Böyük tarixi inkişaf yolu keçən Azərbaycan cəmiyyəti tolerantlıq ənənələrinə hər zaman sadiq olub. Azərbaycanda multikulturalizm və azərbaycançılıq eyni müstəvidə təqdim edilir.
AzTU-nun İctimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Əyyub Kərimov Prezident İlham Əliyevin ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini nəzərə alaraq, 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ilə bağlı Sərəncam imzalamasının əhəmiyyətini vurğulayır.
Alim yazır ki, bəşəriyyət adlı qlobal məkanda XX əsrin sonlarından başlayaraq dövrümüzdə də davam edən, öz sürətliliyi, keşməkeşliyi və mürəkkəbliyi baxımından nəinki insanları, zamanın özünü də heyrətdə qoyan proseslər baş verməkdədir: "Bütün bunlar geoiqtisadi, geosiyasi maraqların öncüllüyü ardınca gedən milli, dini, şəxsi maraqların toqquşmasından qaynaqlanır. Belə bir zamanda dövlətçilik ənənələri olan, ətrafında müxtəlif xalqları, etnik qrupları, dinləri və müxtəlif dini qurumları birləşdirən hər bir millətin milli ideologiyaya, milli məfkurəyə böyük ehtiyacı var. Cəmi 23 ay yaşamış Xalq Cumhuriyyətimiz türkçülüyü, islamçılığı və müasirliyi əsas istiqamət kimi müəyyən etmişdi. Sonrakı yetmiş il ərzində sovet rejimi müstəqillik anlamını hətta təfəkkürlərdən belə silməyə çalışsa da, ötən əsrin 90-cı illərinin xalq hərəkatı göstərdi ki, xalqın azadlıq ruhu daha böyük enerji ilə püskürmək üçün münasib məqam gözləmişdir. Yenidən dövlət müstəqilliyimizin əldə edilməsi də məhz bu ruhdan qaynaqlanan iradənin ortaya qoyulmasının nəticəsi idi. Müstəqilliyimizin əbədi olması, taleyin bizə qismət etdiyi coğrafi məkan, strateji mövqe isə ərazimizdə yaşayanların hamısı üçün qəbul oluna biləcək mənəvi-siyasi yönümün müəyyənləşdirilməsini zəruri etdi. Bu taleyüklü missiyanı yerinə yetirən isə ümummilli lider Heydər Əliyev oldu. Ulu öndər milli ideologiyanın komponentlərini özündə sintez edən azərbaycançılıq məfkurəsini irəli sürdü. Bu xətt bir tərəfdən Azərbaycanda vahid milli-dövlətçilik hissiyyatının formalaşmasını, milli-mənəvi dəyərləri, etnik-milli yetkinləşmə və bütövləşməni özündə əks etdirirsə, digər tərəfdən, milli kimliyindən, dini mənsubiyyətindən və dilindən asılı olmayaraq, ölkəmizin hər bir vətəndaşının hüquq və azadlıqlarının təmin olunmasını, onların öz mənəvi-mədəni dəyərlərini qoruyub saxlaması və inkişaf etdirməsi üçün lazımi şəraitin yaradılmasını nəzərdə tutur.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin məcmusunu, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün, harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur".
Torpağımız ta qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Azərbaycan dövlətinə, dövlətçiliyinə, ərazi bütövlüyünə və tarixinə onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlir. Azərbaycanın və azərbaycançılığın əzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən də azərbaycançılığın ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq hissi keçirənlər də həmişə olmuşdur.
Yalnız ərazimizdə yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara ünvanlanmaqla kifayətlənməyib, coğrafi sərhəd və məkanların ayırdığı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə də məhz azərbaycançılıq ideologiyasıdır".
Ə.Kərimovun qeyd etdiyinə görə, qloballaşmanın müasir mərhələsində yuxarıda qeyd etdiklərimizin məntiqi kimi, azərbaycançılıq məfkurəsi ölkəmizdə tarixən bərqərar olmuş multikulturalizmi nəinki inkar etmir, əksinə, onu öz daxili məzmununun, bu məzmunun elementlərinin tərkib hissəsi kimi götürür. O yazır ki, bu baxımdan Azərbaycan multikulturalizmi azərbaycançılıq məfkurəsinin təməl daşları olan dövlətçilik, milli-mənəvi dəyərlər, müasirlik və milli mentalitetimizə hopmuş tərkib hissəsi kimi dünyada baş verən assimilyasiya, izolyasiya (təcridolma), aparteid, milli və dini ayrıseçkiliyə alternativ olaraq təqdim oluna bilər.
Multikulturalizm cəmiyyətin tarixi inkişafının məhsulu olduğu, cəmiyyətdə baş verən proseslərdən qaynaqlandığı üçün öz mahiyyətinə görə ictimai hadisədir: "İctimai hadisə kimi formalaşan multikulturalizm həyatın digər sahələrinə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, ictimai şüurun müxtəlif formalarına və s.) öz təsirini göstərir, onlarla qarşılıqlı münasibətdə olur.
Multikulturalizmin fəlsəfi əsası, irqindən, cinsindən və dinindən asılı olmayaraq, bütün insanların mənşəyinin həm mövcud təbii-elmi, həm də dini nəzəriyyələrdə eyni kökdən olmasındadır. Bu isə "bəşəriyyət doğma bir ailədir" məntiqi nəticəsini verir. Deməli, milli, dini, irqi, etnik və s. ayrıseçkiliklər, ikili standartlar yalnız müxtəlif maraqlardan, o cümlədən siyasi maraqlardan qaynaqlanır.
Möhtərəm Prezidentin IV Bakı Beynəlxalq Humanitar Forumunda vurğuladığı aşağıdakı dərin strateji məna yüklü fikirlər qeyd etdiklərimizi tam təsdiq edir: "Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizmin alternativi yalnız ayrıseçkilik, irqçilik, ksenofobiya, islamofobiya və antisemitizm ola bilər".
Hazırda respublikamızda 80-dən çox azsaylı xalq yaşayır. Bu azsaylı xalqlar qafqazdilli, irandilli, türkdilli, slavyandilli qruplara aid olub, ölkə əhalisinin etno-konfessional tərkibinə daxildir. Onların sırasında udiləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talışları, rusları, ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq torpaqlarımızda məskunlaşmışlar. İslama qədərki dövrdə Azərbaycanda konfessional durum özünün rəngarəngliyi ilə seçilmiş, ölkənin cənub torpaqlarında əhali əsasən zərdüştlüyə və xristianlığın nestorian məzhəbinə sitayiş etsələr də, Qafqaz Albaniyasında əhalinin az bir hissəsi politeist dinlərə, böyük əksəriyyəti isə xristianlığın diofizit və monofizit məzhəblərinə etiqad etmişlər...".
Alim bildirir ki, Azərbaycan Xalq Cumhuriyyəti yarandığı ilk gündən - 1918-ci il mayın 28-də "İstiqlaliyyət haqqında akt" qəbul edərək ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi verdi. Onun yazdığına görə, bu bərabərlik yalnız sözdə deyil, dövlətin qanunverici orqanı kimi formalaşdırılan parlamentdə də öz praktiki ifadəsini tapdı. "70 illik sovet dönəmindən sonra müstəqilliyini bərpa edən xalqımızın multikultural dəyərləri azərbaycançılığın əsas sütunu olan dövlətçiliyimizin və onun tərkib hissəsi kimi götürdüyümüz dövlətçilik ideologiyasının, psixologiyasının və ənənələrinin nəinki mənəvi-nəzəri tərəflərinə hopmuş, həmçinin əməli fəaliyyətinin əsas qayəsinə çevrilmişdir.
Polietnik əhaliyə malik olan Azərbaycan Respublikası azsaylı xalqların hüquq və azadlıqlarının qorunmasını müstəqilliyimizin ilk illərindən dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi götürmüşdür. Qanunvericiliyimizdə azsaylı xalqların mədəni inkişafı, onların hüquqlarının qorunması əsas vəzifə kimi irəli sürülmüşdür. Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin hüquqi bazası dövlətin ali qanununa - Konstitusiyaya əsaslanır. Demokratiya prinsiplərini əsas götürən ali qanun Azərbaycan Respublikasının bütün vətəndaşlarına qanun və məhkəmə qarşısında bərabərlik hüququ verir. Konstitusiyanın 25-ci maddəsinin 3-cü bəndində deyilir: "...İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyə, əqidəyə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".
Azərbaycan Respublikasının Konstitusiyası ölkə əhalisinin tərkib hissəsi olan azsaylı xalqların milli mənsubiyyət hüququnun qorunmasını əsas götürərək ikinci bölmənin 44-cü maddəsində göstərir: "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz". Dövlətimiz 1995-ci il fevralın 1-də Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında çərçivə konvensiyası"nı imzalamış və 16 iyun 2000-ci ildə ratifikasiya etmişdir. Konvensiyanın 4-cü maddəsində göstərilir ki, Avropa Şurasının üzvü olan bütün dövlətlər "milli azlığa mənsub olan hər bir şəxsin qanun qarşısında bərabər müdafiə olunmaq hüququna zəmanət verirlər. Bununla əlaqədar olaraq, milli azlığa mənsubluğa əsaslanan hər cür ayrıseçkilik qadağan olunur."
Xalqımızın tarixən formalaşmış multikultural ənənələrini inkişaf etdirən Azərbaycan Respublikası ölkənin azsaylı xalqlarının mədəniyyətini, dilini, adət-ənənələrini qoruyub saxlamağa yardımçı olmaqla bərabər, onlara etnik mənşə və konfessional fərqlərindən, dilindən, dinindən, sayından asılı olmayaraq, tolerantlıq ənənələrini əsas götürərək öz potensiallarını reallaşdırmaq üçün tam şərait yaratmışdır.
Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edir".
Alim vurğulayır ki, hazırda respublikamızda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir ki, onların sırasında "Birlik" cəmiyyəti, Ukrayna cəmiyyəti, Alman-Azərbaycan cəmiyyəti, Azərbaycan-slavyan mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-İsrail cəmiyyəti, "Ronai" kürd mədəniyyət mərkəzi, "Samur" ləzgi milli mərkəzi, Ahıska türklərinin "Vətən" cəmiyyəti, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, "Kapelhaus" alman mədəniyyət icması, "Polonia" polyak mədəniyyət mərkəzi və başqaları fəaliyyət göstərir. İslam dinini, pravoslavlığı və iudaizmi özündə birləşdirən "Üç qardaş" təşkilatının respublikamızda fəaliyyət göstərməsi multikultural mədəniyyətin daşıyıcısı olan dövlətimizin tolerantlıq ənənələrinə hörmətlə yanaşmasının bariz nümunəsidir".
Tədqiqatçı yazır ki, Azərbaycanda artıq həyat tərzinə çevrilmiş multikulturalizmin dünyaya çatdırılması istiqamətində görülən işlər Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü fəaliyyət nəticəsində daha böyük vüsət almışdır. Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə bütövlükdə islam mədəniyyətinin paytaxtı elan olunub. Onun yazdığına görə, Şərqlə Qərbi birləşdirən İpək yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, şəhərimiz "Şərq-Qərb" mövzusunda kinofestivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar üçün də mədəni-mənəvi məbədə çevrilib: "Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlar, həyata keçirdiyi siyasət, öz növbəsində, ölkəmizin beynəlxalq nüfuzunun artması, qlobal əhəmiyyətli tədbirlərin, ümumbəşəri humanitar məsələlərin müzakirə və həll olunduğu müqəddəs bir məkana çevrilməsi dünya ictimaiyyəti tərəfindən artıq qəbul olunmaqdadır. Dörd ildir ölkəmizdə keçirilən Bakı beynəlxalq humanitar forumları Azərbaycanın mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilməsini təsdiqləyən faktlardandır".
Azərbaycan multikulturalizm məkanı kimi başqa dövlətlərə böyük bir nümunədir. Bu nümunə hələ yüz illər boyu davam edəcək.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.