlar. İş yerləri də yaradılır və ümumi iqtisadi inkişafımız çox müsbətdir. Əminəm ki, bu ili biz uğurla başa vuracağıq.
Gələn il isə sürətli iqtisadi inkişaf ili olacaqdır. İqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda, mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır. Yəqin ki, siz eşitmişiniz, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. Biz iki pillə qabağa getdik, artıq 37-ci yerdən 35-ci yerə layiq görüldük. Bu da çox böyük nəticədir. Onu da qeyd etməliyəm ki, MDB məkanında biz birinci yerdəyik. Artıq neçə ildir ki, liderliyi saxlayırıq və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq. Nəzərə alsaq ki, keçən il və bu il neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə müəyyən çətinliklər, iqtisadi sahədə bəzi problemlər yaranmışdır, buna baxmayaraq, görün, biz nə qədər uğurla iş aparmışıq, nə qədər ciddi islahatlar həyata keçirmişik ki, bunu dünyanın birinci iqtisadi forumu olan Davos Forumu yüksək qiymətləndirir. Bu, bir daha onu təsdiqləyir ki, biz düzgün yoldayıq, bizim iqtisadi siyasətimiz Azərbaycan xalqının maraqlarına tam cavab verir, ölkəmiz güclənir. Onu da qeyd etməliyəm ki, bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz valyuta ehtiyatlarımızı artıra bilmişik. Bu, onu deyir ki, biz hətta çətin illərdə də düzgün siyasət apararaq nəinki ehtiyatlarımızı xərcləməmişik, əksinə, biz əlavə pul qazanmışıq. Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirik, ölkəmizin müdafiə qüdrətini gücləndiririk.
Bu gün Azərbaycan dünya miqyasında sabitlik, inkişaf, tərəqqi baxımından seçilən ölkələrdəndir. İndi siz dünyada gedən prosesləri izləyirsiniz. Həm iqtisadi, həm siyasi, həm hərbi sahədə bir çox yerlərdə çox böyük problemlər var. Risklər, təhdidlər artır, qan tökülür, münaqişələr, müharibələr alovlanır, sabitlik pozulur. Azərbaycan isə sabitlik, inkişaf adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bizim xalqımıza xas olan vətənpərvərlik – bax, bu amillər uğurlarımızın əsasını təşkil edir.
Sizə bu gözəl hadisə münasibətilə uğurlar arzulayır, sizi təbrik edirəm. Əminəm ki, gələcəkdə Qobustan rayonunda hələ çox açılışlar olacaq, biz sizinlə tez-tez görüşəcəyik.
X X X
Qobustanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına rayon ictimaiyyəti adından minnətdarlıq edən Ənvər Qayıbov dedi:
- Möhtərəm cənab Prezident.
İcazə verin, bütün qobustanlılar adından Sizi salamlayım, Sizə “Xoş gəlmisiniz!” deyim. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Bu sevincimizi sözlə ifadə etməyə çətinlik çəkirəm. Qobustana, eləcə də onun ətraf kəndlərinə suyun verilməsi, sözün həqiqi mənasında, bizim üçün bayramdır, təntənədir. Çünki biz uzun illər su sarıdan müəyyən çətinliklər çəkirdik. Belə ki, əvvəllər içməli suyu müxtəlif mənbələrdən maşınlarla gətirir, çənlərə doldurur, sonra ondan istifadə edirdik. Sözsüz, bu da bizim səhhətimizə, sağlamlığımıza, eləcə də büdcəmizə mənfi təsir göstərirdi. Siz bizim əsas problemimiz olan su problemini həll etdiniz. Bununla bizə böyük töhfələr bəxş etdiniz. Artıq biz qapımızda, həyətimizdə krantı açmaqla daimi olaraq içməli sudan istifadə edirik. Bu, Sizin bütün Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğı və diqqətin nəticəsidir.
Möhtərəm Prezident, məlumdur ki, su aydınlıqdır, inkişafdır, tərəqqidir, mədəniyyətdir, nemətlər bolluğudur. Bir sözlə, su həyatdır. Həqiqətən bu həyatı bizə Siz bəxş etdiniz. Mən buna görə Sizə minnətdarlığımı bildirirəm.
Siz bizim təkcə su problemimizi həll etməmisiniz. Siz bizim Qobustanımızı da yenidən qurmusunuz. Qobustan kiçik bir qəsəbə idi. 2008-ci ildə Siz ona şəhər statusu verdiniz. Qobustan yenidən quruldu, inkişaf etdi, tərəqqi tapdı. Hazırda inkişaf etmiş, müasir bir şəhərə çevrilib.
Əlbəttə, mən bir faktı da qeyd etmək istəyirəm ki, - Siz də qeyd etdiniz, - suyumuz, qazımız, işığımız, bərəkətli torpaqlarımız, zəhmətkeş insanlarımız var. Mən inanıram ki, Qobustanın gələcəyi daha uğurlu olacaq, daha çox nailiyyətlər əldə edəcəyik. Bütün bu əmin-amanlığı, bu rahatlığı, bu gözəlliyi yaratdığınıza görə mən bütün qobustanlılar adından, xüsusən ağsaqqallar, ziyalılar adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun, sağ olun.
“Azərsu” Acıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Layihə çərçivəsində Qobustan şəhərində 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, 1900 ünvana birləşmə verilib, bütün abunəçilər sayğacla təmin edilib. Artıq bütün şəhər əhalisi yeni şəbəkə vasitəsilə keyfiyyətli və dayanıqlı su ilə təmin olunur. Layihəyə uyğun olaraq Qobustan şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr uzunluğunda kanalizasiya xəttinin və 1160 baxış quyusunun inşası yekunlaşıb və hər bir evə birləşmə verilib. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 7 kilometrlik kanalizasiya kollektoru da tikilib. Tullantı sularının zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 2500 kubmetr olan təmizləyici qurğunun inşası üzrə keçirilən tender prosedurları son mərhələdədir və qarşıdakı aylarda tikinti-quraşdırma işlərinə başlanılacaq.
Bildirildi ki, layihə çərçivəsində Qobustan Sukanal İdarəsi üçün yeni inzibati bina da inşa edilib. Burada işçi otaqları, informasiya-texnologiyaları otağı, iclas zalı yaradılıb. Bir sözlə, burada müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün hərtərəfli şərait var. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Qeyd olundu ki, yeni layihənin icrasına qədər Qobustan şəhərində 1950-ci illərdə yaradılmış su təchizatı sistemlərindən istifadə olunurdu. Şəhərə içməli su Xaltava və Təsi kəndləri ərazisində yerləşən subartezian quyularından verilirdi. Əvvəllər mövcud olmuş 42 kilometrlik su şəbəkəsi şəhəri tam əhatə etmir və istismar tələblərinə cavab vermirdi. “Azərsu” ASC 8500 nəfər əhalisi olan Qobustan şəhərinin təqribən 20 faizinə xidmət göstərə bilirdi. İçməli su həftənin 3 günü olmaqla cəmi 1-2 saatlıq qrafiklə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Qobustan şəhərində kanalizasiya sistemi isə yeni layihə icra edilənədək ümumiyyətlə mövcud olmayıb.
Sonra Prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
Təklə-Sündü-Xilmilli avtomobil yolu əsaslı təmirdən sonra istifadəyə verildi
Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonunun əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında iştirak edib. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyədə qurulması istiqamətində olduqca mühüm layihələr icra edilib. Onlardan biri də Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yoludur. Bu yolda əsaslı təmir işləri Prezident İlham Əliyevin 2013-cü və 2016-cı il tarixli sərəncamlarına əsasən aparılıb.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Təklə-Sündü-Xilmilli avtomobil yolu 15 min nəfərin yaşadığı 6 kəndi birləşdirir. Ümumi uzunluğu 17,2 kilometr olan yolun eni 6 metrdir. Dördüncü dərəcəyə aid Təklə-Sündü-Xilmilli avtomobil yolu 2 hərəkət zolaqlıdır. Layihə çərçivəsində müxtəlif diametrli 23 suötürücü boru tikilib, 9 avtobus dayanacağı quraşdırılıb. Bu yolun əsaslı yenidən qurulması yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyatın hərəkətinin təhlükəsizliyində mühüm rol oynayacaq. Bundan başqa, bu layihə eyni zamanda bu yaşayış məntəqələrinin sosial vəziyyəti ilə yanaşı, iqtisadi durumuna da müsbət təsir edəcək. Belə ki, kənd təsərrüfatı işçiləri məhsullarını daha tez və rahat şəkildə alıcılara çatdıra biləcəklər.
Onu da deyək ki, bu yol 2017-ci ildə ölkəmizdə həyata keçiriləcək “40 yol” layihəsindən biridir. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılacaq “40 yol” layihəsinin nəticəsində 100 minlərlə sakin müasir səviyyədə inşa edilən yollardan istifadə edərək rahat və təhlükəsiz şəkildə mənzil başına çatacaq. Ümumilikdə, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə respublikamızda yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində çox sayda kənd yolları da yenidən qurularaq müasir səviyyəyə çatdırılıb.
Dövlətimizin başçısı Təklə-Sündü-Xilmilli avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev Şamaxıda…
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib. Dövlətimizin başçısı Şamaxı şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.
Prezident Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.
Bildirildi ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin 2 magistral avtomobil yolu - M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları arasında yeni bir bağlantı yaratmaq, respublikadakı turizm potensialından daha uğurlu istifadə etmək məqsədilə 2011-ci ildə 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisinə başlanılıb. Yolun uzunluğu 53 kilometrdir. Görülən işlər nəticəsində avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metrdir. Bundan başqa, yol boyunca müxtəlif diametrli 53 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 795 metrdir. Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 363 yol nişanı quraşdırılıb, 132,5 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Bildirildi ki, bu avtomobil yolunun tikintisi Aran iqtisadi rayonu ilə Dağlıq Şirvan iqtisadi rayonu arasında 53 kilometr uzunluğunda yeni avtomobil yolu əlaqəsi yaradacaq. Bu da indi istifadə edilən hərəkət marşrutları ilə müqayisədə orta hesabla 120-180 kilometr az məsafə qət etməyə, yanacağa və vaxta qənaət etməyə imkan verəcək.
Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisi zamanı rayonun Adnalı və Çarhan kəndlərinə giriş yollarında təmir işləri aparılıb. Adnalı kəndinin dörd kilometrlik giriş yolu 4-cü texniki dərəcəyə uyğun inşa olunub. Çarhan kəndinin eyni texniki dərəcəyə uyğun inşa edilən giriş yolunun uzunluğu isə 3,2 kilometrdir. Adnalı və Çarhan kəndlərinə giriş yollarının təmiri 4,2 min nəfər əhalinin yaşadığı 2 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
Prezident İlham Əliyevə Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Dövlətimizin başçısının 2017-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq ümumi uzunluğu 11 kilometr olan Göylər-Quşçu avtomobil yolunun tikintisinə 3,9 milyon manat vəsait ayrılıb. Yol-tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Hərəkət hissəsinin eni 6 metr olan bu yolun tikilməsi 14 min nəfər əhalinin yaşadığı 4 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
Azərbaycan Prezidenti tədbirdə çıxış edib:
- Sizi ürəkdən salamlayıram. Bu, mənim Şamaxıya Prezident kimi altıncı səfərimdir. Çox şadam ki, Şamaxı rayonunda işlər yaxşı gedir, böyük layihələr icra edilir. Onlardan biri də Şamaxı-Padar yoludur. Bu, çox böyük layihədir, böyük investisiyalar qoyulubdur. Əlli üç kilometrlik yoldur. İndi tam əsaslı şəkildə bərpa edilib və 16 kəndi birləşdirən rahat bir yol artıq Şamaxı sakinlərinə təqdim edilir.
Bu yolun həm sosial, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyəti var. Bu yolun üstündə böyük kənd təsərrüfatı müəssisələri yaradılır. Şamaxı rayonunun yol infrastrukturu yaxşılaşır. Əvvəlki illərdə biz bir neçə kəndi birləşdirən yolların açılışını etmişik. Hazırda Bakı-Şamaxı yolu dörd zolağa genişləndirilir, çox rahat bir yol olacaqdır. Eyni zamanda, bu böyük yolun çərçivəsində bir neçə kəndə ayrıca yollar çəkilib. Yol inkişaf, həyat, rahatlıq deməkdir. Əlbəttə ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlər bu imkanlardan istifadə edib daha da yaxşı məhsul yetişdirəcəklər və öz məhsullarını daha da tez bir zamanda bazarlara çıxaracaqlar.
Bu layihə bir çox layihələrin arasında önəmli yer tutur. Ancaq yeganə layihə deyil. Son illərdə Şamaxı rayonunda inkişafla bağlı çox böyük işlər görülür, quruculuq-abadlıq işləri həyata keçirilir. Şamaxının sosial infrastrukturu yaxşılaşır, müasir diaqnostika mərkəzi tikilibdir. Mərkəzi Rayon Xəstəxanası, Olimpiya İdman Kompleksi, bir çox məktəb binaları tikilib, yollar çəkilib, qazlaşdırma layihələri uğurla gedir. Məndə olan məlumata görə, qazlaşdırma təqribən 70 faizə çatıbdır, ondan da çoxdur, daha da artacaq.
İçməli su layihəsi. Şamaxı şəhərinin içməli su layihəsi də artıq öz həllini tapıb. Bu gün bu layihənin rəsmi açılışı olacaqdır. Bu da çox böyük, tarixi layihədir. Çünki içməli su hər bir insan üçün bəlkə də ən vacib məsələlərdən biridir. Biz Şamaxıda bu məsələni də həll etmişik. Bu gün, eyni zamanda, Qobustan şəhərinin içməli su layihəsi istifadəyə verilibdir. Ona görə bu layihə də infrastruktur layihələri arasında, əlbəttə ki, önəmli yer tutur. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapır. Yəni, bir sözlə, yol, içməli su, elektrik, qazlaşdırma, səhiyyə, idman, təhsil məsələləri öz həllini tapıb.
Eyni zamanda, hamımız yaxşı bilirik ki, Şamaxı bizim qədim diyarımızdır, tarixi şəhərimizdir. Qədim xəritələrdə Şamaxının adı var. Bu, bizim böyük sərvətimizdir. Şamaxı rayonunda yerləşən tarixi abidələr bizim milli sərvətimiz, dəyərimizdir. Mən onların arasında Şamaxı Cümə Məscidini xüsusi qeyd etməliyəm. Bu, Azərbaycanın ən qədim məscididir. Dünyanın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilib və bir neçə il bundan əvvəl əsaslı şəkildə təmir olunub, yenidən qurulub, əlavə binalar inşa edilib. Şamaxı Cümə Məscidinin bütün müsəlman aləmi üçün böyük əhəmiyyəti var. Mən İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş bütün tədbirlərdə həm ikitərəfli münasibətlər əsnasında, həm də çıxışlarda qeyd edirəm ki, Azərbaycan qədim müsəlman diyarıdır, dünyanın ən qədim məscidlərindən biri də bizdə yerləşir.
Bu gün, eyni zamanda, Dəmirçi kəndində qədim məscidin əsaslı bərpadan sonra açılışı olacaq. Bu, onu göstərir ki, Şamaxı rayonunda doğrudan da bir çox tarixi, dini abidələrimiz var. Biz onları qoruyuruq. İlk növbədə, Azərbaycan xalqı onları əsrlər boyu qoruyubdur. Bütün ictimai-siyasi quruluşlardan asılı olmayaraq, xalqımız bizim milli, dini dəyərlərimizi qoruyub. Bu gün isə müstəqil Azərbaycan dövləti onları qoruyur, saxlayır, bərpa edir. Bu gün Şamaxı rayonunun ölkəmizin tarixində və bugünkü həyatda çox böyük yeri və rolu var. Bütün Azərbaycan xalqı bunu yaxşı bilir.
Eyni zamanda, Şamaxının iqtisadi inkişafı ilə bağlı ciddi addımlar atılır. Bu yolun üstündə yeni aqroparklar salınır. İndi mənə verilən məlumata görə, Şamaxı rayonunda üç aqropark artıq fəaliyyətə başlayıb. Aqroparklarla bağlı bizim siyasətimiz artıq bəyan edilib, ölkəmizdə 37 aqropark yaradılır. Onların bir neçəsi istifadəyə verilib. Aqroparklara texnika verilir, infrastruktur yaradılır. Özəl sektora kreditlər verilir, fermerlər, iş adamları da öz vəsaitini qoyurlar ki, tezliklə bitkiçilik və heyvandarlıq sahələrində daha da yaxşı nəticələr əldə edək. Bax, o 37 aqroparkın üçü Şamaxı rayonundadır. Birinin ərazisi 15 min hektar, digərinin ərazisi 1500 hektar, üçüncünün isə ərazisi 2 min hektardır. Yəni, 20 min hektara yaxın ərazidə kənd təsərrüfatı üçün gözəl imkanlar yaradılır. Həm insanlar işləyəcək, məhsul yetişdiriləcək, bolluq yaranacaq və ixrac imkanlarımız da genişlənəcək.
Ona görə bu sahədə görülən işlər, əlbəttə ki, məni çox sevindirir. Eyni zamanda, son vaxtlar Şamaxı üçün ənənəvi sahə olan üzümçülük bərpa edilir, yeni üzüm bağları salınır. Mən bu gün onların birinə baxacağam. Burada 300 hektardan çox sahədə yeni bağlar salınıb. Bilirəm ki, digər böyük layihə də icra edilir, oranın da sahəsi təxminən 300 hektardan çoxdur.
Biz Azərbaycanda üzümçülüyü bərpa edəcəyik və edirik. Şamaxılılar yaxşı bilirlər ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə bizim əsas üzümçülük mərkəzlərimizdən biri də Şamaxı olmuşdur. İnsanlar nə qədər xeyir götürdülər, evlər tikildi, avtomaşınlar, soyuducular alındı. Bütün bunlar o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Düzdür, indi biz başqa sahələrə də üstünlük veririk - maldarlıq, bitkiçilik, taxılçılıq. Bilirsiniz ki, o vaxt biz bu sahələri o qədər də inkişaf etdirmirdik. Çünki həm ət, həm süd başqa respublikalardan gəlirdi. İndi isə əkin sahələrinin bir hissəsi o məqsədlər üçün istifadə olunur. Ancaq üzümçülüyün çox böyük perspektivləri, ənənələri var və biz indi xarici bazarlara da çıxırıq. Biz artıq böyük kontraktlar imzalamışıq, dövlət kömək göstərir və üzümçülüyün bərpası Azərbaycanda sürətlə gedəcək. Burada da Şamaxı rayonu lider olmalıdır. Mən görürəm ki, burada üzümçülüyə böyük maraq var, belə də olacaq.
Əlbəttə ki, Şamaxı turizmin inkişafı üçün çox böyük imkanlara malik olan bir rayondur. Həm tarixi, dini abidələr var, yeni, gözəl, ən yüksək səviyyəyə cavab verən otellər tikilir. Bu gün Şamaxıda ölkəmizdə ilk dəfə olaraq Safari Parkı açılır. Bu da çox əlamətdar hadisədir. Çünki inkişaf etmiş ölkələrdə belə parklar var. Orada açıq şəraitdə heyvanlar, ceyranlar, marallar müşahidə olunur. Bizdə də Safari Parkı məhz Şamaxıda açılır. Dəmirçi kəndinin, - o da tarixi bir yerdir, - bərpası da artıq öz həllini tapıb. Ona görə turizmin inkişafı daha da sürətlə getməlidir. Çünki Şamaxının həm təbii şəraiti, iqlimi, gözəlliyi, Bakıya yaxınlığı, infrastruktur layihələrinin, otellərin mövcudluğu bunu şərtləndirir.
Bax, rayon bu cür inkişaf edəcək - kənd təsərrüfatı, emal müəssisələri, turizm, sənaye istehsalı, aqroparklar. Əminəm ki, Şamaxı bundan sonra da uğurla inkişaf edəcək. Sizi bütün nailiyyətlər münasibətilə təbrik edirəm.
Rayon ictimaiyyəti adından çıxış edən Allahverdi Hümbətov deyib:
- Cənab Prezident, Şamaxıya xoş gəlmisiniz. Biz Sizi bütün Şamaxı sakinləri adından ürəkdən salamlayırıq. Siz hər dəfə Şamaxıya gələndə bizim üçün bayram olur.
Biz böyük bir layihənin, 53 kilometrlik bir yolun açılışında Sizinlə iştirak edirik. Sizin xeyir-duanızla bu yol artıq istifadəyə verilir və rayonumuzun bütün əhalisinin ürəyincədir. Bu yoldan istifadə edən bütün insanlar Sizə həmişə dua oxuyacaqlar. Ona görə ki, uzun müddət bu yol bərbad vəziyyətdə olmuşdur. Bu gün isə çox yüksək səviyyədə bərpa olunmuş vəziyyətdə xalqımızın istifadəsinə verilir.
Cənab Prezident, Ulu Öndərimizin yol haqqında fikirləri var idi. O deyirdi ki, yol iqtisadiyyatdır, mədəniyyətdir, insanların həyatıdır. Doğrudan da belədir. Bu yolun təkcə bizim gediş-gəlişimiz üçün yox, Azərbaycan iqtisadiyyatının gələcəyi, inkişafımız üçün çox böyük əhəmiyyəti var. Eyni zamanda, yol insanların həyatı deməkdir. Bu, həyati bir məsələni həll edən infrastrukturdur.
Cənab Prezident, bu yolun çəkilməsinin əhəmiyyəti bir də ondan ibarətdir ki, bizim qonşu bölgələrimiz olan ulu Şirvanla Muğanı birləşdirirsiniz. Siz bununla tarixdə yeni bir səhifə açırsınız. Buna görə Sizə çox minnətdarıq. Hər iki bölgənin insanlarının rahatlığı üçün bu yolun əhəmiyyəti çox böyükdür.
Cənab Prezident, Sizin diqqət və qayğınız nəticəsində Şamaxı gündən-günə gözəlləşir. Sizin dediyiniz kimi, burada turizmin inkişafı üçün böyük potensial var. Bu gün insanlar, turistlər yüksək səviyyədə təmir olunmuş qədim tarixə malik Cümə Məscidini, yenidən bərpa edilmiş rəsədxananı görmək üçün axın-axın Şamaxıya gəlirlər. Onlar gəlib Şamaxının səfalı mənzərəsini görürlər. Biz hər gün görürük ki, Cümə Məscidinin qarşısında nə qədər turist avtobusu dayanır. Bu, bizim üçün şərəfdir, bütün bunlar Sizin sayənizdə mümkün olub.
Möhtərəm Prezident, Ulu Öndərimiz bizə torpaq bağışlamışdır. Biz kənddə yaşayırıq. Bizim iş yerimiz torpaqdır. Bütün ailələrimiz torpaqda çalışır və evlərinə ruzi-bərəkət gətirirlər. Bütün bunlar hamısı Sizin sayənizdə mümkün olub. Bu gün Siz insanlara torpağı sevməyi öyrədirsiniz. Biz bu gün torpağı sevirik, torpaqda çalışırıq və bu, demək olar ki, Sizin adınıza yazılmış olan bir inqilabdır. Siz bizə torpağı sevdirdiniz. Buna görə Sizə təşəkkür edirik.
Hörmətli Prezident, biz şamaxılılar Sizi çox sevirik. Bu, həqiqətən belədir. Hər evdə, hər ailədə, ürəyimizin başında Sizin yeriniz var. Ona görə də Sizə çox dərin təşəkkürümüzü bildiririk. Sizin apardığınız uğurlu siyasətin, Azərbaycan naminə gördüyünüz bütün işlərin arxasında dayanmışıq. Sizə arxa-dayaq olacağıq. İnşallah Sizin sayənizdə Azərbaycan qüdrətli bir dövlətə çevriləcək. Sizə böyük Allahdan kömək, möhkəm cansağlığı diləyirik. Cənab Prezident, Ulu Tanrı Sizə yar olsun, Allah Sizi qorusun!
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev Şamaxıda üzüm bağları ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Qranata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub. Azərbaycanda aparılan məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın yüksəldilməsinə, qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani təsdiqidir.
Şamaxı rayonunda da əhalinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Rayon üzümlükləri isə vaxtilə böyük şöhrət qazanıb. Belə ki, ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilib. Sonradan Sovet İttifaqının dağılması, 1990-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarıb. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. Təsadüfi deyil ki, Şamaxıda da son illər təsərrüfatın bu gəlirli sahəsi sürətlə inkişaf edir. Artıq üzüm bağlarının sahəsi 1650 hektara çatdırılıb ki, bunun da 1550 hektarı məhsul verir. Mütəxəssislər cari mövsümdə rayonda 14 min tondan çox üzüm istehsal olunacağını proqnozlaşdırırlar.
“Az-Qranata” MMC də Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamətində xeyli iş görüb. Beş ildir ki, məhsul istehsal olunur. 2016-cı ildə “Az-Qranata”-nın üzüm bağlarından 3 min ton məhsul tədarük edilib.
Dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verildi.
Bildirildi ki, Şamaxı üzüm bağları 2009-cu ildə 25 hektar sahədə salınmağa başlanıb. Hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. Ərazinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və bu yerlərdən götürülən torpaq nümunələrinin laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən, ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.
Qeyd edildi ki, üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. Texniki növlərdən “Şardane”, “Cabarne”, “Cabarne Frans”, süfrə növlərindən “Prima”, “Cardinal”, “Sultaniye”, “Alfonz Lavalle”, “Danuta” və s. kimi növləri misal göstərmək olar. 2016-2017-ci məhsul ilində “Superrior Seedeless”, “Crimson Seedles”, “Red Globe” kimi yeni növlər gətirilərək cavan bağlar salınıb. Kişmiş və əla şərab üzümü olan “Mədrəsə” kimi yerli növlər də bağda yetişdirilərək məhsul istehsalı ildən-ilə artırılır. Cari ildə texniki üzümün hektar üzrə məhsuldarlığı 7-8 ton, süfrə üzümünün məhsuldarlığı isə 15 ton olub. Növbəti ilə hədəf texniki üzümdə 10-11 ton, süfrə üzümündə isə 17-18 tondur. 2015-ci ildə süfrə üzümü bağında ən müasir suvarma sistemi qurulub. Texniki üzüm isə dəmyə şəraitində yetişdirilir. Hazırda “Az-Qranata” MMC-nin üzüm bağlarında 250 nəfər işlə təmin edilib ki, onlardan 200 nəfəri qadındır.
Bildirildi ki, təsərrüfatda istehsal edilən üzüm sortları Bakı şəhərində fəaliyyət göstərən “Meyvəli” ticarət mərkəzində və 8-ci Kilometr bazarında topdansatış qaydada satılır. Texniki sortlar isə “Az-Qranata” MMC-nin nəzdində fəaliyyət göstərən şərab emalı zavoduna təhvil verilir. Ümumilikdə, 2012-2020-ci illəri əhatə edən üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramının icrası nəticəsində bölgələrdə həm sahibkarlıq inkişaf edəcək, həm də Azərbaycanın üzümçülük şöhrəti bərpa olunacaq.
Şamaxıda içməli su təchizatı layihəsinin açılışında…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, layihə Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilib. Bu layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihənin icrasına 2010-cu ildə başlanılıb. Birinci mərhələdə Şamaxı şəhərini keyfiyyətli və dayanıqlı su ilə təmin etmək üçün Pirsaatçayın məcrasında məhsuldarlığı saniyədə 120 litr olan drenaj tipli suqəbuledici qurğu, xlorlaşdırma binası, həcmi min kubmetr olan iki su anbarı, bir su nasos stansiyası tikilib. Su mənbəyindən anbarlara qədər 3,4 kilometr magistral kəmər çəkilib. Bu mərhələ üzrə işlər 2011-ci ildə yekunlaşıb.
Layihənin 2012-ci ildə başlanan ikinci mərhələsində ümumi tutumu 7 min kubmetr olan 4 anbar inşa edilib. Şəhərdə 8,9 kilometr uzunluğunda magistral su kəməri, 134 kilometrlik içməli su şəbəkəsi yaradılıb. Layihədə nəzərdə tutulan 8300 ünvana birləşmə verilib və sayğaclar quraşdırılıb. Bununla da abonentlərə yeni şəbəkə vasitəsilə suyun verilməsi təmin edilib.
Qeyd edildi ki, layihəyə uyğun olaraq Şamaxı şəhərində 130 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin və baxış quyularının inşası yekunlaşıb. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün kanalizasiya nasos stansiyası inşa edilib, 11 kilometr uzunluğunda kanalizasiya kollektoru tikilib.
Layihənin sonuncu mərhələsində isə məhsuldarlığı sutkada 10 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilərək istismara verilib. Qurğunun inşası və bütövlükdə layihə Şamaxı şəhərində əhalinin artımı, sənayenin və turizmin inkişafı perspektivi nəzərə alınmaqla həyata keçirilib. Bundan başqa, layihə çərçivəsində Şamaxı Su-Kanal İdarəsi üçün yeni inzibati bina da inşa edilib. İkimərtəbəli binada işçilərin fəaliyyəti və müştərilərin qəbulu üçün yüksək şərait yaradılıb. Ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Bildirildi ki, perspektivdə Şamaxı şəhərinin böyüməsi, turizmin inkişafı nəzərə alınaraq şəhərin sabit və etibarlı su təchizatının aparılması üçün alternativ su mənbəyinin yaradılması da nəzərə alınıb. Bu məqsədlə artıq Ağsuçayın məcrasında suqəbuledici qurğunun, nasos stansiyasının və buradan Şamaxı şəhərinə qədər 22 kilometr uzunluğunda magistral kəmərin inşasına başlanılıb. Yeni mənbədən magistral kəmər boyunca yerləşən kəndlərə suyun verilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Şamaxı şəhəri ilə yanaşı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması da nəzərdə tutulub. Sabirabad və Saatlı şəhərlərində su təchizatı sistemlərinin tikintisi başa çatıb, bu şəhərlərə magistral su kəmərindən suyun verilməsi təmin edilib. Qəbələ şəhərində su mənbəyində işlər tam yekunlaşıb, içməli su və kanalizasiya şəbəkələrinin, həmçinin tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Ümumilikdə, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq 45 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 21-də su və kanalizasiya şəbəkələrinin, 8-də isə su şəbəkəsinin inşası yekunlaşıb.
Prezident İlham Əliyev Şamaxı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
Prezident İlham Əliyev və xanımı Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında…
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələrdən biri də Şamaxı rayonunda həyata keçirilib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Pirqulu-Dəmirçi avtomobil yolunun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, yolun uzunluğu 8 kilometrdir. Pirqulu-Dəmirçi avtomobil yolu uzun müddət təmir olunmadığı, həmçinin burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin xüsusən payız-qış mövsümündə hərəkətində problemlər yaradırdı. Görülən işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metrdir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 210 metrdir. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 92 yol nişanı quraşdırılıb, 24 min metr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin 3 yerdə avtobus dayanacağı tikilib.
Pirqulu-Dəmirçi avtomobil yolunun tikintisi dövlətimizin başçısının tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib. Şamaxı rayonunda dağlıq ərazidə yerləşən bu avtomobil yolunun tikintisi 1,6 min nəfər əhalinin yaşadığı 5 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdıracaq.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.