"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın 150 metrlik hissəsinin dənizə uçması nəticəsində itkin düşən 10 neftçidən 9-nun axtarışları davam edir.
Baki-xeber.com-un sorğusuna cavab olaraq, hadisə ilə bağlı yaradılan operativ qərargahdan belə deyilib.
Xatırladaq ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Hələlik onlardan yalnız birinin meyiti tapılaraq ailəsinə verilib.