Azərbaycanda kommunal xidmət göstərən dövlət qurumlarının özəlləşdirilməsi təklif edilir. Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bu müəssisələrin özəlləşdirilməsi dövlət büdcəsinin yükünü xeyli azaltmış olar: “İndi dövlət büdcəsindən həmin qurumlara vəsait ayrılır. Ancaq həmin müəssisələr özəlləşdirilsə, nəinki onlara pul ayrılmayacaq, hətta onlar özləri dövlət büdcəsinə gəlir verəcək”.
Fəzail Ağamalı isə rayonların ləğv edilməsini təklif edib. F.Ağamalı rayonların ləğv edilərək quberniya idarəçilik sisteminə keçilməsini təklif edir. Onun fikrincə bu idarəçilik sistemi daha çevik və səmərəlidir.
Deputat Qənirə Paşayeva isə orta məktəb müəllimlərinin güzəştli ipoteka kateqoriyasına daxil edilməsini təklif edib. Q.Paşayeva bildirib ki, orta məktəb müəllimlərininin əmək haqları ipotekadan yararlanmağa imkan vermir: “Müəllimlər də həmin güzəştli kateqoriyaya daxil edilsələr, onların da ipotekadan yararlanmaq imkanı olacaq. Bu, müəllimlərimizə çox böyük dəstək olar. Savadlı nəsillərin yetişməsi üçün müəllimlərin böyük rolu var. Onlar da ipoteka almaq üçün güzəştli kateqoriyaya daxil edilsin”.