Azərbaycan islam mədəniyyətinin tarixən inkişaf etdiyi, özünü təsdiqlədiyi ölkələrdəndir. Mübaliğəsiz deyə bilərik ki, zaman-zaman Azərbaycan cəmiyyəti, ictimaiyyəti və dövləti islam dininin təmərküzləşməsinə, nüfuz dairəsinin genişlənməsinə böyük maraq göstərib.
Ölkəmiz tarixən islamın dayağı olub. Nəinki islamın, hətta sağlam təmayüllü qeyri-islam dinlərinin də ölkəmizdə inkişafı diqqətdən qaçmır. Demək istəyirik ki, islam qeyri-dinləri inkar etməyib, əksinə, onlara dayaq olub. Əslində, islamın kökündə, mahiyyətində barış, sülh, əminamanlıq məfhumu dayanır. İslam xeyrin içindən doğulan dindir və məramı şəfqət, yaxşılıq, dözümlülük, qardaşlıq və s. kimi dəyərləri əməldə əks etdirmək, göstərməkdir.
2016-cı il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Multikulturalizm ili" elan edildi və bu sahədə olduqca möhtəşəm yerli və beynəlxalq tədbirlər həyata keçirildi. Keçən il bu mövzuda kifayət qədər yazılarımız oldu və oxucularımız bu yazılarla yaxından tanışdır.
Azərbaycan dövlətinin yürütdüyü multikulturalizm siyasəti cəmiyyətdə yüksək əhvalla qarşılandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilib. Sənəddə qeyd edilir: "Azərbaycan uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, islam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan islam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. 743-cü ildə tikilən Şamaxı Cümə Məscidi və ölkəmizin muzeylərində saxlanan qədim əlyazmalar bunun bariz nümunəsidir.
Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin islam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində islam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki "İmamzadə" kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi - Heydər məscidi inşa edilmişdir.
Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək islam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın islam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin islam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin islam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır".
Mütəxəssislər hesab edir ki, Azərbaycandakı şərait islam təhlükəsizliyinə qarantdır. Yəni ölkəmizdə islam dini tam olaraq qorunur, inkişaf etdirilir, islami dəyərlər mühafizə olunur, təbliğ edilir. Xalqımızın islam dininə böyük məhəbbəti, ehtiramı var. İslam həmrəyliyi deyəndə burada ancaq islam məzhəblərinin birliyindən söhbət getmir, qeyri-islami dinlərə hörmətdən, dözümlü münasibətdən söhbət gedir. İslam həmrəylik, barış, qardaşlıq dini olduğu üçün, o digər dinləri də bu ideya ətrafında birləşdirir. İslam həmrəyliyi deyəndə orada tolerantlıq, multikulturalizm, eləcə də islam birliyi kimi məfhumlar yer alır.
Bildiyimiz kimi, bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcək.
Qeyd edək ki, 2014-cü ildə 24 iyul tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyası keçirilib və Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov Bakı şəhərinin təqdimatı ilə çıxış edib. Assambleya çərçivəsində "Bakı-2017" namizədlik kitabının təqdimatı olub. Daha sonra assambleyada səsvermə baş tutub və tam yekdilliklə Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb.
Məlum olduğu kimi, Azərbaycan dövləti və cəmiyyəti tarixən islam həmrəyliyi və təhlükəsizliyinin qorunmasına böyük əhəmiyyət verib və buna nail olub.
Azərbaycan dövlətinin islam dininin inkişafına verdiyi önəm göz qabağındadır. Bildiyimiz kimi, 2009-cu ildə Bakı islam mədəniyyətinin paytaxtı elan edilib və ölkəmiz bu tarixi missiyasını uğurla başa çatdırıb.
Ekspertlər qeyd edir ki, Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, bütövlükdə mədəniyyətimizə göstərdiyi qayğı müstəqil Azərbaycanımızın mədəni həyatında əsaslı yüksəlişə səbəb olub. Qeyd edirlər ki, Azərbaycanın mədəniyyət siyasəti ölkəmizi yeni inkişaf yoluna çıxaran Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycan təkcə öz iqtisadi göstəriciləri ilə deyil, həm də mədəniyyət sahəsindəki nailiyyətləri ilə öyünə bilər.
Məlumdur ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşacağında yerləşdiyi üçün onun mədəniyyəti həm Qərbin, həm də Şərqin elementlərini özündə ehtiva edir. Müxtəlif dövrlərdəki qadağalara baxmayaraq, ölkəmizdə islam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanıb və bu gün də həmin dəyərlər inkişaf etdirilir, yeni nəsillərə çatdırılır. Teoloqlar bildirir ki, qloballaşma dövründə Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunur, ancaq müstəqil Azərbaycan dövləti öz mədəniyyət siyasətində milli-mənəvi dəyərləri qoruyub saxlamaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir.
Məlumdur ki, bəşər mədəniyyətinə əhəmiyyətli töhfələr bəxş edən islam mədəniyyəti getdikcə inkişaf edir, təkmilləşir. İSESCO üzvü olan islam dövlətləri bu gün öz mədəniyyətinin bir-birinə yaxınlaşması, inkişafı üçün əhəmiyyətli layihələri reallaşdırır. Söz yox ki, bu inkişafı sürətləndirmək məqsədilə hər il islam ölkələrindən birinin islam mədəniyyətinin paytaxtı elan olunması da bu zərurətdən doğub. Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan olunması məhz Azərbaycanın islam mədəniyyəti ənənələrinə sadiqliyi ilə izah olunur. Qeyd edək ki, Bakının islam mədəniyyətinin paytaxtı elan olunduğu 2009-cu ildə həyata keçirilən tədbirlərin nəticələri barədə çox danışılıb, yazılıb. İllər ərzində keçirilən davamlı tədbirlər Azərbaycan mədəniyyəti tarixində məxsusi yer tutur. Bu il də ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi indiyə qədər görülən işlərin davamıdır.
Dinşünaslar deyir ki, Azərbaycan islami dəyərlərə sadiqdir və bu dəyərlərin nəsildən-nəslə ötürülməsi ilə xalqımızın mədəniyyəti əsaslı şəkildə zənginləşib.
Ekspertlər vurğulayır ki, indiyə qədər keçirilən tədbirlərdə islam dünyasının böyük mədəniyyət, elm xadimləri yad edilib, ölkəmizdə islam ölkələrinin mədəniyyət günləri keçirilib, bu qarşılıqlı görüşlər mədəniyyətlərarası dialoqun inkişafına təkan verib.
Ekspertlər bildirir ki, bizim ölkəmiz də Avropa mədəniyyətinə inteqrasiya yolundadır. Biz Avropanın da mənəvi dəyərlərindən kifayət qədər bəhrələnirik və mədəni tədbirlərində fəal iştirak edirik.
Xüsusi vurğulanır ki, hər bir xalqı dünyaya tanıdan amillərdən biri həmin xalqın mədəniyyətidir.
Qeyd edək ki, 18 fevral 2009-cu ildə "Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ilinin açılışında İSESCO-nun baş direktoru Əbdüləziz Bin Osman Əl-Tüveycri qeyd edib ki, şəhərimiz mədəniyyətlər və sivilizasiyalar arasında dialoq, birgə yaşama və həmrəylik şəhərinə, eləcə də incəsənət, elm və mədəniyyət qovşağına çevrilib: "...İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin 4-cü iclasında qəbul olunan İSESCO-nun "İslam mədəniyyəti paytaxtları" proqramı tarix boyu mədəniyyətə, ədəbiyyata, elm və biliyə verəcəyi töhfəni nəzərə alaraq, əsasən islam mədəniyyətinin yayılmasına, yüksəlməsinə, yeniləşməsinə, xüsusilə fərqlənən bir sıra islam şəhərlərinin mədəniyyət və sivilizasiyasının şanlı irsini qeyd etməyə yönəlib. Lakin proqram qətiyyən keçmişdəki uğurları xatırlatmağa xidmət etmir, onun bu cür şəhərlərin tarixi-mədəni varlığı üzərində qurulmasına xidmət edir ki, islam sivilizasiyasının dəyərlərinə əsaslanan bu günü, həm də gələcəyi yaradaq. Bu da, öz növbəsində, xalqların fərqliliyinə, irqi və irsi mənsubiyyətinə, mədəniyyət köklərinə və sivilizasiya xüsusiyyətlərinə baxmayaraq, bəşəriyyətin bölüşdüyü irs olaraq qalmaqdadır.
Beləliklə, biz islam sivilizasiyasının fərqli cəhətlərinin birini təşkil edən keçmişi, bu günü və sabahı bir ahəngdə birləşdiririk ki, mədəniyyətlər və sivilizasiyalar arasındakı dialoqun mahiyyəti olan xalqlar və insanlar arasında qarşılıqlı anlaşma və birgə yaşamanın əsasını təşkil edən qarşılıqlı əlaqə və zənginləşmə təmin olunsun.
İslam mədəniyyəti paytaxtlarını qeyd etməklə, biz nə indiki məsələlərdən, nə də gələcəyin problemlərini qabartmaqdan çəkinirik. Əksinə, bu günümüzün qayğısına qaldığımız kimi, indiki nəslin yaxşı gələcəyini təmin etmək üçün çalışırıq və beləliklə, dözümlü dinimizin daimi ideallarına və daim digər dünya ölkələrinə açıq olan sivilizasiyamızın bünövrəsinə əsaslanan mədəniyyətlər və sivilizasiyalararası dialoqu davamlı bir prosesə çeviririk".
Bir neçə il əvvəl baş verən açılış mərasimində İSESCO rəhbərinin çıxışından gətirdiyimiz sitatdan da görmək olur ki, Azərbaycan İslam və Qərb aləmi üçün olduqca maraqlı bir ölkədir.
Əlbəttə, 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi də islam mədəniyyətinin, islam dünyagörüşünün cəmiyyətdə daha geniş səviyyədə təbliğatına təkan verəcək.
Azərbaycan tarixən islama dayanıqlı olan şairlər, elm xadimləri, filosoflar, mütəfəkkirlər, sənətkarlar yetişdirib. Bundan başqa, Azərbaycan müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi ilə seçilib. Bu, Azərbaycanı mədəniyyətlərin, sivilizasiyaların, sənətlərin və çoxmilli ədəbiyyat ənənələrinin birləşmə nöqtəsinə, sözün həqiqi mənasında, yanaşı yaşama və mədəniyyətlərarası dialoq mərkəzinə çevirib.
Azərbaycan zəngin mədəniyyəti, mənəvi dəyərləri, şanlı tarixi olan müstəqil dövlətdir. Dövlətimiz islam dəyərlərinə hər zaman yüksək əhəmiyyət verir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.