Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımlar atılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
M.Quliyev qeyd edib ki, digər dövlətlərin Azərbaycana qarşı təhdidləri, maraqları var: "Yaxın Şərqdə gedən proseslərin təhdidləri var. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hüquq-mühafizə orqanları qətiyyətlə bu məsələləri həll edirlər".
DTX tərəfindən bölgələrdə keçirilən əməliyyatlara toxunan M.Quliyev bildirib: “Qısa zamanda cinayətkarların, casusların məhv edilməsi üzrə əməliyyatlar keçirilib. Əməkdaşlarımız onları saxlayan zaman silahlı müqavimətlə rastlaşdılar, lakin bunun qarşısını qətiyyətlə aldılar. Ümumiyyətlə, Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə tək işləmirlər, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə çalışırıq, məlumat mübadiləsi edirik".
General-leytenant vurğulayıb ki, Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımlar atılır.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı başlanmış cinayət işi ilə əlaqədar son 1 ildə 500 nəfərdən artıq əməkdaş Dövlət Təhlükəsizliyi Xidmətində xidmətdən xaric olunub. Bunu da M.Quliyev deyib.
Onun sözlərinə görə, cinayət işi ilə bağlı 20-dən artıq şəxs saxlanılıb: "Bu da təbii prosesdir. Bu, xidmətdə təmizləmə prosesləridir".
Mədət Quliyev deyib ki, "qara valyuta bazarı" ilə bağlı araşdırma aparılır. M.Quliyev qeyd edib ki, bununla əlaqədar hazırda araşdırma aparılır, şübhəli şəxslər var.
General-leytenant əlavə edib ki, bu istiqamətdə qətiyyətli addımlar atılır və atılacaq.