Seyid Camal Əzimbəyli: "Bu məsələdə gerçək mənəviyyat adamları olan dindarların hamısı dövlətin yanında olmalıdır"
Azərbaycan Prezidenti İlham Əliyev "Dini etiqad azadlığı haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" 2016-cı il 28 oktyabr tarixli Qanunun tətbiqi haqqında Sərəncam imzalayıb.
Dəyişikliklərdə dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların qadağan edildiyi qeyd edilib.
Bu yenilik ölkəmizdə dini ekstremist fəaliyyətin qarşısını almaqda nə kimi rol oynayacaq?
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında bildirdi ki, qüvvəyə minən yeni qanunvericilik aktını təqdir edir: "Mən dəfələrlə bu problem barədə fikirlərimi bildirmişəm. Sizə də dərin təşəkkürümü bildirirəm ki, belə ciddi mövzunu daim gündəmdə saxlayırsınız. Təəssüflər olsun ki, bəzi insanlar Azərbaycanda yaradılan tolerant mühitdən sui-istifadə edərək dini öz məqsədlərinə tabe etdirmək istəyir. Xüsusilə də gənclərimiz arasında bu yöndə geniş təbliğat aparılıb. Belə milli və dini dönüklərlə dövlət səviyyəsində lazımi şəkildə mübarizə aparılır. Ancaq hesab edirəm ki, bundan sonra qanunvercilik bazası daha da sərtləşdi. Bu bizə daha səmərəli və nəticəyə yönələn mübarizə üçün əsas vermiş olacaq. Dindən öz məqsədləri üçün istifadə etmək istəyən güc mərkəzlərinin qol-budaq atmasına imkan verilməyəcək. Bu məsələdə gerçək mənəviyyat adamları olan dindarların hamısı dövlətin yanında olmalıdır".
Məhəmmədəli QƏRİBLİ