RF və Çin BMT TŞ-nin Suriyanın Hələb şəhərində hərbi fəaliyyətə son qoyulmasını tələb edən qətnaməsini bloklayıb.
Baki-xeber.com TASS-a istinadən xəbər verir ki, 11 ölkənin dəstək verdiyi sənədi Rusiya, Çin və Venesuela qəbul etməyib, Anqola isə bitərəf qalıb. İspaniyanın BMT-dəki nümayəndəsi və cari ayda quruma sədrlik edən Roman Marçezi deyib ki, iki daimi üzv ölkə lehinə səs vermədiyi üçün sənəd qəbul oluna bilməz.
Xatırladaq ki, Misir, İspaniya və Yeni Zelandiya tərəfindən hazırlanan qətnamə layihəsi ilkin dövrdə Hələbdə 7 günlük atəşkəsi nəzərdə tutur. Sənəd müəlliflərinin fikrincə, 7 günlük pauza şəhərə humanitar yükün təhlükəsiz çatdırılmasını təmin etməklə yanaşı, həm də Suriya münaqişəsinin siyasi həllinin tapılması üçün danışıqların yenilənməsinə şərait yaradar. Lakin Rusiyanın BMT TŞ-dakı daimi nümayəndəsi Vitali Çurkin qətnamənin səsverməyə çıxarılmasına etiraz edib, bildirib ki, sənədin açıqlandıqdan cəmi bir neçə saat öncə səsverməyə çıxarılması Şuranın iş prinsipinə ziddir və qayda pozuntusudur. Onun sözlərinə görə, sənəd yalnız açıqlandığı günün ertəsi səhəri səsverməyə çıxarıla bilərdi. Çurkinin fikrincə, bu imkan verərdi ki, TŞ üzvləri bir sıra yeni nüansları nəzərə alıb qətnamə üzrə konsensusa gəlsinlər.
Rusiyalı diplomat deyib ki, sözügedən qətnamədə söhbət təcili atəşkəsdən və qoşunların şəhərdən çıxarılmasından gedir, lakin təcrübə göstərir ki, belə “nəfəsliklər” yalnız silahlı qruplaşmalara gücünü artırmağa imkan yaradır.