Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar yaxın iki həftə ərzində Brüsseldə başlayacaq. Trend-in məlumatına görə, bunu junralistlərə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O qeyd edib ki, tərəflər yaxın günlərdə müzakirələrə başlayacaqlar: "Hazırda bu çox əhəmiyyətli saziş üzrə danışıqların başlamasına hazırlıq gedir: "Saziş ikitərəfli əməkdaşlığın, demək olar, bütün sahələrini əhatə edəcək".
M.Mard deyib ki, Aİ və Azərbaycan arasında növbəti biznes-forum yazda Bakıda keçiriləcək: "Biz Azərbaycanda Avropa biznesinin imkanlarını müzakirə etmək niyyətindəyik. Biz, həmçinin bundan əvvəl ikitərəfli görüşlərdə toxunulmuş əməkdaşlıq məsələlərində irəliləyişə baxacağıq".
"Biz ATƏT-in Minsk qrupunun istənilən səylərini dəstəkləyirik". APA-nın məlumatına görə, bu sözləri də M.Mard Ermənistan tərəfinin Azərbaycan əsgərinin meyitini hələ də qaytarmamasına münasibət bildirərkən deyib. O, Minsk qrupu həmsədrlərinin bu məsələ ilə bağlı bəyanat verdiyini xatırladıb.
Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.
Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.
Minsk qrupu həmsədrləri Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb.