Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçu məhv edilib.
DTX-nin İctimai əlaqələr şöbəsindən “Trend”-ə verilən məlumata görə, 1978-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlunun cari ilin əvvəlində azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsi, habelə Azərbaycan Respublikasının ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırdığına əsaslı şübhələr müəyyən edilib.
Baki-xeber.com-un məlumatına görə, bununla əlaqədar 2016-cı il dekabrın 3-də "Binə" Ticarət Mərkəzində Emin Caminin saxlanması üzrə əməliyyat keçirilib. Lakin bu zaman sonuncu müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa cəhd etdiyindən, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.